Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:16
“Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin Təşkilat Komitəsinin sədri Zahir Əzəmətin “Ədəbi həftə”yə müsahibəsi.


- Yeni qaydalar miqyası, əhatəsi və mexanizminə görə ədəbi gedişatı bütövlükdə ehtiva edir.

On ilin və son bir ilin kitabı, romanı, şeiri, nəsri, debütü, üstəlik bütün bunları qiymətləndirəsi ekspertlər, ədəbi tənqid.

Birdən-birə bu əhatəyə sizi sövq edən nə oldu, səmimi deyin, Milli Kitab Mükafatı müsabiqəsi ilə rəqabətmi?


- Bildiyiniz kimi, Milli Kitab Mükafatının ekspertlərindən biri olmuşam.

Ona görə də hər hansı rəqabətdən söhbət gedə bilməz. İki müsabiqə arasında ciddi prosedur fərqləri var.

Üstəlik, Milli Kitab Mükafatı cəmi bir dəfə keçirilib. Davamının gəlib-gəlməyəcəyi hələ bəlli deyil.

Tam səmimi deyirəm, Milli Kitab Mükafatının davamlı olmasını istəyirəm.

Geniş maddi imkanları sayəsində bu müsabiqə bir neçə ay boyunca toplumun diqqətini kitaba və kitab ətrafı prosesə yönəltməyi bacardı.

“Nəsimi”yə gəldikdə isə, 2088-ci ildən başlayaraq, artıq üçüncü ildir ki, biz bu müsabiqəni keçiririk. İldən-ilə müsabiqəni təkmilləşdirməyə çalışır və hər dəfə də qaydalarında müəyyən dəyişiliklər edirik.

Əvvəlki illərlə müqayisədə bu dəfə yalnız debüt nominasiyası ilə yetinməməklə bağlı qərarımızın da səbəbləri var.

Dünənki gənclik bu gün artıq peşəkar ədəbi prosesin iştirakçısıdır. 10 il əvvəl ədəbiyyata iddiasını ortaya qoyan bir çox nəsildaşlarım bu gün bir neçə kitab müəllifidir.

Son vaxtlar bu proses daha da sürətlənib, ard-arda romanlar, şeir kitabları dərc olunur. Düşündük ki, bizim müsabiqə də böyüməli, ədəbi prosesi daha geniş əhatə etməlidir.

Ortada kitablar varsa, ədəbi tənqidin müzakirəsi, reaksiyası varsa, ədəbi müsabiqələr kimi ümumiləşdirmələrə də ehtiyac var deyə düşünürəm.

Belə müsabiqələr nə qədər çox olsa, o qədər yaxşıdır. Son 10 ilin kitabını müəyyənləşdirmək zərurəti isə başa çatmaqda olan onilliyi dəyərləndirmək istəyindən doğdu.

Qaydalarda yazıldığı kimi, bu nominiasiya hər il yox, 10 ildən bir keçiriləcək. Dəyərləndirmədə obyektivliyə daha yaxın nəticə əldə etmək üçün isə ümumi də olsa, kriteriyalar qoymuşuq.

Üstəlik, peşəkar tənqidin bunaqədərki rəyinə də xüsusi yer ayırmışıq. Bu da Azərbaycanda bir ilkdir.

Fikrimizcə, bu addım daha peşəkar seçim etməyə yardım edəcək.

- Müsabiqənin Debüt hissəsi məlum, son illər səngisə də, hər halda keçirilirdi; buradaca qeyd edək ki, ədəbiyyatımıza təzə imzalar gətirmişdir.

Bəs peşəkar ədəbiyyatı tezbazar müsabiqəyə cəlb etməyin fənalarından qorxmursuzmu?

Təsəvvür edin, həm on ilin, həm son bir ilin əsərləri bircə ay müddətinə qiymətləndiriləcək. Bu sürətlə obyektivliyə nail olmaq mümkünmü?


- Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin bunaqədərki qalibləri ədəbi ictimaiyyət tərəfindən qəbul olunub və istedadlı müəlliflər kimi etiraf olunublar. Onların bir çoxu artıq peşəkar müəlliflər kimi özlərini təsdiq də ediblər.

Bu mənada şükür ki, müsabiqəmizin obyektivliyi heç vaxt müzakirə və mübahisə mövzusu olmayıb.

Çünki nə əvvəlki illərdə, nə indi, nə də bundan sonra müsabiqənin keçirilməsində heç bir biznes və ya qrup maraqları dayanmayıb, dayanmayacaq da.

Məqsədimiz peşəkar münsiflərin köməyi ilə maksimum obyektiv nəticələr əldə etmək, diqqəti bir daha ədəbi prosesə, konkret müəllif və kitablara cəlb etməkdir. Peşəkar ədəbiyyatı da dəyərləndirmə dairəmizə cəlb etməkdə məqsədimiz eynidir.

Vaxt azlığına gəldikdə isə, dəyərləndirmə üçün ayrılmış 45 günlük bir müddətin yetərli olduğu qənaətindəyik.

Belə ki, müsabiqənin birinci mərhələsinə müəlliflər müraciət etməyəcək. Qalib kitab ekspertlərin özləri tərəfindən təqdim olunan əsərlər arasından, həm də özləri tərəfindən seçiləcək.

Deməli, ekspertlər artıq təqdim etdikləri əsərlərlə tanışdılar. Sadəcə onlar bizim təşkilatçılığımızla bir masaya oturub, yaxşıların içindən ən yaxşılarını seçəcəklər.

Qaldı ki, hər hansı mənfi və tənqidi reaksiyaların mümkünlüyünə, bundan qorxmuruq. Tənqid olarsa, bu ümumi işin xeyrinə olacaq.

Müsabiqənin növbəti illərdə daha da təkmilləşməsi üçün biz irad və tənqidlərdən yararlanacağıq. Qoprxmağa qalsa, gərək əlini yanına sallayıb heç bir iş görməyəsən.

- Hər il dəyişən münsiflərin adının gizlin saxlanılacağı bəlli, amma güman ki, təşkilat komitəsinin tərkibi bəyan olunacaq. Həm də şərtlərdə mükafatlandırmanın üsulu göstərilməyib; bu, simvolik mükafatlandırmadır, yoxsa müəyyən pul məbləği də nəzərdə tutulur?

- Qeyd etdiyiniz kimi, ənənəvi olaraq biz münsiflərin adlarını gizli saxlayırdıq. Amma bu dəfə Ekspertlər Şurasının tərkibi yeni modeldə formalaşdırılıb.

Bu dəfə Təşkilat Komitəsindən də 3 nəfər ekspert qismində prosesə cəlb olunub.

Təşkilatçılar bəlli olduğundan, bunu gizlətməyin də mənası yoxdur. Güman ki yaxın günlərdə bu 3 nəfərin adı açıqlanacaq.

Mükafatlandırma üsulu isə hələlik açıqlanmır. Hazırda sponsor axtarışları gedir. Əgər bu danışıqlar uğurlu nəticələnsə, ola bilsin müəyyən qiymətli hədiyyələr, pul mükafatları da olsun.

Yox, alınmasa, qoyulan şərtlər bizi qane etməsə, yəqin ki, ənənəvi mükafatlandırma metodumuzla yetinəcəyik.

Bütün hallarda vurğunu qiymətli mükafatların və ya hər hansı məbləğin üzərinə qoymaq fikrindən uzağıq. Dünyada artıq bunun uğurlu analoqları var.

Məsələn, Nobel mükafatının məbləği 1 milyon dolları aşsa da, nüfuz etibarı ilə ondan heç də geri qalmayan “Qonkur”un mükafat fondu cəmi 10 -15 frank təşkil edir.

www.kultaz.com

Günün bütün mövzuları

XS
SM
MD
LG