Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:03
“Kommunist” qəzetinin 30 sentyabr 1937-ci il sayında Azərbaycan Dövlət Dram teatrı haqqında məqalə yer alır. Məqalənin müəllifi qeyd edilməyib.


Azərbaycan Dövlət Drama Teatrını burjua nasionalistlərinin əlaltılarından təmizləməli

Hazırkı Azərbaycan Dövlət Drama Teatrının keçmişdə- çar və müsavat dövründəki vəziyyəti nə qədər də acı, nə qədər də ürək bulandırıcı idi.

Bu teatrın adı var idi, özü isə yox idi. Ona kimsə fikir verməz, xərclərinə kömək etməzdi. Artistlər ac, yalavac, sərgərdan qalmışdılar.

Onlar dilənçi bir həyat keçirirdilər. Onları alqışlamaq əvəzinə, lax yumurta və çürük pomidorla qarşılayır, fitə və şüşəkkiyə basırdılar.

Getsin o qara günlər bir də qayıtmasın! Lakin o günləri qaytarmaq istəyənlər də var idi. Onlar, Sovet hakimiyyətinin zəfərli qızıl bayrağı altında misli görünməmiş bir sürətlə artan və inkişaf edən Azərbaycan xalqının sevimli və qüvvətli kultura ocağına çevrilmiş bu teatrı və onun artist kollektivini acı günlərə, dəhşətli keçmişə qaytarmaq istəyirdilər.

Onlar doğma teatrımızı dağıtmağa, sovet artistlərimizi qan içərisinə qərq etməyə çalışırdılar.

Onlar teatrın repertuarını düşmən və yabancı əsərlərlə zibilləməyə, gənc kadrların irəliləməsi qarşısına süni sədd çəkməyə səy edirdilər.

Onlar verdikləri alçaq keyfiyyətli oyunları ilə sovet tamaşaçılarını öz doğma teatrlarından çirkindirir və bu kimi əclaflıqlardan geri çəkinmirdilər.

Lakin xəyanət başında tutulmuş banditlərə öz murdar istəklərinə nail olmaq müəssər olmadı və ola da bilməz!

Onlar sovet teatrımızı və onun sağlam aktyor kollektivini sovet platformasından qırağa çəkə bilmədilər və çəkə də bilməzlər!

Lakin onların bu teatra vurduqları ziyanların nəticələri hələ də tamamilə aradan qaldırılmamışdır.

Onların əlaltıları hələ bu son günlərədək teatrda öz çirkin işlərini görürdülər. Bu günlər teatrda gedən aktiv iclası bunu açıqcasına sübut etdi.

Ülvi Rəcəb
Aktiv iclası teatrda xalq düşmənlərinin bir neçə əlaltılarının olduğunu aşkara çıxardı.

Bu əlaltılar kimlərdir? Bunlar keçmişləri dumanlı, ləkəli və hazırki işləri sovet quruluşuna zidd adamlardır.

Bunlar xalq düşmənlərinin vasitəsilə “ irəli” çəkilən “talantlardır”.

Budur, Ülvi Rəcəb. Bu adam xalqın qəddar düşmənləri – yapon-german faşizminin agentləri R.Axundovun və Ə. Trinicin vasitəsilə teatrda soxulmuşdur.

Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam tez bir zamanda “məşhurlaşmış” və respublikanın əməkdar artisti kimi şərəfli bir ada “nail” olmuşdur.

O xalq düşmənləri R.Axundov, Ə.Trinic, Ə.Kərimov, H.Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reaksion qəzetlər oxumuş, patefonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış, gənc kadrların inkişafına mane olmuşdur.

Budur, Mirzəağa Əliyev, çar kazaxının oğlu olan bu adam müsavat zabiti olmuşdur.

Həmişə belində tapança olaraq qoçuluq edərmiş. Xalqın ifşa edilmiş əclaf düşmənləri D.Bünyadzadə, H.Sultanov, R.Axundov, Ə.Trinic və başqaları ilə sıx əlaqə saxlamış, onların kef məclislərində təlxəklik etmiş, kontrrevolusion anekdotlar söyləmiş, xaricdə yaşayan keçmiş arvadı ilə əlaqə saxlamış, D.Saraplı, Vəlixanlı və bu kimi gənc kadrların inkişafına mane olmuş və teatrda intriqa alovlandırmışdır.

Bütün bunlara baxmayaraq o, öz havadarları olan xalq düşmənlərinin və burjua nasionalistlərinin yardımı və vasitəsilə xalq artisti kimi şərəfli bir adı qazanmaq imkanı tapa bilmişdir.

Budur, Möhsün Sənani. O, özünün məişətcə pozğunluğu, şübhəli və ləkəli elementlərlə sıx əlaqəsi, sovet aktyoruna yaraşmayan murdar hərəkətləri ilə məşhurdur.

Budur, Fatma Qədri. Onun məişətcə pozğunluğunu, bir neçə ərə getdiyini, yaramaz hərəkətlərdə bulunduğunu, teatrda kontrrevolusion şayiələr yayaraq, xalqın qəddar düşmənlərini müdafiəyə qalxışdığını kim bilmir?

Budur, Şəmsi Bədəlbəyli. O, keçmişdə teatra “rəhbərlik” edən Ə.Trinic, Ə.Kərimov, H.Nəzərli kimi kontrrevolusioner direktorların əlaltısı olmuş, onların çaldığı havalarla oynamış və hazırda kontrrevolusioner qardaşı ilə əlaqə saxlayır.

Budur, Rüstəm Səidov. Xalq düşməni H. Nəzərlinin yaxın dostu olub, direktor müavinliyinə soxulan bu adam, teatrda xalq düşmənləri tərəfindən uzun müddət davam edən maliyyə pozğunluğunun qabağını almağa məcbur olduğu halda, bu barədə heç səsini belə çıxarmamışdır.

Möhsün Sənani (solda) Qoçu Əsəgr rolunda (O olmasın bu olsun)
Bütün bu şübhəli və ləkəli adamlar, burjua nasionalistlərinin əlaltıları olan bunlar, artıq ifşa edilmiş və teatrdan qovulmuşlar.

Teatrın əsasən sağlam olan kollektivi ciddi işə girişmiş və sezona hazırlaşır. Onlar sezona mükəmməl hazırlaşmaqla sübut edəcəklər ki, xalq düşmənlərinin və burjua nasionalistlərinin teatrdan qovulmuş bu əlaltılarının yerini onlardan qat-qat yaxşı və məharətlə dolandıra biləcək gənc kadrlarımız vardır.


P.S. Milliyyətcə acar olan Ülvi Rəcəb 1903-cü ilin yanvarında Batum (Batumi) yaxınlığındakı Canivri kəndində doğulub.

O, 1925-ci ildən Milli Dram Teatrında işləməyə başlayıb. Teatr sənətindəki xidmətlərinə görə 25 aprel 1933-cü ildə aktyora Azərbaycanın əməkdar artisti fəxri adı verilib.

Ülvü Rəcəb 1937-ci ildə "xalq düşməni" damğası ilə tutulub. 1938-ci ilin yanvarında Bakıda güllələnib.

Mirzəağa Əliyev 1883-cü ildə Bakıda, Hövsan kəndində kəndli ailəsində doğulub. İlk təhsilini mollaxanada alıb, Bakıda rus-müsəlman məktəbini bitirib. İlk dəfə 1901-ci ildə Şahmar bəy ("Müsibəti Fəxrəddin", Nəcəf bəy Vəzirov) rolunda çıxış edib.

Mirzəağa Əliyev 1906-1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olub. Repressiyanın çox yaxınlığından keçib, haqqında heç bir cəza tədbiri görülməyib.

Möhsün Sənani Cəfərov 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub.

M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışıb. 1921-ci ildən Bakı teatrlarında çalışıb. Repressiya illərində cəza tədbirlərindən qaça bilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG