Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:51

“21-ci əsrdə “Azad Seçki” istəmək böyük rəzillikdir”


Ötən həftə sonu parlament seçkilərinin keçirilməsi bloqların da diqqətindədir. Hələ də seçkilərin ədalətli, şəffaf keçirilib-keçirilmədiyini sual edirlər. Əksəriyyət də eyni fikirdədir...

Məclis totalizatoru…

Natiq Cəfərli yazır:

“Milli olmayan Məclisimizə düşən, daha dəqiqi, ora siyahı ilə salınan insanların adlarını oxuyanda, insana elə gəlir ki, seçkilərdən öncə bizim oliqarxlar bir yerə yığışıb, çox böyük bir məbləğdən mərc gəliblərmiş ki, kimin daha çox adamı o məclisə düşəcək, və indi, bu seçki rəzalətindən sonra, oturub hesablayırlar, kim bu mərci uddu, kim uduzdu. İlkin hesablamalara görə, bu mərcin favoriti kimi Rövnəq Abdullayev görünür, amma bilmək olmaz, ondan da güclü oliqarxlar var, yəqin ki, yaxın günlərdə kimin udmağı haqqında daha dolğun təsəvvür yaranacaq.

Bizlərə, millətə yazıq olur ki, parlament seçkilərini də bunlar totalizatora çeviriblər…”.

Seçməyən seçicilərin seçilmiş Seçimi

Zərintac yazır ki, “əslində parlament seçkilərində artıq hər kəsin adı Milli Məclisdə öz kreslosunun altına pərçimlənmişdi. Sadəcə dünya ictimaiyyətinə Xəzəri belə dalğalanmayan ölkədə həyat olduğunu bildirmək üçün seçki tamaşası səhnəyə qoyuldu”:

***

Dədəqorqud isə bloqunda seçki pozuntularına dair video görüntülər yerləşdirib. Tanış olmaq istəyənlər burdan izləyə bilər.


“21-ci əsrdə “Azad Seçki” istəmək böyük rəzillikdir”

Araz Önər bu fikirdədir:
O dünyada ki, bizdən 5000 kilometr qərbdə insanlar küçə heyvanlarına ev axtarırlar, biz isə ev insanlarını küçələşdirməyi arzulayırıq.

Bu seçki bizim yox, seçkini səbirsizliklə gözləyən, 20 manat qarşılığında kimə gəldi səs verən insanların taleyini müəyyənləşdirdi. Ölkənin taleyini aclar həll edəndə, orada toxlar da getdikcə ac olacaq. Bu ölkə acların taleyidir. Ac itin yiyəsi ona birinci sümük tullayandır. Sümüksə kimin əlindədir, açıq-aydın bəllidir”.

“Azərbaycan türkləri uçurumun kənarına gəlməyincə oyanmır”


Keçəl yazır ki, xalqı təmsil etdiklərini iddia edən “Milli Məclis”in iddiaları elə iddia olaraq qalmaqdadır:
“Demokratik yolla seçilməyən, yuxarıdan təyin olunan məclis heç bir zaman xalqı təmsil etmək səlahiyyətinə sahib ola bilməz. Xalqı ancaq onun seçdiyi insanlar təmsil edə bilər. Xalqdan iradə almayınca heç bir məclis xalqı təmsil edə bilməz və belə “məclis”in qəbul etdiyi “qanun”lar hüquqi deyildir... Çox sevdiyim xalqçı, türkçü, cümhuriyyətçi adlandıra biləcəyim Şirməmməd Hüseynov ANS televiziyasında Mir Şahinə verdiyi müsahibəsində belə deyir: “Azərbaycan türkləri uçurumun kənarına gəlməyincə oyanmır...”.

Paslanmaqda olan karusellər

Emil Qala
karusel sözünün terminoloji izahını verərək, Azərbaycanda bu sözün fərqli mənasının olduğunu yazır:

“Dövrümüzdə bu sözün digər bir mənası da var, bu, seçki manevrlərinin bir növü kimi səciyyələnir... Sizin mindiyiniz bu karusellər bir gün 1990-ci illərdə Bakı bulvarında baş vermiş bədbəxt qəzanın gününə düşəcək. Geci-tezi var. Baxmayaraq ki, bu seçkilərdə karuselləri yaxşıca yağlamışdılar, amma bilmək olmaz, sükanı sizdə olmayana etibar etmək olmaz. Özü də unutmayın ki, yenicə yağlanmış karusel yuxarı necə sürətlə qalxırsa, qırılsa, aşağı düşəndə qalxdığı sürət onun yanında yalan olur”.

***

Passat33 hesab edir ki, seçkilərin nəticələri əvvəldən bəlli idi:

“Son ana qədər yal gözləyənlərin bütün ümidləri puç oldu. Onsuz da əvvəlcədən hamı bilirdi ki, nə İsa Qəmbəri, nə Əli Kərimlini, nə də digər mövqeyi aydın siyasiləri parlamentə heç vaxt buraxmayacaqlar. Hanı Cümşüd Nuriyev, Araz Əlizadə, Sərdar Cəlaloğlu, Rauf Arifoğlu, Əhəd Abıyev?.. Siyahının davamını özünüz yaxşı bilirsiniz...
Belə məlum oldu ki, artıq iqtidarın yarımçıq girənlərə ehtiyacı yoxdur. Həm də bu "seçki" ilə rejim ağıllı adamlar üçün birdəfəlik aydın mövqe ortaya qoydu: Bizimlə olmayanlar bizdən deyil!”.

**

Civə də 7 noyabr seçkisinə öz münasibətini bildirib:

“Seçkiyə hazırlıq dönəmində nələr baş verdi, bunlar bir qırağa.. İctimai TV-də (İTV) hər bir namizədə 4 dəqiqəlik danışmaq vaxtı verilən “”Xalq seçir”" şousu göstərildi. Əslində bu debatlar məndə 2 fikir oyatdı: Danışmağa azad efiri olmayan müxalifət bu 4 dəqiqəni ölkədəki yaşadığımız eybəcərlikləri dilə gətirmək üçün istifadə etdi. Digər tərəf isə həmişə etdikləri kimi, malaladılar, yudular!.

Hər debatdan sonra növbəti debata qədər bitməyən müzakirələr gedirdi FACEBOOK-da. Bir vaxtlar facebook-a üzv olanda bilməzdim ki, bizim hər bir söz-söhbətimiz, xeyirimiz-şərimiz facebook-da həll ediləcək...”.

Oyuncaq parlament seçkiləri

Deffektiv bloqu “parlament seçkilərini total saxtakarlıqlar, karusel əməliyyatları, adamların məcburi kütləvi səs verməyə gətirilməsi, “işdən çıxararıq”, “səni taparıq” kimi hədələrlə, müşahidəçilərə kəllə atılması, jurnalistlərin girov saxlanması ilə keçən rüsvayçılıq kimi qiymətləndirir”. Bloqçu “exit-poll”çulara da ilişib:

“Günorta 19 saylı Nərimanov 1-ci seçki dairəsində səs verməyə getdim. Məntəqənin həyətində exit-poll keçirmək üçün durmiş iki gənc məntəqəyə nə girəndə, nə də çıxanda mənə yaxınlaşıb sual vermədilər ki, kimə səs verməyə gəlmişəm. Başqa səs verməyə gələnlərə də yaxınlaşıb belə bir sual vermirdilər, elə oturub bir-birilə söhbət edirdilər. Lakin indicə (axşamdır) telekanallarda exit-pollun nəticələrini oxuyan qadın deyir ki, exit-poll sorğusuna görə, Nərimanov 1-ci seçki dairəsində Əli Əhmədov daha çox səs toplayıb”.

“Qış Bulvarı” – kütləvi dağıntılar

Fuad Ağayev yenə də “Qış Bulvarı”nda aparılan söküntü işlərindən, evlərin qəzalı vəziyyətə salınmasından yazır:

“Bəlkə Füzuli, Rəsul Rza, Şəmsi Bədəlbəyli və Əlimardan Topçubaşov küçələrində, layihəsi çoxdan batırılmış «Qış Bulvarı» ərazisində yaşayanlar PKK terror təşkilatından daha təhlükəlidir? Hansı əsasla Prezident Administrasiyasına, Baş Prokurorluğa, digər hüquq mühafizə orqanlarına vətəndaşların göndərdikləri müraciətlər hadisələrin önündə olan Bakı şəhər icra hakimiyyətinə göndərilir? Necə olur ki, Hacıbala Abutalıbov, Zülfəli İsmayılov kimilər dövlət qulluğu ilə bir araya sığmayan hərəkətlər edirlər, onlara gözünün üstündə qaşın var deyən yoxdur?
Hakimiyyətdəkilərin niyyəti vətəndaşların öz ev-eşiklərindən kvadrat metri 1500 manatdan imtina etməsinə nail olsunlar. Məcburiyyət qarşısında ata-baba mülkünü, mənzilini tərk etməyə məcbur olanların sayı yüzlərlə, bəlkə də minlərlədir. Ərazidə partlayış nəticəsində artıq bir nəfər həyatını itirmişdir, ürək-sinir sistemi bu amansızlığa davam gətirməyən daha neçə-neçə adam dünyasını dəyişmişdir. Nə baş verməlidir ki, bu özbaşınalıq, qanunsuzluq dayandırılsın?”.

Bakı və Tbilisi metrosunun fərqi

Ramilə Əliyeva
Azərbaycan və Gürcüstan paytaxtlarında gün ərzində minlərlə adama xidmət edən metroların fərqindən yazır:

“Bakı metrosu içindəki izdiham məni hər dəfə ora enəndə çaşdırırdı. Buna Tiflisdə rast gəlmək o qədər çətindir ki. Bakıda bəzən bir stansiyadan o birinə getmək üçün bir neçə dəfə qatarı buraxıb digərini gözləməli olurduq. Tiflis metrosunda isə belə deyil. Çox zaman metroda insanların sayını saymaq olur...
Gürcüstan bir neçə ildir ki, test imtahanlarına keçib. Ali məktəblərə bu üsulla qəbul olurlar abituriyentlər. Bu imtahanlar arasında ümumi bacarıqlar adlı fənn də var. Bu imtahanın içərisində bir sual diqqətimi çəkmişdi. "Nəqliyyata qoca insan minsə siz ona yerinizi verərsinizmi?" İki cavab var idi, bəli və xeyr. Düzgün cavab xeyr idi. Məntiqi izah isə: "Mən öz yerimə pul ödəmişəm və onu başqasına verməyə borclu deyiləm". Bəlkə də Tiflis metrosunda, nəqliyyatında kiməsə yer verməməyin səbəbi budur, ya da ki, kapitalizmin tələbi...”

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG