Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:01
«İranla Azərbaycan arasında əlaqələr 2 qonşu və dost ölkə arasında olan münasibətlərdən daha yüksəkdir - biz qardaş ölkələrik. Dostluq azalıb çoxala bilər, qardaşlar isə hər zaman qardaş olaraq qalır».

Bu fikirləri İran prezidenti Mahmud Əhmədinejad noyabrın 18-də Bakıda keçirdiyi mətbuat konfransında deyib. İran-Azərbaycan əlaqələrindən danışan prezident iki ölkə arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu deyib, İranla Azərbaycanı «regionda sülhün təminatçısı» adlandırıb.

Mahmud Əhmədinejad bildirib ki, Azərbaycanın təhlükəsizliyi onlar üçün İranın təhlükəsizliyi qədər önəmlidir. O, İranla Azərbaycan arasında əlaqələrin möhkəm və qırılmaz olduğunu bəyan edib.

KƏNAR QÜVVƏLƏR MÜDAXİLƏ ETMƏSƏ...

Əhmədinejad Dağlıq Qarabağ məsələsinə də toxunub:

- Dağlıq Qarabağ münaqişəsinin həllinə regiondan kənar qüvvələr təsir göstərməsələr, münaqişə həll olunar.

İran prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq normalara uyğun olaraq həllinə tərəfdar olduğunu vurğulayıb və bildirib ki, İran bu məsələdə səy göstərməyə hazırdır.

Sədrəddin Soltan
Mahmud Əhmədinejad onu da deyib ki, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə tərəflər beynəlxalq müstəvidə qarşılıqlı əməkdaşlığı gücləndirəcəkləri haqda da razılığa gəliblər.

SADƏCƏ RİTORİKA?

Yerli politoloqların əksəriyyəti isə İran prezidentinin Bakıda səsləndirdiyi bu fikirləri sadəcə ritorika hesab edirlər. Siyasi şərhçi Sədrəddin Soltanın fikrincə, bu deyilənlər Əhmədinejadın növbəti siyasi diplomatik çıxışlarından biridir. Bundan öncə isə oxşar fikirləri həm də Ermənistanın ünvanına səsləndirib:

- Ermənistanın baş naziri Tehrana səfər edəndə, Əhmədinejad demişdi ki, Ermənistanın tərəqqisi bizim tərəqqimizdir. Qarabağla bağlı da eyni sözləri deyib. Amma Tehranın Qarabağ məsələsində vasitəçiliyi Azərbaycana nəyə başa gəlib o da məlumdur. Xocalı faciəsindən tutmuş bu günədək bütün hadisələrdə Tehran həmişə Azərbaycanın ədalətli mövqeyini yox, işğalçı Ermənistanı müdafiə edib.

Sədrəddin Soltan deyir ki, İran hakimiyyətinin hansısa məqamda Azərbaycanı müdafiə edəcəyinə inanmaq da sadəlövlük olardı, çünki Azərbaycanın bir ölkə kimi güclənməsi İranın marağında deyil. Gücləndikcə ən azından bu ölkədə olan minlərlə vətəndaşının haqlarının müdafiəsinə qalxa bilər. Sədrəddin Soltana görə, Mahmud Əhməsdinejadın bu bəyanatları sadəcə Amerika başda olmaqla Qərbə bir mesaj, onların regiona gəlişinə mane olmağa bir cəhddir.

URAN MƏSƏLƏSİ

Əhmədinejad Bakıda uran məsələsindən də danışıb
Mahmud Əhmədinejad Bakıda uranın zənginləşdirilməsinə görə İrana yönələn beynəlxalq təzyiqlə bağlı da danışıb:

- Bəzi dövlətlər elə düşünürlər ki, 5 ay müddətində İranı embarqoda saxlamaqla İranı dəyişəcəklər. Mən bəyan edirəm ki, İran xalqı doğru yoldadır və heç bir təsirin altına düşməyəcək.

İranın dövlət başçısı dünya birliyini bu məsələdə bərabərtərəfli dialoqa çağırıb.

«ƏHMƏDİNEJAD SƏMİMİ DEYİL»

Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli də hesab edir ki, Əhmədinejad dediklərində səmimi deyil. Əlyar Səfərli deyir ki, beynəlxalq aləmdə təklənən İran sadəcə Azərbaycana yeni bir qarmaq atmağa cəhd göstərir:

- İran təkləndiyinə görə Azərbaycanla əlaqələr qurmaq istəyir, amma bu təsadüfi xarakter daşıyır. Bu əlaqələr müvəqqətidir, keçicidir. İran heç vaxt Azərbaycanı müdafiə etməyib, etməyəcək. Çünki bugünədək əməldə həmişə erməniləri dəstəkləyib. Azərbaycan hökuməti İranın qeyri-səmimi rejim olduğunu başa düşməlidir.

İRAN ÖZÜ AZƏRBAYCANIN DÖVLƏT SƏRHƏDDİNİ POZUB

Bu ilin oktyabrında İranın müdafiə naziri Əhməd Vahidi də Azərbaycana səfərində hərbi əməkdaşlıq məsələlərini müzakirə etmişdi.

Politoloq Mübariz Əhmədoğlu isə deyir ki, Azərbaycanın təhlükəsizliyinə önəm verən ölkə ən azından özü təhlükəsizlik məsələlərinə həssas yanaşardı. Halbuki İran özü bundan öncə Azərbaycanın dövlət sərhəddini pozub. 2001-ci ildə İranın hərbi gəmiləri Xəzərin Azərbaycan sektorundakı neft yatağında işləyən tədqiqat gəmisini təhdid edib. Bundan başqa, 2007-ci ildə İran prezidentini müşayiət edən vertolyot dəstəsi Azərbaycanın hava sərhəddini də pozub.

Şərhləri göstər

XS
SM
MD
LG