Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:55

Kənan Hacı. Getmək















GETMƏK

Səlim Babullaoğluna və özümə

Getmək...
felin şəxsə və zamana görə dəyişməyən forması deyil,
şəxsə və zaman məğlub formasıdır;
qarşısına çıxan daşa dəyib çiliklənən yollar
bu həqiqəti öz qırıntılarıyla təsdiqləyir.
Bu şəhərdə kökdən düşmüş yollar var,
ayaqqabılarımızın yeyilmiş dabanıyla birgə
ömrünü başa vurub onlar...

Getmək istəyi
qapını tapıncaya qədər axırına çıxar, dost;
hövsələn daralar, bağrın çatlayar.
Bu yollar bizimlə bitmək istəyir,
bir beton qapı da var-
elə hey arxamızca bağlanmaq istəyir...
kimdisə uzaqdan çağırır, çağırır, çağırır...
ləpələnən səsi ümidlərin sahilinə dəyib qayıtdıqca geri,
seytnot vəziyyətinə düşürsən, dost.

Getmək
son ucda çıxdığın nöqtəylə toqquşmaqdı,
gəldiyin yolu qayıtmaqdı həm də
və bu ucuz fəlsəfəylə baş qatmaqdı getmək...
isbatı olmayan düstur,
içi lax çıxmış yumurta,
qarsalanmış ümid-
bunların hansından zəhərlənmisən?
Tərəddüd çemodanının üstündə oturub
fikirləşməyə hələ ki, vaxtın var, dost...

Getmək
həm də özündən sonra iz buraxmaqdır,
ilbiz keçdiyi yerlərdə parıltılı iz buraxır,
arxada iz yoxdusa qarşıda uçurum var,
ilbiz təki öz evini kürəyində daşıya bilmir insan;
daşınmaz əmlakla çidarlanır torpağa.
Demək getmək yerində saymaqdı həm də.

“Getməyin binası” üzərində
gələcəyin ağ bayrağı dalğalanır;
gələcək uduzur keçmişə yenə,
təhlükədən sığortalanmısanmı, dost?

Getmək...
gələcək günləri bəxtəvər etmək,
məğlubiyyətini keçmişdə dəfn etmək asanmı məgər?
keyidici emiqrant iynəsinin təsiri çəkilib gedincə
içində quyu kimi dərin bir ağrı qalar,
yad torpaqda ölmək qorxusu
yarğan kimi açılar köksündə,
oğulsansa, dəf et bu qorxunu görüm!..

Getmək...
min dəfə ölüb-dirliməkdi bu;
bircə nəfər belə çatmır dadına,
gəlişin haçan olub, gedişin nə vaxt oldu,
düşməzsən bir kimsənin yadına,
sanma ki, müşküllər getməklə asan olur,
heç də asan deyilmiş,
getmək də bir iş deyilmiş, getmək...

Getdiyin yerlərdə ayaq izlərin deyil,
barmaq izlərin qalar,
ömrün dolaşıq yollarından
bir cığır açılar uşaqlığına...
səd heyf, eyni yerdə, eyni vaxtda
görüşə bilməzsən doğmalarınla,
vaxt başqa, məkan başqa, qiyafələri ayrı...
Getmək istəsən,
onların alnındakı qırışlara ilişib qalacaqsan.
Həmişə getməyə bəhanəmiz var,
həmişə getməyə bir yerimiz var,
upuzun bir yola çıxmışıq, mənzil başına isə lap az qalır
düz sayıramsa əgər...

31 mart- 07 aprel, 2010

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG