Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:36
“Kommunist” qəzetinin 26 aprel 1937-ci il sayında R.Həsənov, Q.Qorski imzalı müəlliflərin müsavat rejimi və müsavatçılar haqqında məqalələri yer alır.

“Müsavatçı qontrrevolusionerlər Azərbaycan xalqının qəddar düşmənləridir.


Qontrrevolusioner müsavatçılar gürcü menşevikləri və daşnakları ilə ittifaq bağlayaraq 1918-ci ilin yanvar ayında Türkiyə cəbhəsindən qayıdan revolusion rus əsgərlərini Şamxor stansiyası yanında vəhşicəsinə qırmışlardı. Öldürülmüş minlərlə əsgərin meyiti dəmiryol boyu tökülmüşdü. Müsavatçılar bu murdar və xəyanətkar hərəkətləri ilə özlərini tarixin lənət qapılarına mıxlamış və həqiqətən qəddar, qırğınçı “şöhrətini” qazanmışlardı.
Alçaq quldurlardan olan müsavatçılar öz müttəfiqləri ilə - gürcü menşevikləri və erməni daşnakları ilə birlikdə, Zaqafqaziya əməkçilərinin iradəsini həyasızcasına tapdalayaraq, Zaqafqaziyanı revolusion Sovet Rusiyasından ayırmışlardı.
Müsavatçı banditlər Azərbaycanın “istiqlal mübarizləri” roluna girərək, 1918-ci ildə Bakıda sovet hakimiyyətindən alçaqcasına qisas almaq üçün sultan Türkiyəsinin və imperialist Almaniyasının ordularını yardıma çağırmışlardı.

“Almaniya- Türkiyə imperializminin nökərləri və alçaq lakeyləri”


Müsavat hökumətinin baş ministri Nəsibbəy Usubbəyov 1918-ci ildə demişdi: “Əcnəbi dövlət müdaxiləsinə müraciət etməkdən başqa yolumuz yoxdur... Deleqasiyamızın Batuma gedib, Şərqi Zaqafqaziya türkləri adından Osmanlı imperatorluğundan yardım istəməsi vaxtı çatmışdır”. Bu Usubbəyov həmin nitqində hələ həyasızcasına iddia etmişdir ki, guya o, “Azərbaycan istiqlaliyyətinin qeyrətli tərəfdarıdır”.
Başqa Məhəmməd Əmin Rəsulzadə olmaqla müsavatçıların özlərini Almaniya- Türkiyə imperializminin nökərləri və alçaq lakeyləri kimi, Azərbaycan istiqlaliyyətinin ən qəddar düşmənləri kimi göstərdiklərini bundan sonra bir daha sübut etməyə ehtiyac varmı?
Müsavatçı qontrrevolusionerlər işçilərin 1917-1918-ci illərdə əldə etdiyi bütün fütuhatı məhv etmişlərdi. Onlar kollektiv müqaviləni, 8 saatlıq iş gününü ləğv etmişlərdi. Milliləşmiş neft sənayesini sahiblərinə qaytarmış və pozğun hala salmışlardı. Onlar neft sahiblərinin hüququnu özlərinə qaytarmışlardı. Onlar on minlərlə işçini aclığa və ölümə məhkum etmişlərdi.
Müsavatçılar edam cəzasını və çar qanunlarını bərpa etmişlərdi. Bu mənfur həşərat, Azərbaycan xalqının ən yaxşı oğullarını, Əli Bayramovu, Haşım Əliyevi, Musəvini və başqalarını öldürmüşlərdi.

“Qardaş müharibəsi erməni – türk qırğını”


Bu müsavatçı qontrrevolusionerlər daşnaklarla və menşeviklərlə ittifaq bağlayaraq, öz ağalıqları illərində Zaqafqaziyanı şiddətli milli qırğın meydanına çevirmişlərdi.
“Revolusiya ilə mübarizədə çarizmin ən murdar üsullarını mənimsəmiş olan müsavatçılar – bu Azərbaycan talançıları revolusiya yanğınını söndürməyə çalışaraq, 1920-ci ilin fevral-mart aylarında daşnaklarla birlikdə Şuşada, Xankəndində, Əskəranda və başqa yerlərdə qardaş müharibəsi, erməni-türk qırğını təşkil etmişlərdi”. (M.C.Bağırov.)
Lakin mənfur müsavatçı cəlladlar tarixin çarxını əbəs yerə geri döndərməyə çalışırlardı. Bu murdar kapitalist və bəy-xan əsarəti rejimi üçün ölüm qərarı çoxdan çıxarılmışdı. Müsavatçı qontrrevolusionerlərin qanlı rejimi revolusion Bakı işçilərinin və Azərbaycan kəndlilərinin, ulu Stalin tərəfindən yetişdirilmiş Azərbaycan bolşevikləri rəhbərlərinin mübariz ruhunu qıra bilmədi və qıra da bilməzdi”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG