Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:22

Eynulla Fətullayev buraxılmadı


Jurnalist Eynulla Fətullayev məhkəmədə
Jurnalist Eynulla Fətullayev məhkəmədə
Noyabrın 22-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayevin Qaradağ Rayon Məhkəməsinin hökmündən şikayəti üzrə proses keçirilib.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfin Eynulla Fətullayevin azadlığa buraxılması istənilən iki vəsatətin heç biri təmin olunmayıb. Bunlardan biri məhbus jurnalistin 11 min manat girov müqabilində azadlığa buraxılması, digəri isə ev dustaqlığı barəsində vəsatət olub.

Hakim noyabrın 5-də Eynulla Fətullayev barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqqında qərardan müdafiə tərəfin Ali Məhkəməyə bir ay ərzində şikayət verməyə hüququ olduğunu xatırladıb. Mirpaşa Hüseynov deyib ki, Ali Məhkəmə həmin şikayətə baxandan sonra növbəti proses günü elan olunacaq. Beləliklə, proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Ötən ilin dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin üzərindən narkotik maddə tapılıb. Buna görə, o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib. 2007-ci ildə isə Eynulla Fətullayev terrorla hədələmə, irqi ayrı-seçkilik salma və vergidən yayınma ittihamları ilə üst-üstə 8 il yarım həbs cəzası alıb.

Bu ilin aprelində Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin həbsinin əsassız olduğunu bildirib, Azərbaycan hakimiyyətindən jurnalisti dərhal azadlığa buraxmağı, ona 25.000 avro kompensasiya ödəməyi tələb edib.

Bu il noyabrın 11-də Ali Məhkəmə Avropa Məhkəməsinin qərarına baxıb. Plenum terrorla hədələmə və irqi ayrı-seçkilik salmaqla bağlı jurnalistə verilmiş cəzalara xitam verilməsinə dair qərar çıxarıb. Ancaq vergi ittihamı ilə bağlı jurnalistin 2 il 3 ay 15 gün müddətinə təkrar azadlıqdan məhrum edilməsi barədə qərar verilib.

Plenuma rəhbərlik edən Ali Məhkəminin sədri Ramiz Rzayev qərarı elan edərkən deyib ki, E.Fətullayevin 2007-ci ilin aprelindən cəza çəkdiyi nəzərə alınaraq onun barəsində çıxarılan 2 il 3 ay 15 gün cəzası çəkilmiş hesab edilir və o azad edilir.

Amma bu qərarın narkotik ittihamı ilə bağlı məsələyə aidiyyatı olmadığını deyib.

Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin dərhal azadlığa buraxılmasını tələb ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG