Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:55

Çörəyin qiyməti niyə qalxdı?


Elektron tərəzinin gözü 30 qəpiklik çörəyin çəkisini 420 qram göstərir

Elektron tərəzinin gözü 30 qəpiklik çörəyin çəkisini 420 qram göstərir

- Çörəyin qiyməti qalxıb?

- Hər şey qalxıb, un, şəkər...

Bakının mərkəzində yerləşən mağazaların birində satıcıdan eşitdiyi cavabdan sonra alıcı üzünü bizə tutur:

- Yazın də. Bundan yazın.

“BİRCƏ ÇÖRƏK QALMIŞDI...”

Çörəyin qiymətinin qalxmasını eşitməsi isə deyəsən, onu həm təəccübləndirdi, həm də hirsləndirdi:

- Hər şey qalxmışdı, bircə çörək qalmışdı, onu da qaldırdız?! Səsimizi çatdırın yuxarılara...

Deyəsən, çörəyin bahalaşması xəbəri müştəriyə nəsə almaq istədiyini də unutdurdu, çünki bunu deyib dərhal da mağazadan çıxdı.

Satıcı Leyla deyir ki, 30 qəpiyə də çörəkləri var, 40 qəpiyə də. Hər iki qiymətə olan çörəkləri tərəziyə qoyuruq. Elektron tərəzinin gözü 30 qəpiklik çörəyin çəkisini 420 qram göstərir. Leylanın sözlərinə görə, bir neçə il əvvəl çörək 30 qəpik olanda çəkisi 650 qram idi. Amma 40 qəpiklik çörəyin çəkisi də 740-750 qram gəldi.

Un istehsalçıları unun qiymətində artımı dünya bazarında taxılın qiymətinin qalxması ilə izah edirlər
Belə çixir ki, çörəklər get-gedə kiçilməkdədir.

“İTKİYƏ YOL VERİLİR...”

Bakının ən böyük çörək istehsalçılarından biri, Bakıxanov çörək zavodundan APA-ya bildiriblər ki, əslində 500 qramlıq çörək istehsalında itkiyə yol verilir, çəki artdıqca itkinin həcmi də azalır. Zavodun baş texnoloqu deyib ki, zavodda qiymət artırılmayıb, sadəcə, mağazada 40 qəpiyə satılan 780-820 qramlıq çörəyin istehsalını artırıblar.

Məsələn, indiyədək zavodda hər gün 30 min kiçik, 30 min böyük çörək istehsal olunurdusa, artıq kiçik çörəklərin istehsalı 20 minə düşüb, iri çörəklərin sayı isə 40 minədək artırılıb.

İqtisadçı Natiq Cəfərlinin fikrincə, əgər qiymət və çəki bu cür qalarsa, sərfəlidir, amma ötən illərin təcrübəsi göstərir ki, əvvəlcə çörəyin qiymətini qaldıranda çəkisini də artırırlar, amma bir müddətdən sonra qiyməti qaldırılmış çörəyin çəkisi hiss olunmadan azalmağa başlayır.

“İNDİ BİZ NECƏ DOLANAQ?”


Tamara Feyziyeva
Məktəblərin birində xadimə işləyən Tamara Feyziyeva isə çörəyin qiyməti ilə çəkisi arasındakı tərs mütənasiblikdən bezib öz çörəyini özü bişirir. Amma unun da bahalaşması onu öhdəsində olan əlil oğlu, iki azyaşlı nəvəsi, gəlinindən ibarət ailəsini çörək imtahanına çəkir:

- Əvvəl kisəsini 15 manata alırdım, indi 25 manata. Prezidentimizə deyirik, indi biz nətəhər dolanaq?

Un və un məmulatlarının qiymətində hiss edilən bu bahalaşma nə ilə bağlıdır?

Bəzi un istehsalçıları mətbuata unun qiymətində son vaxtlar müşahidə olunan artımı dünya bazarında taxılın qiymətinin qalxması ilə izah edirlər. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev isə deyir ki, Azərbaycan taxıl idxalından asılı olsa da, ölkənin ehtiyaclarını ödəyəcək qədər taxıl gətirilib:

“5 QƏPİK GƏLİR BƏSLƏRİDİR DƏ…”

- Azərbaycanda iqlim şəraiti pis oduğundan taxıl istehsalı azaldı, 1 milyon 95 min ton idxal etmişik. Bizim pulla taxılın kiloqramı 16 qəpiyə başa gəlir. Təxminən çörəyin maya dəyəri 25 qəpiyə gəlir, 30 qəpiyə də satırlar. 5 qəpik gəlir bəsləridir də.

Natiq Cəfərli
“Çörək istehsalı az sahələrdən biridir ki, monopliyaya məruz qalmayıb”. Bunu isə iqtisadçı Natiq Cəfərli deyir. O, çörək sənayesi bazarında son qiymət artımlarını məhz bu sahənin monopoliyaya alınma cəhdi kimi izah edir:

“BAZARA ARTIQ DİKTƏ ETMƏK ŞƏRAİTİ YARANACAQ”

- Çox güman ki, qiymətin artımı davam etsə, kiçik istehsalçılar rəqabətə davam gətirməyəcək, bunun da nəticəsində bazarı nəzarətə götürəcək iri istehsal gücləri yarana bilər. Bu isə qorxuludur ki, bazara artıq diktə etmək şəraiti yaranacaq.

İqtisadi İnkişaf Nazirliyindən isə deyirlər ki, çörəyin qiymətini dövlət müəyyənləşdirmir. Amma strateji məhsul olduğundan çörəyin qiymətini tənzimləyən siyasət yürüdülür. Qiymətin bahalaşmasına gəlincə, nazirlik hələ ki, şərh vermir.

Oradan bildirilir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bazarda monitorinq aparır və qiymət qalxmasının səbəblərini aydınlaşdırır. Monitorinq bitəndən sonra ictimaiyyətə açıqlama veriləcək.

Şərhləri göstər

XS
SM
MD
LG