Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:04

Polis: «Sürücüyə əziyyət verilməsə, maşını yenə burda saxlayacaq»


Dövlət Yol Polisinin rəsmisi Kamran Əliyev AzadlıqRadiosunun “Şəffaflıq” verilişinə müsahibəsində bildirir ki, “əgər sürücüyə əziyyət verilməsə, onun avtomobili təxliyyə vasitəsilə oradan götürülməsə, o yenə qadağan olunmuş yerdə saxlayacaq.”

Verilişdən ona oponentlik edən hüquqşünas İntiqam Əliyev isə hesab edir ki, qanunlar işləyən dövlətdə “vətəndaşa əziyyət vermək” ifadəsinə görə məmur cəzalandırılmalı idi: “Azərbaycan qanunvericiliyində vətəndaşa əziyyət verməklə onu ağıllandırmaq anlayışı yoxdur. Mən Yol Polisinin bu yüksək rütbəli əməkdaşının sözlərindən şoka düşdüm.”
Kamran Əliyev

Verilişdə sürücülər, yol polisi rəsmisi və hüquqşünasın iştirakı ilə yollardan maşınların hansı qanunla yığışdırılması, buna görə alınan cərimələrin niyə qanundan göstəriləndən yuxarı olması kimi suallar müzakirə olunub.

Dövlət Yol Polisində il ərzində yığılan məbləği açıqlamırlar, amma bütün pulların büdcəyə getdiyini deyirlər.

Qurumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirir ki, qadağan işarələri olan yerlərdə avtomobil saxlayan sürücülər İnzibati Xətalar Məcəlləsinin uyğun maddələri ilə cərimə olunur:

“Dayanma-durma qaydalarının pozuntusuna görə, avtomobilin sahibi 15 manatdan 20 manata qədər cərimə olunur. Bundan başqa Tarif Şurasının təyin etdiyi qiymətə uyğun olaraq da evakuasiya maşınına 20 manat ödəyir”.

Amma paytaxt Bakıda söhbət etdiyimiz sürücülər cərimə meydançalarına aparılan avtomobillərə görə onlardan dövlət rüsümundan artıq pul alındığını iddia edirlər.

-Mən banka girmişdim bir dəqiqə keçməmiş gördüm ki, maşınımı aparırlar. 50 manat verdim aparmadılar, düşürdülər. Mənə bildiriş versələr də onun üzərində polisə verdiyim məbləğ yazılmamışdır.

-Onu hamı bilir, evakuator maşını apardısa ən azıı 50 manat alıb buraxırlar. Bir həftə əvvəl mənim maşınımı metronun Gənclik stansiyası yaxınlığındakı cərimə meydanına apardılar 50 manat verəndən sonra maşını götürə bildim.
İntiqam Əliyev

Avtomobili iki dəfə cərimə meydanına aparılan Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev deyir ki, iki halın ikisində də pul ödəməyib. Dediyinə görə, o maşınların cərimə meydanına gətirilməsinin qanuniliyi barədə sənəd istəyib, amma belə bir sənədi ona verən olmayıb. Elə ona görə də cəriməni yol polisinin əməkdaşları özləri ödəyiblər.

Bundan sonra cəmiyyət sədri məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinə bəzi məsələlərə aydınlıq gətirlməsi üçün məktubla müraciət edib:

“Mən həmin məktubda atomobilin hansı əsasla cərimə meydanına aparılması, bunun hansı orqanın vəzifəli şəxsinin qərarı əsasında həyata keçirilməsi, avtomobilləri cərimə meydanlarına aparan evakuator maşınlarınin hansı qurumun tabeliyində olması, onların bu işi hansı hüquqi əsasla həyata keçirdiyi və daşınan maşınların qeydiyyatının aparılıb-aparılmaması, il ərzində cərimələrdən nə qədər pul yığıldığı və onun nə qədərinin büdcəyə ödənilməsi ilə bağlı suallara cavab istəmişəm.”

Hüquqşüans deyir ki, onun bu suallarına indiyə qədər heç bir cavab verilməyib. Ona görə də hesab edir ki, cərimələrdən yığılan pullarla bağlı Dövlət Yol Polisinin açıqlama verməməsi həmin vəsaitlərin xeyli hissəsinin mənimsənilməsi ilə bağlı şübhələrə əsas verir.

"ŞƏFFAFLIQ" proqramında müzakirəni burada dinləyin:

XS
SM
MD
LG