Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:28
Saatına baxdı, artıq beş saata yaxın olardı ki, dəniz kənarında dolaşırdı.

Günlərlə davam edən beyinovucu uzun-uzun əndişələr məngənəsindən doğan, intihardan başqa etirazın daha münasib və effektli üsulu ola bilməyəcəyi fikri hələ də beynində dolaşırdı.

Həm də, o şeylə bunu özünə haqq qazandırırdı ki,o,intiharı çıxış yolu kimi yox, həyatda pislik olan hər şeylə mübarizə aparıb, yaşamaq üçün bir vasitə hesab edir.

İndi hər hərəkətində olduğu kimi,ölümdən sonra da insanların bunu acizlik və dözümsüzlükdən yana bir addım olduğunu hesab edib,ona yazığı gəlməmələri üçün hər şey etməyə hazır idi.

Yoxsa,bundan başqa, bu vaxta qədər onu bu işdən alı qoyan bir şey yox idi.

Belə bir yəqinliyi bütün fikrinə hakim edə bilmişdisə də,hər dəfə bunu həyata keçirmək yollarını düşünməyə gəldikdə içində qorxaq bir tərəddüd baş qaldırırdı.

Etirazını intihar kimi cəsarətli addım atmaqla nümayiş etdirməkdə qərarlı olub, bunu icra etməkdə qorxaqcasına acizlik etmək onu öz-özündən xoflandırıdı.

Yalanını belə təsəvvür edə bilməyəcəyi bir həqiqəti eşitmiş bir adam kimi, baxışları donuq halda bir nöqtəyə zillənib durmuşdu.

Neft qarışıq çirkab iyi verən dənizə tamaşa edə-edə, aldığı qəti və arxayın qərara cəsarət edə bilməməkdən həm heyrətlənir, həm də hürkürdü.

Düşünürdü, bəs ona edilmiş haqsızlığı geri almaq üçün hər şeyə, son olaraq özölüm vasitəsinə də əl ata biləcəyi iddiası hara yox oldu?

Bəlkə,ölməmək üçün hər cür yaşamağa, hər işgəncə və hər rəzalətə hazır olan insanlardandı o da?

İllərdi özü haqqında formalaşdırdığı sınmamazlıq fikiri, yalnız hələ intiharın düşüncəsində əriyib yox olması onu dəli olmaq dərəcəsinə çatdırırdı.

Bəlkə, bədxahları bunu bildikləri üçün də ona aşıq-aşkar zülm və haqsızlıq edirlər...

İndi hər şey, hətta özü belə ona ilk dəfə gördüyü kimi, qəribə və nabələd gəlirdi.

Bayaq qanında olan coşqunluğun sürətlə necə yox olduğunu damarlarında hiss edən kimi idi.

Üzlərinə hər cür mimika hopmuş adamlar sağından-solundan ötüşüb keçirdilər.Bəzilərinin üzündə mənasız və axmaq gülüş çizgiləri, bəzilərinin də yersiz ciddiyyət simaları onu iliyinə qədər qıcığlandırırdı.

Əksinə, əgər bu dəqiqə ona baxacaq biri olsaydı, onun çöhrəsinin hansı ifadə aldığını heç cür kəsdirə bilməzdi.

Üz əzələləri sanki təəccüb,qəzəb,nifrət və səfehlik kimi duyğu cizgiləri arasında bölüşdürülmüşü.

Üzünü adamlardan çəkib,baxışlarını tamamilə yenidən dəniz sularına zillədi.

Heyrət və qəzəb bütün vücudunu sarmışdı. Öz-özünə sual verirdi ki,axı necə ola bilər, böyük iradə lazım olan özölüm kimi addımı atmaqda qətiyyət göstərəsən, bunu əmələ gətirməkdə qorxaq acizlik etmək?

Hələ heç özölümü etmədən, onun düşüncəsindən diksinmək? Axı,bir alman bəstəkarının intiharın yalnız böyük iradə sahibi olan adamların işi olduğunu deməsini də nə vaxtsa oxumuşdu!

Bəs bir az öncə ölüm hökmü çıxaran iradə hara getdi?

Budumu illərcə təhsil və tərbiyədən aldığım nəticə? Yoxsa,bu, üzü bəri məskanını daralda-daralda gələn əcdadlarımın pıçıltısıdır?!

Durduğu yerə çökdü.

Qəflətən çoxdan etdiyi biabırçı əməlin üstünün açılmasından xəcalətlə gözlərini və üzünü hər şeydən gizlətməyə çalışan adamın jestinə bənzər duruş alıb qalmış kişi,bir müddət belə vəziyyətdə qaldıqdan sonra qalxıb, asta asta addımlarla getməyə ayaq qoydu.

Başqa çıxış yolu olmayan adam kimi,çarəsizlikdən gördüyü hər şeydə verdiyi qərarına bəraət qazandıracaq bir bəhanə axtarırdı.

Hara gəldi gedə-gedə öz zəifliyindən və qəbul etdiyi “yaşamaq üçün ölmək” ideyasından utana-utana, özünü öldürmək qərarında etdiyi qətiyyəti bir az öncə, cəsarətinə tərəddüd etdiyi addımı atmağı, məcburəndə olsa özünü razı sala bilməyi çox arzuladı.

Gəzə-gəzə fikrini dağıtmaq üçün, öz qərarının daha yaxşı harda və hansı üsulla həyata keçirə biləcəyini düşündü bir az.

Əvvəlcə, özünü evdə asmağı düşündü, lakin bunun elə oradaca ötr-basdır edilə biləcəyini qət edərək,bunu camaat arasında icra etməyi münasib bildi.

Onda onun ölümü məqsədinə daha müvafiq olacağını düşündü.

“Belə olan halda, özümdən sonra buraxmaq istədiyim mesajı özümlə birgə qəbirə gömə bilməzlər” – deyə öz təhlilindən razı halda gülümsədi.

İşdən qovulan gündən bu günə qədər şikayət üçün getdiyi yerləri, qarşılaşdığı adamaları,ona edilən təhqir və həqarətləri gözünün önünə gətirdi.

Rektorun onu işdən çıxartmasını haqsızlq bilən müəllim, nazirlik və məhkəməyə şikayət etmişdisə də, onun iddiası rədd edilmişdi.

Rektorun imzaladığı aktda onun işdən qovulmasının ”...fəaliyyəti zamanı dəfələrlə buraxdığı kobud səhvlər...” ittihamını əsassız və intiqamyönlü hesab edərək buna qarşı sona qədər mübarizə aparmağı özünə prinsip qoymuşdu.

Həmişə işin yaxşı bitəcəyi umidinə köklənmiş adamlar sonradan uğursuzluğa düçar olduqda, puça çıxmış umidləri ilə hər şeyə qarşı dərin inamsızlıq girdabına yuvarlanırlar.

Bəziləri isə,başlanğıcda həm uğura ,həm də uğursuzluğa hazır ruhiyyədə olduğundan, nəticədən asılı olmayaraq, soyuqqanlılığı əldən vermirlər.

İstər müvəfəqiyyətdən şadlanaraq ağıl çaşqınlığı olsun,istərsə də uğursuzluğun atdığı uçurum yuvarlanması.

Onu çox incitdilər, dəfələrlə məmurların qapısında düşüb qaldı.

Rədd edildikdə isə ümidi hər yerdən və hər kəsdən üzüldü. Nəhayət, gümanı puça çıxdıqdan sonra,daha özünü ora-bura vurmağın heç bir mənası olmadığı qənaətinə gəlincə, etiraz aksiyasına əl atmağı münasib bilmişdi,həm də son çıxış yolu kimi.

Gəzə-gəzə gəlib Park Bulvarın yanına çıxdı.Yorulduğundan bir qədər oturub dincini almaq istədi.

Yorğunluğu daha çox aramsız və gərgin düşüncələrdən qaynaqlanırdı.

Yanından ötüb keçən adamların çöhrəsi gah xoşbəxt,gah da bədbəxt gəlirdi ona.

Onları gəzmək xatirinə dərdsiz-qəmsiz görkəmdə gəzmələrini görüncə, özünü ölümə daha yaxın və daha hazır hiss edirdi.

Gözündə ölümlə həyat arasında sədd çəkmiş hər hansı bir həyati dəyər qalmamışdı.

Bu da onu çox sevindirirdi.

Cürbəcür məişət qayğılarından tam uzaqlaşaraq,hər bir insan övladını həyata bağlayıb,onu ölümdən səkindirən nəfsani və əsiri asıllıqlardan, bir quşun nöqtə ölçüsü qədər belə dayağa ehtiyacı olmadan,ucsuz-bucaqsız okean suları üzərində özgürcəsinə uçuşması qədər özünü azad və rahat hiss edirdi bu an.

Özünü belə hiss etdikcə,ona edilmiş zülm və haqsızlığa ölümlə etiraz etmə və qisas alma istəyi vücudunun hər bur əzasını sarırdı.

Axı insan bir işə addım atarkən, təkcə beyninin qərarı ilə kifayətlənməməli, vücudunun bütün əzalarını ram edib nəfsinə tabe etməlidir.zatən, öz-özlüyündə insan bədən üzvləri ixtiyaridir,-deyə bir şeylər fikirləşirdi.

Bir iddə adam bütün bədənini toplayıb özünə tabe edir,digər bir iddə adam isə, ayrı-ayrı əzalarının əsiri olub, müticəsinə onların istəyinin aciz quluna çevrilir.

Müəllim, daxilində vaxt ötdükcə atacağı addımın doğru və faydalı ola biləcəyinə olan inamının daha da bərkidiyini müşahidə edirdi.

Müəllimlə yanaşı jurnalist də olduğu üçün,rektorla apardığı “olum ya ölüm” mübarizəsini az-çox mətbuata sızdıra bilmişdi.

Məktəbdən çıxarılmasının sonucunda daha da dərinləşən maddi sıxıntıya rəğmən, o bütün qüvvə və imkanlarını sərf edərək,ona edilmiş ədalətsizlikdən bütün ölkənin xəbərdar olub da rektor və üzləşdiyi məmurları ifşa etmək,onun intihara qədər həyatda saxlayan yeganə amil idi.

Özünü daima pis olan və pis olmayan hər şeyə (normal olmayan şeylərə müxalif olmağı başa düşüb,pis olmayanlarında əksinə olmağının açmasını soruşanlara müəllim: “bundan da yaxşı olmalıdır!” – deyə cavab verərdi) müxalif hesab edən müəllim, məhkəmədə çıxışlarının birində öz iddiasını əsaslandırarkən, “...bu təkcə jurnalist fəaliyyəti ilə məşğul olan bir müəllimə qarşı atılmış addımdan ziyadə, seçkidən-seçkiyə, tədbirdən-tədbirə şərəf və ləyaqətini satmayan az bir qism təşkil edən müəllim toplumuna qarşı həyata keçirilən mənəvi terrorun tərkib hisəsidir. Bununla barışmaq niyyətində deyiləm və buna etiraz edərək bəyan edirəm ki, hətta,ölümümlə olsa belə sona qədər öz haqqımı müdafiə edəcəm!”,--deməsini xatırladı.

Bir ziyalı, jurnalist olmasına baxmayaraq, yaşından və vəzifəsindən asılı olmadan, qarşılaşdığı adamların onu alçaltması; məhkəmədə hakimin,tələbi hüquqi cəhətədən təmin edən sübutlara göz yumub iddianı rədd etməsi;özünə və yaxınlarına açıq-aşkar zülm edilməsi yadına düşdükcə və bütün bunlara qarşı çarəsiz olmasından əzab çəkə-çəkə qovrulması daxilində, bayaq onda baş qaldıran qoruxunun tüstü kimi dağılıb getməsini hiss edirdi.

Həmişə çarəsizlik aşırımının lap kənarında dayanmış adamlar,bəzən elə xilas yoluna əl atırlar ki,bəlkə də, adi vaxtda bu onlar üçün mümkünsüz və dəhşətli bir şey olardı.

Bayaqdan beynində dolaşan qarma-qarışıq fikirləri bir nöqtədə cəmləyi səy etdi.

Sanki edəcəyi işə olan şövqün bir an öncə qaçıb gedəcəymiş kimi ona doğru çırpıntı var idi ürəyində.

İçindən özünə edəcəyi qəsdin ağrılarını çəkib,ondan ləzzət almaq ehtirası gəlirdi bu aralar.Və üstəgəl,baş verəcək olayın qeyri-adi və tükürpədici olmasını keçirtdi ürəyindən...

Görənlərdə ürəkbulanması qarışıq ikrah yaradan Qız qalasınadan başı üstə atılmaq,platformada hamının gözü önündə qatarın altına düşmək, ona saədət gətirməyən Xəzər dənizinin sularında qərq olunmaq,evdə özünü asmaq və digər intihar növləri adi və ənənəvi gəlirdi ona.

Daha çox səs-küy sala biləcək seçim etmək istədi.

Bu seçimin qeyri-ənənəviliyi,özündən sonra cəmiyyətə buraxmaq istədiyi mesajı daha geniş intişar etməli idi.

O,həyatı bahasına başa gələcək etiraz addımının əsl mahiyyətinin,cibində 40 illik insan həyatının epiloqu olacaq bir parça kağızla bərabər torpağa gömüləcəyindən rahatsız idi.

O,ölümündən sonra saxlayacağı notda,ona zülm edənlərdən intiqam almaq ümidlərinin titrəyişini duyurdu qanında.

Lakin bütün bunları ağlından keçirtdikcə, bir şey daraltmağa başlayırdı onu.

Axı, ölümün məramını əks etdirəcək notda bir kimsənin adı onun ölümünə imza olamlıdır?

Kim ola bu?Təbii ki,ilk növbədə alçaq rektorun adını yazmaq lazım gəlir,-deyə düşündü. Amma hər dəfə olduğu kimi,rektorun adını zikr etdikcə, rektorun yox, dost-doğmaca nazir qardaşının siması gəlirdi gözünün önünə.

Hər dəfə rektorla qarşılaşanda, o,rektorun cismində nazirlə üz-üzə dayanırdı.

Bu elə nazirin öz adını yazmaq kimi bir şey olardı...ya bəlkə,elə nazirin öz adını yaza birdəfəlik?

Onsuzda,indi ölkədə nazirlərin həyatı “rus ruleti”-ində fırlanır,-deyə acı-acı gülümsündü.

Bədənində taqətin get-gedə azaldığını hiss edirdi.

Mancanağın nefti torpağın bağrından dartıb sovurduğu kimi beynindən nəyinsə qazlıdığını duyurdu.

Onsuzda manacanaq torpağın damarlardan neft yox,mənim kimilərin qanını sorub tökür torpağın üstünə,-deyə qeyri-ixtiyari qarışıq fikirlər gəlib keçirdi ağlından.

”Ah,bu bu ləhnətə gəlmiş mancanaqların açdığı sağalmaz yaraları saran olacaqmı?”—deyə düşünərək oturduğu skamyaya yaynıxdı.

İki qardaşın adını qeyd etməyin, ələkdə su daşımaq kimi mümkünsüz və ağıldan uzaq bir işlə müqayisə edərək qarşılaşdığı insanları bir-bir gözünün önünə gətirdi.

--- Kimi yazım, kimi qanıma yarlıq edim? Məhkəmə hakiminimi? O şəhər polis rəsinin qudası deyilmi? Polis meydimi axtarınca onun adı yazılmış kağız parçasını görüb nə edəcək?Götürüb cinayət işinəmi daxil edəcək? Əlbəttə yox! Bəs mənə edilmiş bunca zülm və haqsızlığdan kimdən qisas alım?! Şikayətə getməmi məsləhət görürlər.Gedib baş prokrurluğa müraciət etməli ikən,gedim nə deyim prokurura:deyim, yoldaş prokuror, dayın rektor, onun verdiyi siyahıdaki tələbələrə gözüyumulu qiymət yazmaq tələbini rədd etdiyim üçün məni işdən bötan atmaqla qovub. Xahiş edirəm,işə baxasınz! Absurdur, eləmi?! Ləhnət şeytana! Bu ölkədə adamı öz istəyinlə nə yaşamağa qoyuralar, nə də öz xoşu ilə ölməyə!

O,artıq get-gedə bədəninin taqətini itirdiyini hiss edirdi, hər şeyin alt-üst olduğunu düşünürdü. “West” siqaretini cibindən çıxardıb, içində qalmış bircə siqareti götürüb,qeyri-ixtiyari boş qutunu yenidən cibinə qoydu.

Siqareti ağzına qoyub, yandırmağı unudaraq skamyadan qalxıb asta-asta addımlarla ordan uzaqlaşdı.

Həmin gün axşamı, yaşadığı Azadlıq prospektindəki bir otaqlı darısqal evində, müəllimin asılmış meydini aşkar etdilər.

Polislər jurnalistin cibindən bir parça üzərində “mənim ölümümdə özümü təqsirkar bilin...” yazılmış kağız tapdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG