Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:23
“Yeni tərkibdə fəaliyyət göstərəcək parlamentdə təmsil olunan müxalifətçi deputatların və bu düşərgəyə aid olan partiyaların birliyinin yaradılmasına ehtiyac var”.

Bu təkliflə Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı çıxış edib. S. Rüstəmxanlı APA-ya açıqlamasında deyib ki, parlamentdə təmsil olunan müxalifət partiyalarının bir araya gələrək müxalifət blokunun yaradılması qaçılmazdır:

“Buna çox böyük ehtiyac var. Belə olsa biz parlamentdə bütöv bir müxalifət düşərgəsinin fikrini ifadə edə bilərik. İddialı deyilik ki, dediyimiz söz bütün müxalifət partiyaları tərəfindən qəbul olunsun və yaxud da onlar bizim apardığımız mübarizənin dəyərini bilsinlər. Onsuz da Azərbaycan mühitində bu mümkün olan deyil. Nədənsə, parlamentə getməyənlər, ora gedənləri ittiham edir”.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa və Ədalət Partiyasının sədri İlyas İsmayılov isə bu barədə müzakirələrin Konstitusiya Məhkəməsinin seçkinin nəticələrinin tanınması ilə bağlı qərarının elan edilməsindən sonra aparılmasını məqsədəuyğun hesab ediblər. F. Mustafa deyib ki, Milli Məclisin ümumi palitrası müəyyən olunandan sonra bu mövzu müzakirə oluna bilər:

“Ötən parlamentdə də bununla əlaqədar cəhdlərimiz oldu, lakin bəzi partiyalardan olan deputatlar birlik məsələsinə isti yanaşmadılar və fərdi fəaliyyətə üstünlük verdilər”.

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə və millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev isə həmkarları Sabir Rüstəmxanlının təklifini müsbət dəyərləndiriblər.

Asim Mollazadə bildirib ki, bu məsələ barədə S. Rüstəmxanlı ilə müzakirə aparıb:

“İlkin mərhələ olaraq “Demokratiya” seçki blokundan seçilən deputatların birliyinin yaradılmasını düşünürəm. Həmçinin digər müxalifət partiyalarından olan deputatların ümumi müxalifət bloku təsis etməsi məsələsi də müzakirələr olunacaq. Bu müxalifətdən olan deputatların parlamentdə birgə fəaliyyətinə də geniş imkan yaradar”.

Qüdrət Həsənquliyev isə deyib ki, Milli Məclisin yeni tərkibdə iclası başlayana qədər, yaxın günlərdə müxalifətdən olan və yeni seçilən deputatlar bir araya gəlməli və özlərinin parlamentdəki fəaliyyətlərinin koordinasiya olunması ilə bağlı bir müzakirə aparmalıdırlar:

“Çalışmalıyıq və iqtidarı da çağırmalıyıq ki, əvvəlki illərdən fərqli olaraq müxalifətin parlamentin rəhbər orqanlarında təmsil olunmasına şərait yaratsın. Azərbaycanda parlament müxalifəti konstruktiv bir müxalifətdir. Məncə, hakimiyyətin bu müxalifətlə münasibətlərində problem olmamalıdır. Biz ölkədə siyasi münasibətləri yeni mərhələyə keçirməliyik ki, Azərbaycan cəmiyyəti və siyasi sistemi də bundan faydalanmış olsun”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG