Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:40
Jurnalistləri Müdafiə Komitəsi noyabrın 16-da verdiyi bəyanatda Azərbaycanlı məhbus jurnalist Eynulla Fətullayevi azadlığa buraxmağa çağırıb.

“Biz Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliyini yerinə yetirməyə və həbs olunmuş jurnalisti dərhal azadlığa buraxmağı tələb edirik”.

Bunu deyən Komitənin Avropa və Asiya Proqramının əlaqələndiricisi Nina Ognianovanın sözlərinə görə, heç kəsi bu yubanma taktikası ilə aldatmaq olmaz.

Onun fikrincə, jurnalistin dərhal azadlığa buraxılması ilə bağlı Avropa Məhkəməsinin qərarını yerinə yetirməmək üçün Bakı Apelyasiya Məhkəməsi Eynulla Fətullayev barəsində narkotikdən istifadə ilə bağlı uydurulmuş hökm verib.

Nina Ognianova deyir ki, Avropa Şurasının bir üzvü və Avropa İnsan Haqları Konvensiyasına imza atan Azərbaycan Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmək öhdəliyini daşıyır.

Avropa Məhkəməsinin qərarına görə, Eynulla Fətullayev dərhal azadlığa buraxılmalı və ona 65 min dollara yaxın məhkəmə xərcləri və təzminat ödənilməlidir. Azərbaycan hakimiyyəti bu qərardan Avropa Məhkəməsi Yuxarı Palatasına apelyasiya şikayəti versə də, bu qərar qüvvəsində saxlanıb.

Jurnalistləri Müdafiə Komitəsi ABŞ-da yerləşir və müstəqil təşkilat kimi dünyada söz və mətbuat azadlığını müdafiə edir.

Bu il noyabrın 11-də Ali Məhkəmənin Plenumunda terrorla hədələmə və irqi ayrı-seçkilik salmaqla bağlı jurnalistə verilmiş cəzalara xitam verilməsinə dair qərar çıxarılıb. Plenum vergi ittihamı ilə bağlı jurnalistin 2 il 3 ay 15 gün müddətinə təkrar azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Amma bildirilib ki, E.Fətullayevin 2007-ci ilin aprelindən cəza çəkdiyi nəzərə alınaraq onun barəsində çıxarılan bu cəza çəkilmiş sayılır və o azad edilir.

Bununla belə, qərar Eynulla Fətullayevin barəsində verilən narkotik ittihama aid edilməyib.

Ötən ilin dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin üzərindən narkotik maddə tapılıb. Buna görə, o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib. Eynulla Fətullayev bildirir ki, həbsdən azad edilməsinə imkan verməmək üçün narkotik maddə onun üzərinə qəsdən qoyulub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG