Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:01

Teleqüllənin yaxınlığında daha 100 ədəd döyüş sursatı aşkarlanıb


Noyabrın 13-də Bakıdakı teleqüllənin yaxınlığında daha 100-ə yaxın döyüş sursatı tapılıb.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov məlumat verib.

«İndiyə qədər tapılan silah-sursat torpağın üstündə olanlar idi. Aparat hələ də siqnal verir, bu isə o deməkdir ki, hələ də yerin altında silah-sursat qalıb».

Nazim İsmayılov deyir ki, ehtimal ki, bunlar Sovet ordusundan qalan poliqonlardan yığılan sursatlardır:

«Vaxtilə həmin mərmilər, silah-sursatlar əlvan metal kimi qəbul məntəqələrinə verilirdi. Amma bu zaman baş verən partlayışlara görə biz bunu qadağan etdik. Görünür, həmin adamlar o vaxt yığdıqlarını heç yerə təhvil verə bilmədiklərindən gətirib belə bir gizli yerə atıblar ki, problemdən qurtulsunlar»

Hazırda Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri məsələ ilə bağlı araşdırmalar aparır.

Ərazidə partlamamış döyüş sursatlarının olması barədə məlumat Fövqəladə Hallar Nazirliyinin «112 zəng mərkəzi»nə noyabrın 10-da daxil olub.
İndiyə qədər 2 minə yaxın döyüş sursatı ərazidən götürülərək zərərsizləşdirilməsi üçün ANAMA-nın Güzdək poliqonuna aparılıb.

Aşkarlanmış sursatlar, əsasən 125 mm çaplı zirehdələn tank mərmisidir. Onların arasında döyüş vertolyotlarının istifadəsi üçün nəzərdə tutulan NURS tipli raketlər də var.

Hazırda ərazidə axtarışlar davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG