Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:21

Cəfər Cabbarlının mənzil-muzeyi uça bilər?


Cəfər Cabbarlı
Cəfər Cabbarlı
“Cəfər Cabbarlının mənzil muzeyi qəzalı duruma düşdüyündən tamaşaçıların və eksponatların təhlükəsizliyini qorumaq üçün ekspozisiyanın nümayişi dayandırılıb”.

Bu sözləri AzadlıqRadiosuna muzeyin baş elmi işçisi Cəfər Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı bildirib.

CABBARLININ EVİNİN 80 YAŞI VAR...


Onun sözlərinə görə, 1930-cu ildə yazıçının özünün tikdirdiyi ev 1982-ci ildə muzeyə çevrilib, ”amma son illər ətrafda yeni göydələnlərin inşası bu köhnə binanı da, burada yerləşən muzeyi də qəzalı vəziyyətə salıb”.

Aradan keçən 80 il ərzində muzeyin arabir təmir edildiyini deyən Qəmər xanım artıq bunun bir faydası olmadığını bildirib: “Muzeyimizin vəziyyəti Mədəniyyət və Turizm Nazirliyinin də diqqət mərkəzindədir. Son vaxtlar ölkədə muzeylərin əsaslı təmirinə başlanılıb. Elə bu üzdən, eksponatların qorunması baxımından nazirlik ekskursiyaları dayandırdı”.

MUZEY FƏALİYYƏTİNİ DAVAM ETDİRİR


Qəmər Seyfəddinqızı muzeyin fəaliyyətinin davam etdiyini bildirib: “Muzeyin səyyar sərgiləri var. Biz bu səyyar sərgilərlə Bakının rayonlarında, mədəniyyət evlərində, kitabxanalarda, məktəblərdə ekskursiyalarımızı davam etdiririk”.

YƏQİN Kİ, NAZİRLİK BİR ÇARƏ BULACAQ...


Muzeyin şöbə müdiri bu halın keçici olacağına inandığını qeyd edib: “Yəqin ki, nazirlik bir tədbir görəcək. Əsaslı təmirlə bağlı işlərə başlanacaq. Amma muzey öz işindədir”.

BİNANI GÖYDƏLƏNLƏR ƏZDİ?

AzadlıqRadiosunun “Mən beş il öncə muzeydə olmuşam. Ətrafda ucalmaqda olan göydələnlər fonunda Cabbarlının evi az qala əzilirdi. Təkcə təmirlə bu binanı yenidən yararlı hala salmaq olacaqmı?” sualını Qəmər xanım belə cavablayıb: “Göydələnlərdən əvvəl də evin vəziyyəti yaxşı deyildi. Düzdür, Bakı Şəhər İcra Hakimiyyəti təmir işləri aparmışdı. Amma dediyim kimi, 30-cu ildə tikildiyindən, o illərə məxsus tikinti materialından istifadə edildiyindən bina möhkəm deyildi. Üstəlik, son Bakı zəlzələsinin də təsiri olub”.

Qəmər Seyfəddinqızı qəzalı binanı Mədəniyyət və Turizm Nazirliyinin nəzarətə götürdüyünü bir daha vurğulayıb: “Ümid edirik, elə bir qərara gələcəklər ki, muzey tezliklə yenidən tamaşaçıların üzünə açılacaq”.
XS
SM
MD
LG