Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:09

Toy məclisindən çıxan komissar niyə öldü?


“Toydan çıxıb, toyda içibmiş, gəlib “svetafor”da qırmızı işıqda dayanan iki maşını vurub, polis işçiləri hadisə yerini müayinə eləyən zaman imkan verməyib. Polis işçiləri tələb ediblər ki, bizimlə gəlməlisən, həkim müayinəsindən keçməlisən, əks tərəf də bunu tələb edirmiş ki, sərxoşdur, ona görə bizim maşınları vurub”.

Bunu noyabrın 17-də Şirvan Rayon Polis Şöbəsində vəfat etdiyi bildirilən Zərdab rayonunun hərbi komissarı Rauf Hüseynovun ölümünə aydınlıq gətirən sözügedən polis şöbəsi rəisinin müavini İsmayıl Qasımov deyir. Onun sözlərinə görə, 44 yaşlı Rauf Hüseynov axşam saat 9-un yarısında Şirvan şəhərindəki şadlıq evlərindən birindən toy məclisindən çıxıb və şəxsi “Volkswagen Touareg” markalı maşınını işıqforda dayanan iki maşına çırpıb.

Zədələdiyi maşınların sürücüləri və hadisə yerinə gələn Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib, onun sərxoşluğunu təyin etmək üçün xəstəxanaya aparmaq istəyiblər.

“DEDİ, ÜRƏYİM SIXILIR”

İsmayıl Qasımov deyir ki, Rauf Hüseynov müqavimət göstərdiyinə və polis işçilərini təhqir etdiyinə görə, polislər qərara alıblar ki, onu şöbəyə aparsınlar:

“Həkim müayinə edəndən sonra şöbədən azad olundu, şöbənin qarşısında halı pisləşdi, soruşduq nə baş verib, dedi, ürəyim sıxılır, yenə həkim çağırıldı, şöbənin həyətindəki skamyada həkim yardım göstərdi. Həkim dedi, bunun vəziyyəti getdikcə pisləşir, xəstəxanaya götürmək lazımdır. Xəstəxanaya çatmamış yolda keçinib”.

Rəis müavininin sözlərinə görə, həkim müayinəsinin nəticəsinə görə, ölümə ürək çatışmazlığı səbəb olub. Ancaq hər şey daha dürüst meyitin üzərində aparılmış ekspertizanın rəyindən sonra bilinəcək.

“HƏRBÇİ DƏ İNSANDIR”

Üzeyir Cəfərov
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev də deyir ki, bu hadisədən xəbərdardırlar:

“Hərbçi də insandır, hadisədir, baş verib, araşdırma aparılır, araşdırmanın nəticəsi barədə məlumat verilər”.

Hərbi ekspert Üzeyir Cəfərov isə düşünür ki, hərbçinin istər işdə, istərsə də xidmətdən kənarda, spirtli içki qəbul etməsi yolverilməzdir:

BAHALI MAŞIN VƏ KOMİSSAR

“Xüsusi geyimlə spirtli içki bir araya gəlmir. Spirtli içki qəbul etmək hərbi və güc strukturlarında ümumiyyətlə yasaq olunan bir məsələdir. İstər hərbi komissarlıq, istər Müdafiə Sənayesi Nazirliyi, yaxud da başqa güc strukturu olsun, deyilə bilər ki, bunlar bilavasitə döyüş tapşırığı ilə bağlı olan qurumlar deyil, amma əslinə qalsa bunların hər biri ölkə üçün vacib olan müdafiə və təhlükəsizlik qurumlarıdır. Komissarın sürdüyü “Volkswagen Touareg” də kifayət qədər bahalı maşındır, yəni, demək istəyirəm ki, bəzi şəxslər vəzifələrinə arxayın olub müəyyən addımlar atırlar, bunlar da sonda belə hadisələrə gətirib çıxarır”.

“POLİS ŞÖBƏSİNDƏ İNSANLA DAVRANIŞ DÜZGÜN QURULMAYIB”


Mahmud Hacıyev
Keçmiş polis rəisi Mahmud Hacıyev isə deyir ki, adamların polis şöbələrində vəfat etməsinə səbəb əksər hallarda polisin onlarla qaba davranışı olur. Ekspertin sözlərinə görə, polis işçisinin vəzifələrindən biri törətdiyi əməlindən və kimliyindən asılı olmayaraq, şöbəyə gətirilən hər kəsi psixoloji gərginlikdən çıxarmaqdır:

“Amma bizdə polis bəzən elə rəftar edir ki, insanda yaranan o psixoloji durum daha da pisləşir. Tutaq ki, bu adamın ürəyində bir qədər narahatlıqlar olur, şöbəyə gətirilən anda onun psixoloji durumu gərginləşir, bir az da polis gərginləşdirir, nəticədə də gətirib ölümə çıxarır. Rəftar düzgün tənzimlənməlidir”.

Şirvan Rayon Polis Şöbəsinin rəis müavini komissarın polis şöbəsindən kənarda - xəstəxanaya aparılarkən yolda keçindiyini desə də, yerli kütləvi informasiya vasitələri komissarın polis şöbəsində vəfat etdiyin yazıblar.

Ölüm faktı ilə əlaqədar Lənkəran Hərbi Prokurorluğunda araşdırma aparılır.
XS
SM
MD
LG