Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:10

«Azərbaycan xalçaçılığı problemlərin içindədir»


Milli xalçaların alıcılarının az olmasına səbəb onların lazımınca təbliğ olunmamasıdır

Milli xalçaların alıcılarının az olmasına səbəb onların lazımınca təbliğ olunmamasıdır

«HEÇ YERDƏ BİZİM XALÇALARDAN YOXDUR»

- Qədimi ornamentlərin tayı-bərabəri yoxdur. Mən xaricdə çox olmuşam, heç yerdə bizim xalçalardan yoxdur. Bax o xalçanı görürsüz nə gözəldir…Mən çox xoşlayıram bu xalçaları.

Təxminən 50-55 yaşlarında olan Durna xanımla İçərişəhərdə - milli xalçaların satıldığı dükanlardan birində rastlaşdım. O deyir ki, buralara tez-tez gəlir, hər dəfə bu dükanlardan əlidolu çıxmasa da.

ALICILAR ƏSASƏN TURİSTLƏRDİR


Amma İçərişəhərdəki Azərbaycan xalçalarının satıldığı onlarla belə dükanlarda Durna xanım kimi alıcılara tək-tük rast gəlinir. Elə satıcılar da müştəri azlığından gileylidirlər. Bu dükanlara üz tutanlar əsasən turistlərdir, xüsusən də İngiltərə, Fransa, Filippin və Rusiyadan gələnlər.

Satılan xalçalar arasında üzərində portretlər, xüsusən də prezident İlham Əliyev və atası Heydər Əliyevin portretləri olan xalçalara da rast gəldik, amma əksəriyyəti milli naxışlarla bəzədilib. Onların yaşı isə heç də bəzədildikləri ornamentlərin yaşı qədər qədim deyil. 50 ildən çox yaşı olan xalçaların ölkədən çıxarılmasına rəsmi qadağa olduğundan daha çox qədimi naxışlarla, dizaynla toxunan təzə xalçalar satılır.

ƏN ÇOX SATILAN PİRƏBƏDİL KƏNDİNİN XALÇALARIDIR


«Azərxalça» sərgi-satış salonu
«Azərxalça» sərgi-satış salonunda çalışan Rasim deyir ki, aya 1-2 xalça satıla, ya satılmaya:

- Ən çox bəyənilən Dəvəçinin Pirəbədil kəndinin xalçalarıdır, ən çox Pirəbədil dizaynlı xalçalar satılır. Bir də qovlu çiçi xalçaları. 1 kvadratmetri 200 manat civarındadır, amma 180 manata kimi endirim də eləyirik.

Rasimin fikrincə, milli xalçaların alıcılarının az olmasına səbəb onların lazımınca təbliğ olunmamasıdır. Amma xalça haqda bir sıra elmi əsərlərin müəllifi və hazırda Qubada bir neçə emalatxana sahibi olan Fatimə Ağamirzəyeva hesab edir ki, bu gün Azərbaycan xalçasının problemi təkcə alıcı azlığında və onun təbliğatında deyil:

XALÇAÇILIQ PROBLEMLƏRİN İÇİNDƏDİR


- Xalçanın, xalçaçılığın özü problemlərin içindədir. Bu problemlərin dövlət tərəfindən həlli tələb olunur. Bu sahə ən çox təhlükə altında olandır, gözləməyə də vaxt azdır.

Fatimə Ağamirzəyeva deyir ki, hər şeydən əvvəl Azərbaycan xalçasının beynəlxalq bazarda nüfuzunu bərpa etmək lazımdır. Çünki 1967-72-cü illərdə ölkənin milli xalçası beynəlxalq bazarda keyfiyyətinə dair mənfi rəy alıb.

Dükanlarda alıcılara tək-tük rast gəlinir
Həlli tələb olunan digər mühüm məsələ isə xalçaçılara dövlət qayğısıdır. Mütəxəssisə görə, dövlət xalça toxucularına maliyyə yardımı etməli, onların sosial müdafiəsini təşkil etməlidir ki, bu insanlar hazırkı dolanışıqdan bezməsinlər və nəticədə xalçaçılıqdan uzaqlaşmasınlar.

Bəs dövlət bu istiqamətdə hər hansı bir iş görürmü?

İş günü olmadığından rəsmilərin mövqeyini əldə edə bilmədik, amma bu günədək xalçaçılığa dair bir sıra qanun və fərmanlar qəbul edilib. «Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında» 2004-cü ildə qəbul edilmiş qanunda dövlət proqramının qəbulu nəzərdə tutulur.

MUZEY ÜÇÜN YENİ BİNA TİKİLİR

Xalçaçılığı qorumaq məqsədilə 1967-ci ildə Azərbaycanda Xalça və Tətbiqi Sənət Muzeyi yaradılıb. Hazırda isə bu muzey üçün yeni bina tikilir. Xarici görünüşdən bükülü xalçanı xatırladan binanın layihəsini avstriyalı memar Hans hazırlayıb. İnşa işlərinin gələn ilin avqust ayında yekunlaşacağı gözlənilir.

BU, SEVİNDİRİCİ HALDIR, AMMA...

Xalça və Tətbiqi Sənət Muzeyi üçün yeni bina tikilir
Bu günlərdə isə Azərbaycan xalçasının bir uğuru da o olub ki, YUNESKO-nun Qeyri-Maddi və Mədəni İrs Siyahısına daxil edilib. Bu ay Keniyada keçirilən YUNESKO-nun V iclasında belə bir qərar qəbul olunub. Fatimə Ağamirzəyeva deyir ki, bu, sevindirici haldır, amma problemlərin həlli demək deyil:

- YUNESKO təsdiq eləyir ki, xalça ilə bağlı qədim milli mədəniyyətimiz var. Amma YUNESKO vəd vermir ki, bu gün xalçamız yaxşıdır və satılandır. Günün bu günü hərəkəti biz etməliyik.

OĞURLANAN XALÇALAR

Yerli tarixçilərin qənaətincə, Azərbaycan xalçasının yaşı iki min ildir. Bu xalçalar hazırda həm də Nyu-Yorkun, Londonun, Parisin, İstanbulun, Romanın, Berlinin, Tehranın, Qahirənin, Moskvanın və Vyananın məşhur muzeylərində nümayiş etdirilir. Amma bir çox halda bəzi muzeylərdə bu sənət nümunələri «İran xalçası», «Qafqaz xalçası» və digər adlarla təqdim olunur.

Yerli muzeylərdən isə hələ 80-ci illərdə oğurlanan eksponatların, o cümlədən xalçaların axtarışı hələ da davam etdirilir. 2005-ci ildə təmirə dayanan Tarix Muzeyindən də 18-19-cu əsrə aid 50-yə yaxın xalça oğurlanıb və bu günədək heç biri tapılmayıb.

Şərhləri göstər

XS
SM
MD
LG