Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:49

Piter Semnebi: «Azərbaycanın demokratikləşməsi açar məsələdir»


Piter Semnebi
Piter Semnebi
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıda səfərdədir. O, AzadlıqRadiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

«MƏN ÇOX ŞADAM...»

- Cənab Semnebi, yaxşı xəbərdən başlayaq. Bloqçular Adnan Hacızadə ilə Emin Milli artıq azadlıqdadırlar. Bu qərarın Azərbaycadakı son parlament seçkiləriylə əlaqəsi varmı?

- Mən səbəblərlə bağlı spekulyasiya etmək istəmirəm, sadəcə konstatasiya edirəm ki, bloqçular azadlıqdadırlar. Mən çox şadam və Azərbaycanın avropalı tərəfdaşları da məmnundurlar ki, hüquqi proses sonunda nəticə verdi, Adnanın və Eminin vaxtından əvvəl azadlığa buraxılmasına imkan verdi. Bu, yaxşıdır. Amma bununla belə, bu hadisə göstərir ki, bəzi məsələlər həll olunmamış qalır və onlarla məşğul olmaq lazımdır. Buna hüquqi islahatlar, kütləvi informasiya vasitələrinin azadlığı və başqa məsələlər aiddir. Bloqçular niyə məhz indi buraxıldılar? Yəqin ki, hər iki bloqçu cəzalarının yarısını çəkiblər. Bu da belə bir hüquqi qərar verməyə imkan yaratdı.

- Azərbaycanda belə fikir var ki, hakimiyyət son parlament seçkilərindən sonra Qərbdən və beynəlxalq qurumlardan gələn tənqidləri yumşaltmaq üçün bloqçuları azadlığa buraxıb. Bu ehtimala nə qədər haqq verirsiz?

- Mən bilmirəm. Bu cür nəticələr də çıxartmaq istəmirəm. Parlament seçkiləri bir şeydir, bloqçular ayrı məsələdir.

«AVROPA MƏHKƏMƏSİ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI MƏSƏLƏYƏ YENİDƏN BAXACAQ»

- Bir neçə ildir həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı belə bir qərar gözləyirsizmi?

- Bu, gündəlikdə duran məsələdir. Avropanın da, Azərbaycanın avropalı, beynəlxalq tərəfdaşlarının da diqqət mərkəzindədir. Bu az əhəmiyyətli məsələ deyil. Amma nə baş verəcək, bunu deyə bilmərəm.

- Avropa İnsan Haqları Məhkəməsinin qərarına görə, jurnalist dərhal azadlığa buraxılmalıydı, amma Ali Məhkəmənin qərarı ilə onun həbs müddəti bir az da artırıldı. Buna münasibətinizi öyrənərdik.


- Bir yandan baxanda o da əhəmiyyətlidir ki, Avropa İnsan Haqları Məhkəməsi yetərincə operativ şəkildə bu işlə məşğul oldu və qərar verdi. Azərbaycan məhkəmələri bu qərarı formal da olsa yerinə yetirib. Amma bununla belə, başqa ittihamlar da vardı ki, bu məsələni yetərincə mürəkkəbləşdirir. Mən düşünürəm ki, bu məsələ hələ Avropa Məhkəməsində müzakirə olunacaq. O cümlədən Eynulla Fətullayevlə bağlı kompleks məsələ müzakirə ediləcək. Yəni, həm ilkin ittihamlar, həm sonra baş verənlər.

«BU, RİSKDİR»

- Azərbaycanda parlament seçkiləri keçirildi. Onun nəticələri haqda nə deyərdiz?

- Hələ qəti nəticə çıxartmaq üçün tezdir. Biz ATƏT-in Müşahidəçilər Missiyasının yekun hesabatını gözləyirik. Ancaq indilik onu demək olar ki, bütün imkanlardan yararlanmadı. Hətta seçkilərin keçirilməsi şəraitinin yaxşılaşdırılması ilə bağlı gözləntilər də özünü doğrultmadı. Odur ki, yetərincə çoxsaylı həll olunmamış məsələlər qalır. Bu namizədlərin qeydə alınmasıdır, seçkilərin keçirilməsidir, seçkilər günüdür və sairə...Bu məsələləri yetərincə ciddi qəbul etmək lazımdır. İndi növbəti seçkilərə kifayət qədər çox vaxt qalır. Bir yandan bu yaxşıdır. Bu vaxt və imkan verir ki, sistemdə islahatlar aparılsın. O biri yandansa bu riskdir. Növbəti seçkilərə qədər yerinə yetirilməsi gözlənən tövsiyələr bu gün elə də aktual və kəskin görünmür. Amma altını cızaraq qeyd etməliyəm ki, beynəlxalq müşahidəçilərin həm ötən, həm də indiki seçkilərdən sonra verdikləri tövsiyələr ciddi tövsiyələrdir. Hökumət də onlara ciddi yanaşmalıdır. Biz öz tərəfimizdən gələcəkdə bu məsələyə, siyasi islahatlara böyük diqqət göstərəcəyik. Azərbaycan Avropa Birliyinin vacib tərəfdaşıdır. Buna görə də Azərbaycanın demokratikləşməsi açar məsələdir. Bu, bizim əlaqələrimizin keyfiyyətini müəyyənləşdirəcək.

- Cənab Semnebi, siz bu tövsiyələrin yerinə yetiriləcəyinə inanırsızmı? Müşahidəçilərin qənaətincə, Azərbaycan hakimiyyəti beynəlxalq qurumların, Qərbin tənqidlərinə demək olar ki, əhəmiyyət vermir.

- Düşünürəm ki, təkcə tənqid etmək lazım deyil. Həm də konstruktiv şəkildə işləmək lazımdır, istər Azərbaycan hakimiyyəti, istərsə başqa siyasi qüvvələrlə. Siyasi sistemi, demokratik təsisatları yaxşılaşdırmaq və möhkəmləndirmək üçün konstruktivlik lazımdır.

BAŞQA CÜR NEYLƏMƏK OLAR?

- Sizcə, bu siyasət bəhrə verirmi? Necə fikirləşirsiz?


- (Pauza) Mən başqa imkanlar bilmirəm. Məncə, ən vacib məsələlər, çatışmazlıqları dəqiqləşdirmək lazımdır. Və bundan sonra müəyyənləşdirməliyik ki, necə konstruktiv işləmək olar. Həm Avropa Birliyi, həm Azərbaycanın başqa tərəfdaşları neyləyə bilər, islahatları irəli aparmaq üçün, hansı addımlar atılmalıdır?

- Bağışlayın, cənab Semnebi, mən deyəsən, sualıma dəqiq cavab almadım. Məsələn, ötən seçkilərdən sonra ənənəvi müxalifəti parlamentdə beş nəfər təmsil edirdisə, bu dəfə bircə nəfər də yoxdur. Bütün bunlardan sonra Sizin dediyiniz kimi konstruktiv əməkdaşlığın səmərə verdiyini söyləmək olarmı?

- Amma mən... Başqa cür neyləmək olar? Davam etmək lazımdır. İşləməyə davam. Düzdür, xəyal qırıqlığı, məyusluq da olur. Amma bu irəli getməmək üçün əsas olmamalıdır.

«ENERJİ MARAQLARI OLMASAYDI, ƏLAQƏLƏRİMİZ İNTENSİV OLMAZDI...»

- On ildən artıq yaşı olan bir fikrə münasibətinizi öyrənmək maraqlı olardı. Belə deyilir ki, Qərb enerji maraqlarına görə, Azərbaycanda müxalifətin, mətbuatın, qeyri-hökumət təşkilatlarının susdurulmasına göz yumur. Razılaşırsızmı?

- Əlbəttə, enerji maraqları bizim üçün vacibdir. Bakının Avropadakı tərəfdaşlarının belə marağının olması əlbəttə ki, Azərbaycanın xeyrinədir. Bu o deməkdir ki, biz ümumiyyətlə ölkəyə diqqət göstəririk. Enerji maraqları olmasaydı, bizim əlaqələrimiz intensiv olmazdı və bu da pis olardı. Biz əminik ki, uzunmüddətli əlaqələr bir yandan ümumi maraqların inkişafına səbəbdirsə, o biri yandan ümumi dəyərlərin inkişafına təkan verir. Balanslaşdırılmış əlaqələr olmalıdır və paralel şəkildə inkişaf etdirilməlidir. Həm maraqlar, həm də dəyərlər baxımından.

«AZƏRBAYCANLA İRAN ARASINDA BÖYÜK FƏRQ VAR»

- Azərbaycanda bir hal müşahidə olunmaqdadır, vaxtilə Qərb dəyərlərinə önəm verən müxalifətçilər və ya adi vətəndaşlar son prezident və parlament seçkilərindən sonra radikal islama meyllənirlər. Bu haqda məlumatınız varmı və bunu təhlükəli sayırsızmı?

- Mən əminəm ki, Azərbaycanın gələcəyi Qərblə daha sıx əlaqələrin qurulmasında, bu əlaqələrin inkişafındadır. Amma unutmadan ki, Qərblə Şərq arasında körpü olan Azərbaycan üçün Avropa ilə əlaqələr həqiqətən də vacibdir. Cəmiyyətdə elə təbəqə, elə gənclər var ki, Qərblə əlaqələrin qurulmasından məyusdurlar. Ola bilər. Bəlkə də hər iki tərəfdən daha çox cəhdlər etmək lazımdır. Həm Avropa Azərbaycanla əməkdaşlığa açıq olmalıdır, həm də Azərbaycan hakimiyyəti vacib islahatlara açıq olmalıdır.

- Bu haqda niyə danışdım. Son seçkilərdən sonra deputatlığa namizədlərdən biri Azərbaycanda İran inqilabının baş verəcəyini ehtimal edirdi.


- Mən başqalarının proqnozlarını və rəylərini şərh etməyəcəm. Azərbaycanın tez-tez qonağı olan və İranı görmüş biri kimi deyə bilərəm ki, bu iki ölkə arasında böyük fərq var. Azərbaycan iki yüz ildir ki, əsasən şimalla və Qərblə əlaqə qurub. Bu da cəmiyyəti kənardan izləyəndə, eləcə də ünsiyyətdə açıqca görünür. Bu, vacib faktordur. Mən əminəm ki, Azərbaycanın gələcəyi məhz Avropa Birliyi və Qərblə sıx əlaqələrdən keçir. Ancaq bu da var ki, Azərbaycan mürəkkəb regionda yerləşir. Ölkənin gələcəyinə gəlincə, şübhəm yoxdur ki, Azərbaycan bizim üçün daha önəmli bir tərəfdaş olacaq.

«ELƏ PRİNSİPLƏR VAR Kİ, ONLARA ƏMƏL ETMƏK LAZIMDIR»

- Siz dediz ki, Azərbaycan mürəkkəb bölgədə yerləşir. Hakimiyyət də bəzən bunu əsas götürərək Azərbaycansayağı demokratiyadan danışır. Sizcə, Azərbaycansayağı və ya gürcüsayağı demokratiya olurmu? Yoxsa demokratiya elə fundamental dəyərdir ki, onu milliləşdirmək olmaz?

- Həm o, həm bu. Elə ümumi prinsiplər var ki, onlara əməl etmək lazımdır. Amma hər ölkənin özünəməxsusluğu da var. Bura mentalitet də, tarix də aiddir. Hər ölkə öz siyasi sistemini, siyasi mədəniyyətini ümumi demokratik təməllər üzərində inkişaf etdirməlidir.

- Azərbaycan hakimiyyəti elə bundan yararlanır. Məsələn, diffamasiya haqda qanundan danışılanda mentaliteti önə çəkirlər.

- Yaddan çıxarmaq olmaz ki, Azərbaycan gənc dövlətdir. Hələ təsisatların yaradılmasının və islahatların erkən dövrünü yaşayır. Məsələlərə diqqətlə yanaşmaq lazımdır.

- Avropa Birliyi rəsmisi kimi yox, kənardan biri kimi, bir əcnəbi kimi Azərbaycanla bağlı müşahidələriniz nədir?

- Bu, geniş sualdır. Mən burda çox qeyri-adi, fövqəladə istedadlı insanlarla görüşürəm. Bu o deməkdir ki, ölkəni inkişaf etdirmək üçün Azərbaycan cəmiyyətinin böyük potensialı var.
XS
SM
MD
LG