Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:46

Feyziyyə. Son nəfəs















Şeir

Bilirsənmi sən haqlıydın əslində
hər şey vədəsində bitməliydi, vədəsində.
Qonşu qızına sevdiyi əsgərin
asfalt üzərində yazdığı «məni gözlə» sözlərini yağış yuduğu an.
və qızın nəfəsi ilə tərləmiş, «ölənədək gözləyəcəm»
yazılmış pəncərə şüşəsini qəfil əsən küləyin sındırdığı zaman.
donmalıydı zaman,
donmalıydı məkan,
insan…

Bilirsənmi sən haqlıydın əslində
hər şey vədəsində bitməliydi, vədəsində.
beş yaşlı qızcığazın ağ hasara qara kömür parçası ilə
«ev satlır» cızma qarasını etdiyi an.
və gənc ananın sevgilisinin arxasınca su atmaq üçün
doldurmaq istədiyi büllur qabın əlində çatladığı zaman,
donmalıydı zaman,
donmalıydı məkan,
insan…

Bilirsənmi, sən haqlıydın əslində,
hər şey vədəsində bitməliydi, vədəsində,
sonsuz qarının bir qış gecəsi
yuxuda bətnindən düşən körpəsinin qəfil üzünə gülümsədiyi an,
və qarının başucunda mürgü vuran naümid qocanın
«oğlum» pıçılsına səksəndiyi zaman.
donmalıydı zaman,
donmalıydı məkan,
insan…

Sən haqlıydın əslində.
insan xaindir deyəndə,
Sən haqlıydın əslində.
insan sevdiyindən dönür deyəndə.
sevdiyinin qatilidir deyəndə.
Sən haqlıydın əslində.
Sevgi də vədəsində bitməlidir, vədəsində.

Sən haqlı olduğun gündən,
bu şəhərdə hər kəs sənin qədər haqlı
Bütün «məni gözlə» yazılmış,
yağış yuyan küçələrdən keçən insanlar
eyni sözü pıçıldar o gündən-
«Hər şey vədəsində bitməlidir, vədəsində».


Son nəfəs

...nəfəsimi son ah kimi içimə çəkib
adını pıçıldadım ovuclarıma sübh namazında.
salavat çəkdim , hər xatırladığımda.
Adını bilmədiyim mərhum atanın ruhu şad olsun deyə
bütün ataların ruhuna rəhmət yalvardım Yaradandan.
Sənə də dua etdim
sağlara oxunan dualar tək,

Mənə «gözlərin yağış kimi safdı» deyirlər,
Parıltısını yaquta bənzədirlər.
Amma bu saf gözlərə görə sənə borclu olduğumu kimsəyə demədim.
Axı səni hər xatırlayanda abdəst alır onlar
Bilirsənmi, mən səni ağlayanda sevinirəm
çünki öncə könlümə ölüm düşür,
sonra «Bəqərə»
155-ci ayə.

Son nəfəsdə mənə deyə bilmədiklərini
yuxumda qara səhifəli bir dəftərə yazmışdın,
bir açar topunu da qoymuşdun qara dəftərin üzərinə getdiyində.
İndi hər gecə yuxumda oxumaq istədiyim qara dəftərin
səhifələri arasından nəm yaylıqlar,
Açırını sən verdiyin bağlı qapıların arxasından
dərisi soyulmuş quzular çıxır

Bu gün qəbrini ziyarətə gəlmişdim
Gülümsəyən bir maska da gətirmişdim
Hələ baş daşı qoyulmamış məzarına qoymağa,
axı sən gülməyi çox sevirdin.
Mən də gülüşü sevməyi öyrəndim,
ölümünə güldüyüm gündən sonra.
Çökdüm büründüyün torpağın üzünə,
adımı pıçıldadım ovuclarıma ,
sonra Salavat çəkdim ovsun oxunmuş əllərimlə,
gözlərimdə abdəst dodağımda gülüş.
Birdən kimsə «son nəfəsdə mənə deyə bilmədiklərini
Hər gecə yuxumda qara səhifəli dəftərə yazırsan»-deyə pıçıldadı.
Başımı qaldırdım və anladım ki…


Analogiya-1

Qarabağı erməniyə uduzan sayaq
uduzdun məni.
İnsanlar didərgin düşəndə itirdiklərini,
Sən məni uduzanda itirdin.
Köçkünlər haradan, necə,
nələri qoyub gəldiklərini
unutduqları qədər dəhşətli idi
məni unutmağın.
Xatirələr Xocalı şəhidlərinə bənzəyir,
Ölüsünün də bircə salamatı yoxdur-
başı kəsik,
beyni tökük,
dərisi soyulmuş,
gözləri oyulmuş.
Arzular urvatsız qazilər kimi
Çıxılmaz vəziyyətdədirlər-
Nə özləri ölə bilir,
Nə məni öldürə.
Müasir qəhramanlar
itirilmiş torpaqların adlarını
şadlıq saraylarına qoyduqları kimi
adımı qızına qoydun.
İndi mən,
yaddaşında dəhşətli kadrlar olan,
heç kimin sevmədiyi
sənədli filməm.
Mənimçün hər gün
Şəhid xatirələrin anım gecəsidir,
Mənimçün hər yer Qarabağ,
Hər yol döyüş küçəsidir.


Analogiya-2

Bütün əsirlərin azad xatirələrlə dolu keçmişi var
sənin kimi.
Bütün toz basmış xatirələrin əsir düşmüş bir sahibi var
mənim kimi.
Ön cəbhə, döyüş, atışma, qan dolu çuxurlar,
gözləri heyrətlə baxan meyidlər,
Və sən, daş parçasını qan ağlayana qədər yalın ovcuna
sıxıb qaldığın uçmuş binanın arxası.

Arxa cəbhə, elçilik, müqavimət, ata-ana öyüdü, qohum-qonşu danlağı,
Gözləri təəccüblə baxan insanlar,
Və mən, gedərkən qapımıza sancdığın qönçə gülün
ləçəkləri tökülmüş tikanlı gövdəsini
sinəmə sıxıb çökdüyüm bağlı qapının arxası.

Sən döyüşdüyün günlərin, anların sayı qədər mən də döyüşdüm,
inamla, təkidlə.
sən insan qatili oldun, mən ümid qatili.
mən dözməyi, döyüşməyi, öldürməyi səndən öyrəndim,
elə məğlubiyyəti də.
Öldürdüyün qədər mərd deyilmişsən,
ölməyi bacarmadın
məni də özünə oxşatdın.
Əllərini və ağ bayrağı qaldırdığın gün,
məni də təslim etdin.
Sənin əllərini bağlayan kəndirdirdən birini
qırmızı boyayıb belimə bağladılar.
Geriyə gedən yolu tanımayaq deyə
sənin gözünü, mənim üzümü örtdülər.
Dodağımda, yanağımdakı boyanın izləri,
Ehtirasını üzündəki tər damlalarında soyutmuş
düşmən siqaretinin izləri kimi göynətdi.
Sənin çıxarılmış dırnaqların qədər əzab verdi, mənə qoyulan süni dırnaqlar
Yolüstü səni sönən şəhərin, məni yanan çırağın başına hərlədilər
Bizi əsirliyə itələdilər…

bunca işgəncədən sonra düşmənin məğlub əsgərin qarşısında
Sarı gəlin havasını zümzümə etməsinə bənzəyirdi mənimçün çalınan vağzalı.
Biz necə də oxşarıq, qarabağlı əsir, qarabaxtlı əsir.
Daha nə irəli yol yoxdu, nə geriyə
Sən demə əsirlik- ömürlə ölümün ayrıcında sürünməkmiş…
Diri-diri torpağın üstündə çürüməkmiş
Bundan sonra daha doğmalar da bizi axtarmayacaq
Amma mütləq bir gün gizlicə əsirlikdən bəhs edən filmə baxacaqlar…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG