Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:43

Bahalaşmanın növbəti dalğası


Son 15 gündə ərzaq mallarında orta hesabla 5 faiz qiymət artımı var

Son 15 gündə ərzaq mallarında orta hesabla 5 faiz qiymət artımı var

- Bahaçılıqdır, qəndin qiyməti 1 manat 20 qəpik olub. Bazara isə heç getmirəm, görürəm bahalıqdır heç özümü yormuram da. Oğlum işləmir, iş yoxdur, mən də pensiya alıram. Əvvəlcə kommunal xərcləri ödəyirəm, yerdə qalana da çörəkdən, qənddən, çaydan, makarondan nə düşürsə onu alıb dolanıram.

Qiymət artımından şikayətlənən təqaüdçü Gülər xanımdır. O deyir ki, təqaüdü 10 manat artsa da, dükan-bazardakı qiymət artımının yanında artımdan əvvəlki təqaüdü ona daha bərəkətli görünürdü. İndi aldığı 85 manatla heç bazarın qapısına da yaxınlaşa bilmir.

15 GÜNDƏ 5 FAİZ ARTIM


Yeyinti məhsullarının bahalaşdığını təkcə Gülər xanım demir. Bazarlarda aparılan müstəqil araşdırmalar da bunu göstərir. Məsələn, “Turan” İnformasiya Agentliyi noyabrdakı qiymət artımı ilə bağlı monitorinq aparıb. Gəldiyi nəticə isə budur ki, son 15 gündə ərzaq mallarında orta hesabla 5 faiz qiymət artımı var, bəzi məhsullarda, məsələn, un, qarabaşaq, ət və ət məhsulları, şəkər tozu və yumurtada bu göstərici daha yüksəkdir. Agentliyin monitorinqdə iştirak edən əməkdaşı Ramil Əliyev:

- Un məhsulları, qarabaşaq, şəkər tozunun bazarda qiymətləri qalxıb və bu qalxma prosesi artıq oturuşub. Bunu müəyyən mənada süni qiymət artımı kimi də qəbul etmək olar, eyni zamanda ixracın miqyasının azalması da qiymətlərdə qalxmaya səbəb olub.

Bakıdakı ərzaq mağazalarında biz də müşahidə apardıq. 1-2 ay öncə ilə müqayisədə unun kilosunda 1 manat, şəkər tozunda 20-30 qəpik, qarabaşaqda 1,5-2 manat, yumurtada isə 5 qəpik artım var. Bunu satıcılar da təsdiqləyir:

- Un, şəkər tozu 20-30 qəpik bahalaşıb, yumurta da 5 qəpik bahalaşıb.

Bahalaşan həm də meyvə-tərəvəzdir, bəziləri, məsələn pomidor, kələm, kökün qiyməti təxminən yarıbayarı artıb.

İLİN SONUNA 9 FAİZ?

Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, artıq Azərbaycanda bu bir ənənəyə çevrilib ki, təqaüd və maaşlarda cüzi də olsa artım olan kimi və ya bayram ərəfəsində yeyinti məhsullarının qiyməti mütləq qalxır. Təcrübə bu dəfə də təkrarlanıb. Digər əsas faktor isə illərdir davam edən inhisarçılıqdır:

- Ərzaq bazarı da oliqarxların arasında bölüşdürülüb, monopoliyaların əlində cəmlənib. Öncədən cəmiyyətdə gözlənti yaradıldı və bundan sonra qiymətlərin qalxma prosesi başlandı.

Natiq Cəfərliyə görə, qiymət artımı gələn ilin əvvəlinədək davam edəcək, ilin sonunda bahalaşma orta hesabla 9 faizə çatacaq, ən yaxşı halda bəzi məhsulların qiyməti sabit qalacaq, ucuzlaşmadan isə söhbət gedə bilməz.

Ərzaq məhsulları ilə bağlı İqtisadi İnkişaf Nazirliyi də mütəmadi olaraq monitorinqlər keçirir. Amma nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev qiymət artımının olduğunu nə təsdiqlədi, nə də inkar etdi. Bircə onu dedi ki, hazırda ət və ət məhsulları ilə bağlı monitorinq aparırlar və hələ ki heç bir bahalaşma qeydə almayıblar, o ki qaldı digər yeyinti məhsullarına bu barədə sualları yalnız noyabrın 22-də cavablandıra biləcəyini bildirdi.

SÜNİ YA MÖVSÜMİ BAHALAŞMA?

Kənd Təsərrüfatı Nazirliyinin isə ötən həftə bazarlarda apardığı araşdırma da üzə çıxarıb ki, bəzi məhsullarda, xüsusən də meyvə-tərəvəzdə bahalaşma var. Amma nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyir ki, bunu süni qiymət artımı adlandırmaq düzgün deyil, bahalaşma sadəcə mövsümi xarakter daşıyır, o ki qaldı nazirliyin buna təsir imkanlarına:

- Biz nazirlik olaraq qiymət siyasəti aparmırıq, biz qiymətlərə təsir edə bilmərik, qiymətləri bazar özü tənzimləyir. Biz ancaq yarmarkalar vasitəsilə bazara təsir edirik, yəni bizim yarmarkaların sayəsində bazarlarda qiymət artımının qarşısı müəyyən qədər olsa da alınır.

İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, ölkədə əksər sahələrdə, o cümlədən ərzaq məhsullarında qiymət artımının qarşısını almağın yalnız bir yolu var – inhisarçılığa, korrupsiyaya, monopoliyaya qarşı ciddi mübarizə yolu. Amma hələ ki bu yola çıxan bir kimsə görünmür.

Şərhləri göstər

XS
SM
MD
LG