Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:40

Bloqqerdən prezidentə məktub


Adnan Hacızadə və Emin Milli bu dəfə azadlıqda görüşürlər -19 noyabr 2010

Adnan Hacızadə və Emin Milli bu dəfə azadlıqda görüşürlər -19 noyabr 2010

Bu həftə bloqqerlər öz həmkarları Emin Milli və Adnan Hacızadənin bir gün fərqi ilə həbsdən buraxılmasını “şadyanalıq” edir. Deputatlığa sabiq namizəd Bəxtiyar Hacıyevin Gürcüstan sərhəddində saxlanması da onların diqqətindən yayınmayıb.

Vəfa Cəfərova yazır:

“İki gün ard-arda dostlarımın azadlıq xəbəri ilə oyanıram. Yarıyuxulu halda hər şey inandırıcı gəlmir. İki gündür “dejavyu” yaşayıram. Telefon zəngi, Emin (Adnan) azaddır! Yuxu ya gerçək olduğunu anlamadan əl–üz yumaq, kompyuterin açılmasını gözləyənə qədər beynində milyon sual doğur. Və AzadlıqRadiosunda xəbər və vəd şəkil və videolar sonra olacaq! Şəkil və video gözləyərək sevincini paylaşmaq üçün adam ovuna çıxırsan! Hamı hər halda Facebookda, MSN-də və Skypda eyni vəziyyətdədirlər! Nə isə iki gün çox sevindik! Amma buna görə mən heç kimə minnətdarlıq bildirmək istəmirəm! Ədalət gec də olsa yerini tapdı! O uşaqların 17 ay həyatlarından getdi! Bunun cavabını, ailələrinə 17 aya vurulan mənəvi zərbəni kim kompensasiya edəcək? Nəyə görə bir saniyədə bütün qapılar açıldı? Suallar çoxdur…Nə isə bir- iki gün sevinək”.

GÖRÜNÜR, MÜƏYYƏN SSENARİ VAR

BabayevZ adlı bloqçu yazır ki, səhər saatlarında sosial şəbəkələrdən birində bloqqerlərin sərbəst buraxıldığı xəbərinə əvvəl inanmayıb, “flashmob” olduğunu düşünüb. Bloqqer bu xəbərə sevinsə də, digər tərəfdən Bəxtiyar Hacıyevin saxlanmasından narahat olduğunu yazır:

“Baş verənlər çox qəribədir...Görünür, müəyyən ssenari var...”.

GƏNCLİYİN QURTULUŞ GÜNÜ


İlkin Əlisoy hesab edir ki, bloqqerlərin azadlığa buraxıldığı gün “gəncliyin qurtuluş günü”dür. O da digər həmkarları kimi Emin Milli və Adnan Hacızadədən yazıb:

“Adnanın azadlığa çıxması xəbərini eşidəndə sevincimizin hüdudları itirilmişdi”
Adnanın azadlığa çıxması xəbərini eşidəndə sevincimizin hüdudları itirilmişdi. Bütün proqnozlarımız darmadağın oldu və biz sevinə-sevinə onun videosuna baxdıq, səsini dinlədik və müsahibəsini oxuduq. Adnanı 5 il tanıyan adam kimi deyə bilərəm ki, onu yenə ön sıralarımızda görmək heç bir şeylə müqayisə oluna bilməz.

Bir gün sonra Eminin azadlığa buraxılması da bu sevinci ikiqat artırdı. Etdiyi ilk zəng zamanı həyat yoldaşı Leylaya dediyi sözlər çox təsirli oldu. “Emin, hardan zəng edirsən?” sualına “Azadlıqdan” cavabı. Romantika budur, idealizm budur, səmimiyyət budur!
Hakimiyyət açıq-aşkar Qərbin önündə geri çəkildi. İl yarım lotuluq edənlər ABŞ prezidentinin və hüquq müdafiə təşkilatlarının israrına dözə bilmədi. Çox güman ki, Obamaya seçkilərdən sonra bloqqerlərin azad olunması söz verilmişdi və icra da olundu. Çox istərdilər ki, azad ruhlu gəncliyi xof içində saxlamağa davam etsinlər, amma özbaşına olmadıqlarını vaxtında dərk etdilər”.

Actionmeihof, Əli Novruzov, Müşviq Məmmədov, Uçan xalçalar və qırıq kəmərlər diyarından yazan bloqqerlər də 2 il və 2 il 6 ay həbs cəzası almış bloqqerlərin nəhayət ki, sərbəst buraxılmasını qeyd edir. Eyni zamanda xatırladırlar ki, şərti cəza ilə azad edilən Emin və Adnanın hüquq-mühafizə orqanları ilə heç bir problemi olmamalıdır.

Rüfət Əhmədzadə
də yazıb ki, gənclər bir ildən çox həsrət qaldıqları azadlığa qovuşublar:

“O ki qaldı Adnan Hacızadə buraxılan gün Bəxtiyar Hacıyevin həbsinə…Mən bunu Adnanın azadlığına sevinclə yatıb-durduqdan sonra öyrəndim. Amma qətiyyən təəccüblənmədim. Çünki elə şad xəbəri eşidən kimi də, öz bloqumda yazmışdım: “Adnan buraxılırsa, yəqin ki, yerinə bir başqası da gedəcək”.

Niyə belə düşünmüşdüm? Çünki YAP hakimiyyəti dissident yazarların və içində azadlıq eşqi alovlanan narazı vətəndaşların “özünü buraxması”na yol verə bilməz. Gərək ki, cəmiyyətdə daim qorxu, həyəcan və pəjmürdəlik olsun…”.

7 NOYABR SEÇKİLƏRİNDƏN SONRA...

“Bütün acı seçki mənzərələrinə rəğmən ölkədə demokratik dəyişikliklərin olacağına, azad və ədalətli seçkilərin keçiriləcəyinə inanıram”
Anar Məmmədli
parlament seçkilərindən sonra belə bir qənaətə gəlib ki, bütün acı seçki mənzərələrinə rəğmən ölkədə demokratik dəyişikliklərin olacağına, azad və ədalətli seçkilərin keçiriləcəyinə inanıram:

Bu inamımı son parlament seçkilərində aşağıdakı 7 faktor bir daha gücləndirdi:

Seçkidən sonra xeyli namizəd etiraf etdi ki, xalqla daha sıx münasibətlər qurmaq, daim çalışmaq gərəkdir; Bütün təzyiqlərə baxmayaraq, minlərlə vətəndaş seçkiyə təkcə seçici kimi deyil, müşahidəçi və könüllü kimi qoşula bilir. Beynəlxalq təşkilatlar Azərbaycanda təkpartiyalı siyasi sistemin de-fakto qurulduğunu etiraf edirlər. Ölkədə alternativ siyasi güc mərkəzlərinin yaradılması mövzusu daha da aktuallaşdı. Yeni medianın imkanlarından istifadə edən onlarla siyasi fəal yetişib. İnsanlar siyasi dəyişikliklərə olan ehtiyaclarını etiraf edirlər (hələlik bu yöndə təşkilatlanmaqdan əziyyət çəkirlər və mexanizmlərlə bağlı təkliflər gözləyirlər). Azərbaycan xalqı ona daha dürüst, daha açıq və daha fədakar münasibət bəsləyənlərə dəstəyini əsirgəmir...”.

Rəşad Babalı isə Anar Məmmədli kimi nikbin deyil:

“Bu ölkədə yaşmaq ən optimist insanlar üçün belə işgəncəyə çevrilir. Son seçki bu hissi daha da gücləndirdi. Bu ölkəyə yiyəlik edənlər vətən, torpaq, millət, Qarabağ, vətəndaşlıq anlayışlarını gözdən salmaq üçün nə yola desən getdilər. Artıq adını çəkdiklərimə ikrah etməyən tək-tükdü. Bu ölkədə yaşamaq artıq zülmdür. Problemi də kişi kimi deyil ki, mərdanə üstünə gedəsən, çaqqal kimi pusquda duran maneələr gözləmədiyin anda üstümüzə gəlir”.

ÖLKƏ BAŞÇISINA MƏKTUB


“Bazarlarda olan qurban qoyunların qiyməti təxminən 130-160 AZN arasında dəyişir”
Bloqqerlərdən biri – Azər Aydın isə prezidentə məktub yazaraq ondan 150 manat pul ya da “qurbanlıq qoyun” istəyib. “Qurban bayramı” ilə əlaqədar gecikmiş məktubun məzmunu belədir:

Cənab prezident bu gün bildiyimiz kimi, igidlər məskəni, odlar diyarı olan Oğuz elində “Müqəddəs Qurban Bayramıdır”.

Ailəmiz ziyalı ailəsi olduğu üçün, aldıqları əməkhaqqı (180 AZN) imkan vermir ki, bizlərdə bu bayramı qeyd edək.

(Qeyd: Bu gün bazarlarda olan qurban qoyunların qiyməti təxminən 130-160 AZN arasında dəyişir)

Cənab prezident, sizdən xahiş edirəm ki, bizə bir analoqu olmayan yaxşılıq edəsiniz. Bizim üçün ya bir “qurbanlıq-qoyun”, ya da ki, 150 manat pul göndərəsiniz!”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG