Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:25
Bu gün avro 1,356 dollara düşdü. Bu, son ay yarımda dollara nisbətən ən aşağı həddir.

Avronun düşməyi Azərbaycana sərfəlidir ya ziyandır?

Gəlirə baxanda, ölkənin gəlirinin 90 faizi neftdəndir, neft isə dollara satılır.

Neft fondunda pulun 40 faizi avroda saxlanır, 50 faizi dollarda.

Gəlirdə vəziyyətə baxanda, avronun düşməyi Azərbaycana sərfəli görünür.

Xərcə gələndə, Azərbaycanın xaricdən aldığının təxminən 40 faizi avroya alınır, yəni dolların payı daha böyükdür. Avronun düşməyi bu baxımdan sərfəli deyil.

İqtisadçı Bloqçular Mərkəzinin sədri Natiq Cəfərli:

“Əslində avronun düşməyinin və ya qalxmağının Azərbaycana cüzi təsiri var. Çünki Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına zəif inteqrasiya olunub. Azərbaycanda qiymətlərin yaranmağına inhisar və ya korrupsiya daha çox təsir edir, nəinki dünyadakı proseslər.”

YUNANISTAN, İNDİ DƏ İRLANDİYA

Avronun son ay yarımdakı enişinə səbəb İrlandiyanın borcları ətrafındakı narahatlıqdır. Qorxurlar ki, İrlandiya borclarının faizlərini ödəyə bilməyə.

16 ölkəni birləşdirən avro zonası son 6 ayda Yunanıstandan sonra ikinci dəfədir ki, belə ciddi böhranla üzləşir. O vaxt Yunanıstana 110 milyard avro yardım edildi.

“Borc problemini həll edə bilməsə, Avropa Birliyi vahid pul, avro məkanı kimi salamat qala bilməyəcək”- belə kəskin bəyanatı Birliyin sədri Herman Van Rompu maliyyə nazirlərinin Brüssel görüşü ərəfəsində deyib. Ancaq Van Rompu dərhal əlavə edib ki, avro məkanı böhranla bacaracaq.

Avropa Birliyinin maliyyə nazirləri bu günün sonunda və sabah toplaşıb, İrlandiyanı borc problemindən necə çıxarmağın yollarını arayacaqlar.

Düzdür, rəsmi Dublin kənardan köməyin lazım olmadığını deyir. Ancaq, hökumətin belə deməyini iqtisadiyyat yox, siyasətlə - noyabrın 25-dəki parlament seçkiləri ilə izah edirlər. Hakimiyyət problemi etiraf etsə, parlamentdəki çoxluğunu itirəcəyindən qorxur.

Maliyyə nazirlərinin Brüsseldəki toplantısına sədrlik edən Lüksemburqun baş naziri Jan Klod Yunker deyib: “İrlandiya hətta Yunanıstan sayağı borc istəməyi də fikirləşmir”.

İspaniyanın Mərkəzi Bankının sədri Miqel Ordonez daha sərtdir: “Dublin bazarları sakitləşdirmək üçün daha çox iş görməlidir. İrlandiya haqda qərar vermək mənim işim deyil, qərarı İrlandiyanın özü verməlidir”.

İrlandiya müxalifətində maliyyə siyasətinə baxan Maykl Nunan deyir: “Bizim vətəndaşlar getdikcə daha çox narahat olurlar, Onlar banklara görə narahatdırlar, hökumətin səriştəsinə görə narahatdırlar. Belə vəziyyət olmamalıdır. Nazirlər bir-birinin ardınca nəsə baş verdiyini inkar edirlər, Avropa banklarının başçıları isə tamam əksini deyirlər”.

BAZARLAR SAZİŞ GÖZLƏYİR

Bazarlar Avropa Birliyinin İrlandiyaya kömək edəcəyini gözləyirlər. Reuters agentliyi London birjasındakı bir dəllalın sözlərini sitat gətirir: “Bazar sazişin ortaya qoyulacağını düşünür və bu saziş yalnız vaxt məsələsidir”.

Avropa Birlyindəki mənbələr İrlandiyaya 45 milyard avrodan 90 milyard avroya kimi yardım olunacağını deyirlər.

BUNDAN SONRA NƏ OLACAQ?

Avropa İslahatları Mərkəzinin baş iqtisadçısı Saymon Tilford deyir ki, “əgər borc problemi İspaniyaya da gedib- çıxsa, onda böhran riski Avropada artıq nəzarətdən çıxacaq”.

Ancaq yaxın aylarda bu senari gözlənilmir.

Avropa Birliyinin Yunanıstan, İrlandiya, Portuqaliya kimi problemlərlə üzləşən dövlətlərə kömək üçün 440 milyard avroluq yardım fondu var.

Bütün bunların sayəsində, təhlilçilər ilin sonuna kimi avronun məzənnəsinə ciddi təhlükə görmürlər.

Əksinə, son dövrdə hətta Yunanıstan böhranı da avronu dollara nisbətən ucuzlaşdıra bilmədi, avro nəinki düşmədi, əksinə, son aylar kəskin artdı.
Səbəb bütün bu böhranlarla üzləşən avroya baxanda Amerika dollarının yenə də daha zəif olmasıdır.

Hətta Reuters Sidneydə Royal Bank of Scotlandın yerli bölməsinin təhlilçisi Qreq Qibsin sözlərini sitat gətirir ki, deyəsən, dünyada iqtisadi dirçəliş naminə dolların qalxmağı hazırda heç sərfəli hesab olunmur da. Qibs deyir: “dollar qalxmaqda davam etsə, dünya iqtisadi dirçəlişi yenidən dayana bilər”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG