Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:19
Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçiriləcək. Zirvə toplantısına iki sənədin layihəsinin təqdim edilməsi nəzərdə tutulur - Xəzər dənizində təhlükəsizlik üzrə əməkdaşlıq müqaviləsi və prezidentlərin birgə bəyannaməsi. Xəzər dənizinin statusu məsələsi isə hələ ki, gündəlikdə deyil.

Məsələ ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək üçün enerji məsələləri üzrə ekspert İlham Şabandan müsahibə aldıq. Müsahibəni təqdim edirik:

ƏSAS MƏSƏLƏNİ YENƏ DƏ HƏLL ETMƏK MÜMKÜN OLMAYACAQ

- Sammitin gündəliyində duran əsas məsələ Xəzər dənizində təhlükəsizlik üzrə əməkdaşlıqla bağlı deklorasiyanın imzalanmasıdır. Buna da aiddir, ekoloji təhlükəsizlik və fövqəladə hallarla bağlı birgə səylər. Xəzəryanı dövlətlərin bu zirvə toplantısında da son 10 ildə qarşıda duran məsələni - Xəzərin hüquqi statusunu həll etmək mümkün olmayacaq.

- Niyə mümkün olmur və bunu daha çox əngəlləyən kimlərdir?

İKİ ƏSAS GÜC MƏRKƏZİ VAR

- Təbii ki, Xəzəryanı ölkələr içərisində iki əsas güc mərkəzi var: Rusiya və İran. Rusiyanın əsas marağı Xəzər dənizinin sağ və sol sahillərini birləşdirəcək istənilən magistral kəmərlərin reallaşmasının qarşısını almaqdır. İranın əsas məqsədi isə Qərblə yaranmış problemlərində Xəzərin statusu məsələsini şişirdib onu siyasi alver predmetinə keçirtməklə özü üçün dividentlər qazanmaqdır.

Faktdır ki, Xəzərin İran sektorunda təqribən 8 kəşfiyyat quyusu qalır. Hazırda İran ən dərin quyulardan birini (5 km) qazır və oradan heç nə tapılmayıb. Belə olan halda təbii ki, dənizin bölünməsində İrana 10, yaxud 20 faiz düşməsinin heç bir əhəmiyyəti də yoxdur.

İran Xəzər dənizinin 5 sahilyanı dövlət arasında bərabər bölünməsi iddiasını ortaya qoymaqla özü ilə Qərb arasında bir bazarlaşma gerçəkləşdirmək niyyətindədir.
Mahmud Əhmədinejad və Dmitri Medvedev, 16 iyun 2009
Məsələn, rəsmi Tehran deyə bilər ki, İrana qarşı embarqo kimi məsələlər gündəlikdən çıxarılsa, o hətta Transxəzər layihəsinə də razı olar. Yəni, burada İranın hədəfi daha çox geopolitikadır. Rusiyanın hədəfi isə iqtisadı məsələ və regionda özünün sovetlər dönəmindən qalan maraqlarını qorumaqdır.

- Nə Rusiyanın istədiyi iqtisadi, nə də İranın arzuladığı geopolitik maraqları indiki dünya təmin etmək imkanında və niyyətində deyil. Onda bu məsələ elə beləmi davam edəcək?

50 İL DƏ BELƏ QALA BİLƏR

- Bəli, bu vəziyyət davam edə və 50 il də belə qala bilər. Hadisələr göstərir ki, Azərbaycan öz neftini, qazını hasil edib dünya bazarına çıxarır. Artıq Qazaxıstan da buna hazırlaşır. Qazaxıstanla Azərbaycan arasında Xəzər nəqletmə sazişi və ondan sonra da bir müəssisənin yaranması gerçəkləşəcək. Yəni, Qazaxıstan Xəzər dənizi üzərindən tankerlərlə 25 milyon tonacan neftini göndərə bilər və göndərəcək. Rusiya artıq keçən ildən (“Lukoyl” şirkəti) öz sektorunda neft hasil etməyə başlayıb. Bu 3 dövlət arasında elə bir problem yoxdur. Türkmənistanı isə qazını Xəzərin üzərindən dünya bazarına çıxartmaq problemi ciddi narahat edən məsələ deyil. Çünki hazırda Türkmənistanın yaxın 5 ildə əsas qaz alıcısı Çin olmalıdır.

- Sammitdə təhlükəsizliklə bağlı sənədə imza atılması, Xəzərin statusu məsələsinin həllinə hər hansı təsir göstərmir?

STATUSA FON

- Bu, ancaq statusa fon yaradan bir şeydir. Çünki bundan öncə - 2007-ci ilin oktyabrında Tehranda keçirilən 2-ci zirvə toplantısında da ekologiya ilə bağlı bir memorandum imzalanmışdı.

Xəzəryanı dövlətlərin birinci sammiti 2002-ci ilin aprel ayında Aşqabadda baş tutub. İlk zirvə toplantısında ikinci sammitin 2003-cü ildə Tehranda keçirilməsi barədə qərar verilsə də, bu işi 2007-ci ilin oktyabrında gerçəkləşdirmək mümkün olub. Bakıda keçirilən sayca üçüncü sammitdir.
XS
SM
MD
LG