Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:25

ARTICLE 19 Qafqazı media problemlərini təcili həll etməyə çağırır


Bakıda müxalifət tərəfdarlarının keçirdiyi piketdə polis şüar səsləndirməyə imkan vermir, 12 iyun 2010

Bakıda müxalifət tərəfdarlarının keçirdiyi piketdə polis şüar səsləndirməyə imkan vermir, 12 iyun 2010


"CƏHDLƏRİ İKİQAT ARTIRIN!"


ARTICLE 19 beynəlxalq jirnalist təşkilatı ATƏT-in Cənubi Qafqazda Media Azadlığına dair son Bəyannaməsini müdafiə etdiyini bildirib. Təşkilat bu noyabrın 15-də yaydığı bəyanatında qeyd edir ki, həmin bəyannamədə göstərilən kimi Azərbaycan, Ermənistan və Gürcüstanda ifadə azadlığı sahəsində problemlərin olduğunu qəbul edir.

Adı çəkilən bəyannamə noyanrın 11-i və 12-də Tbilisidə keçirilən ATƏT-in Yeddinci Media Konfransında qəbul edilmişdi.

Cənubi Qafqaz ölkələrinin hökumətlərini özlərinin beynəlxalq öhdəliklərinə uyğun olaraq ifadə azadlığının təmin edilməsi üçün cəhdlərini ikiqat artırmağa çağırır. Bu gün yayılan sənəddə qeyd edilir ki, Azərbaycan, Ermənistan və Gürcüstanda informasiya əldə etmək hüququnu təmin edən qanunlar olsa da, reallıqda hökumət məlumatları əksər hallarda jurnalistlərə verilmir. Siyasi istək olmadığından bəzi hakimiyyət qurumları informasiya sorğularını cavablayacaq mexanizmlər belə yaratmayıblar.

ERMƏNİSTAN: QANUN VAR, NORMATİV SƏNƏDLƏR YOX

Ermənistanda İnformasiya azadlığı haqqında qanun 2003-cü ildə qəbul edilsə də onun işləməsi üçün lazım olan başqa normativ aktlar hələ təsdiqlənməyib. Azərbaycanda 2005-ci ildə qəbul edilmiş İnformasiya azadlığı haqqında qanunun tələbinə baxmayaraq hələ də İnformasiya Ombudsmanı təyin edilməyib. Dövlət orqanları çox tez-tez informasiya sorğularına “dövlət sirridir” deyə cavab vermirlər. Dövlət Neft Şikrəti kimi bəzi təşkilatlar isə ümumiyyətlə belə sorğuları cavablamayıblar, bildiriblər ki, onlarda bu barədə məlumat yoxdur.

Gürcüstanda da dövlət təşkilatları informasiya sorğularını çox ləng cavablamağa görə tənqid edilir. Belə ləngliyə görə hətta məhkəmə çəkişmələri var.

AZƏRBAYCAN: E. HÜSEYNOVUN QATİLİNİN TAPILMAMASI QORXU MÜHİTİ FORMALAŞDIRIB

Bundan əlavə, ARTICLE 19 Cənubi Qafqazda ifadə azadlığı sahəsində bəzi tendensiyalardan narahat olduğunu bildirir. Qeyd edir ki, hər üç ölkədə jurnalistlərə qarşı zorakılıqların cəzasız qalması ciddi problemə çevrilib. Azərbaycanda isə jurnalist Elmar Hüseynovun qatillərinin tapılmaması ölkədə tənqidçi jurnalistlər arasında çox ciddi qorxu mühiti yaradıb: “Cənubi Qafqaz respublikalarında ifadə azadlığının daha bir problemi dövlətin nəzarətində olan elektron media vasitələridir. Bu media qurumlarında birtərəfli məlumatlar verilir, bütün namizədlərə eyni qaydada efir imkanları yaradılmır. Nəticədə də seçicilərin çoxu yalnız hakim partiyanın fəaliyyətindən və fikirlərindən xəbərdar olur.

Məsələn, Ermənistanda rəqəmsallaşdırma prosesi əsas gətirilərək 2008-ci ilin sentyabrından elektron media vasitələrinə lisenziya verilməsi dayandırlıb. Həmin proses də 2015-ci ilə qədər çəkə bilər.

Azərbaycanda 2009-cu ilin yanvarından AzadliqRadiosu, BBC, Amerikanın səsi radiolarının yerli tezliklərdə yayımı dayandırlıb. Bunlar hakimiyyəti tənqid edən fikirləri də yayan yeganə mənbələr idi.

GÜRCÜSTAN: YAXŞI QANUNLAR İCRA EDİLMİR

Gürcüstanda Milli Kommunikasiya Komissiyası hakimiyyətdən asılılıqda ittiham olunur, qeyd edilir ki, bu Komissiya lisenziyaların verilməsi və tənzimləmə zamanı siyasi maraqlara uyğun hərəkət edir.”

ARTICLE 19 yaydığı bəyanatında həmçinin qeyd edir ki, Ermənistanda böhtan və təhqirə görə cinayət məsuliyyəti bu ilin mayında ləğv edilib. Amma bunun əvəzində yeni qəbul edilən Televiziya və Radio haqqında qanun ölkədə yayım plüralizmini məhdudlaşdırıb.

Azərbaycanda hələ də böhtan və təhqir cinayət məsuliyyəti nəzərdə tutur. Bundan da tənqidçiləri susudurmaq üçün tez-tez istifadə edilir.

Gürcüstanda isə əsasən yaxşı olan media qanunlarının icrasında ciddi problemlrə var, müstəqil mediaya münasibətdə ayrıseşkiliyə yol verilir.
ARTICLE 19 Azərbaycan, Ermənistan və Gürcüstan rəsmilərini ölkələrinin götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi və bu problemlərin həlli üçün təcili tədbirlər görməyə çağırır.

Noyabrın 15-də başqa bir beynəlxalq jurnalist təşkilatı - «Amnesty International» təşkilatı da Azərbaycan hökumətini məhbus jurnalist Eynulla Fətullayevi dərhal azadlığa buraxmağa çağırıb.

Azərbaycan rəsmiləri ölkədə media azadlığı sahəsində problemlərin olması barədə ittihamları adətən rədd edirlər. Bakıda rəsmilər bu cür tənqidlərə cavabda bildiriblər hansısa dairələr Azərbaycana təzyiq üçün media azadlığı məsələsindən bəhanə kimi istifadə edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG