Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:15

Adnan Hacızadə: «İstəyirəm Emin Milli də azadlığa buraxılsın»


Adnan və atası Hikmət Hacızadə
Adnan və atası Hikmət Hacızadə
NÜMUNƏVİ MƏHBUS

Noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsi cəzasının qalan hissəsindən azad olunması ilə bağlı bloqqer Adnan Hacızadənin şikayətinə baxdı.

Yarım saata yaxın davam edən prosesdə məhkəmə bloqqerin cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar qəbul edərək onu azadlığa buraxdı.

Buna qədər isə Hacızadənin vəkili İsaxan Aşurov bildirdi ki, onlar eyni vəsatətlə Qaradağ Rayon Məhkəməsinə müraciət etsələr də, vəsatət əsassız olaraq təmin edilməyib.

Aşurov məhkəmə prosesindəki çıxışında Hacızadənin nümunəvi məhbus olduğunu, hətta məhbəsdə olduğu müddətdə Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif edildiyini bildirib və həmin diplomun surətini məhkəməyə verib.

«BİZ İSTƏYİRİK ADNAN HACIZADƏ CƏZASI BİTƏNƏ QƏDƏR HƏBSXANADA QALSIN»


Prosesdə iştirak edən Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsinin təmsilçisi Əli Nəbiyev isə Hacızadənin cəzasının qalan hissəsindən azad edilməsinə qarşı olduğunu bildirdi. Diplomun da ona Penitensiyar Xidmət tərəfindən verilmədiyini dedi. O bildirdi ki, Adnan Hacızadə ziddiyyətli xarakterə malik bir məhbus olub. Hakim bu ziddiyyətin Adnan Hacızadənin islah olunması ilə hər hansı bağlılığının olub-olmadığını soruşdu. Əli Nəbiyev dedi ki, Adnan Hacızadə qaydaları pozmasa da, cəzaçəkmə müəssisəsi rəhbərliyinin bütün suallarına vəkili ilə məsləhətləşəndən sonra cavab verib. Əli Nəbiyev bildirdi ki, elə bu səbəbdən də onlar istəyirlər ki, Adnan Hacızadə cəzası bitənə qədər həbsxanada saxlanılsın.
Adnan Hacızadə azadlıqda
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00
Direct-ə keçid

PROKUROR: «AZAD EDİLMƏSİNƏ ETİRAZ ETMİRƏM»

Amma prosesdə çıxış edən dövlət ittihamçısı Çingiz Şükürov nümunəvi məhbus sayılan Hacızadənin cəzasının qalan hissəsindən azad edilməsinə etiraz etmədiyini bildirdi, vəkil İsaxan Aşurovun vəsatətinin təmin olunmasını istədi.

Müşavirədən sonra məhkəmə vəsatətin təmin edilməsi ilə bağlı qərar çıxardı və Adnan Hacızadə məhkəmə zalındakı barmaqlıqlardan azadlığa buraxıldı.

Bakı Apelyasiya Məhkəməsinin qarşısdında onu atası, dostları, tanışları və Azərbaycandakı bəzi beynəlxalq təşkilatların nümayəndələri gözləyirdi. A.Hacızadənin ilk sözü onunla eyni vaxtda həbs edilən Emin Millinin azadlığa buraxılması ilə bağlı oldu:

«Mənim əsas tələbim, istəyim odur ki, Emin Millini də azadlığa buraxsınlar, Emin Milli cinayətkar deyil və o azadlıqda olmalıdır».

Adnan Hacızadə özünün vaxtından əvvəl azadlığa buraxılmasına da münasibət bildirdi:

«Mən heç bir cinayət törətməmişdim, azadlıq mənim haqqımdır. Mən istəyirəm ki, mənə bəraət verilsin».

O, bundan sonra da bloqqer fəaliyyətini davam etdirəcəyini bildirdi:

«Mən həmin Adnanam və dəyişməmişəm. Mən həmişə insanların şərəf və layaqətinə şərəflə yanaşmışam. Yazılmış və yazılmamış qanunlara hörmətlə yanaşmışam».

«MƏNƏ ELƏ GƏLİR Kİ, BİZİM «KOŞMARIMIZ», «TRAGEDİYAMIZ» QURTARIB, AMMA...»

Həbsdən buraxılandan sonra Adnan Hacızadə, onun ailə üzvləri və dostları ilə ikinci dəfə sabiq məhbusun evində görüşdük.

Bizi evdə «Yaşasın demokratiya!» şüarı ilə qarşılayan Adnanın atası Hikmət Hacızadə oldu:

«Yaşasın demokratiya, «doloy» diktatura! Yaşasın Respublika! Jurnalistlərə azadlıq! Mən xoşbəxtəm, mənə elə gəlir ki, bizim «koşmarımız», «tragediyamız» qurtarıb, amma bilmirəm sonra nə olacaq. Biz uzun yol keçdik. Mandela 29 il həbsdə olmuşdu, biz nə yatdıq ki, nə yuxu görək. Ancaq hər halda ailəmiz üçün ağır idi, həyat yoldaşım çox nigaran idi».

Biz Adnan Hacızadəgildə olanda o, artıq çoxsaylı dostlarının əhatəsində idi. Adnan dostları ilə söhbət edə-edə həm də ardı-arası kəsilməyən telefon zənglərinə cavab verirdi:

«Salam! Əlayam. Çox sağ olun...».

«BİR KİTABI SONA ÇATDIRA BİLMƏDİM, TEZ BURAXDILAR»


Adnan Hacızadə dostlarına zarafatla deyirdi ki, onu həbsxanadan tez buraxıblar, Lev Tolstoyun «Hərb və sülh» əsərini oxuyub başa çatdıramağa imkanı olmayıb:

«Axıracan oxumadım, tez buraxdılar».

Bahar Hacızadə öğlunun həbsdən buraxılması xəbərini ilk olaraq bacısından eşidib. Dediyinə görə, Adnanın yaxın vaxtlarda həbsdən buraxılması ürəyinə damsa da, bugünkü xəbər onun üçün gözlənilməz olub:

«Mənə birinci bacım zəng elədi dedi. Sonra Müsavat Partiyasından Arif Hacılı. Mən gözləmirdim, amma ümid edirdim və nəhayət gəldi».

Adnan Hacızadə bloqqer Emin Milli ilə birgə ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.

Adnan Hacızadənin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı müraciəti birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdı. Bundan sonra o Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdi.

Xuliqanlıq ittihamıyla 2 il həbs cəzası alan Adnan Hacızadənin cəzasının sona çatmasına 7 ay 21 gün qalmışdı.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG