Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:54

«Bu seçki dövründə müsbət nəsə görmədim»


Arif Hacılı
Arif Hacılı
39 saylı Gəncə şəhər Kəpəz Birinci Seçki Dairəsindən namizədliyini verən, amma qeydə alınmayan Pərviz Həşimli özü barəsində qərarı saxta və ədalətsiz hesab edir. Dediyinə görə, ona qarşı bu prosesdə çox qanunsuzluqlar olub. Məsələn, Seçki Məcəlləsinin tələblərinə əsasən, imzaların yoxlanılması prosesində namizədin özü, ya da səlahiyyətli nümayəndəsinin iştirakı vacibdir. Amma onlar yalnız iclasdan 1 saat əvvəl qeyri-rəsmi xəbər tutublar. Onun nümayəndəsi iclasa getmək istəyəndə, şantajla üzləşib və toplantıda iştirak edə bilməyib.

HƏM DSK, HƏM MSK ŞİKAYƏTLƏRİN BAXILMASINA BİZİ ÇAĞIRMADI

«DSK-nın qərarından MSK-ya müraciət verdik. Amma burda da hüquqlarımız pozuldu. Yenə şikayətimizin araşdırılması zamanı bizə xəbər vermədilər və qərarı qüvvəsində saxladılar».

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı iddia edir ki, bütün seçki komissiyaları birmənalı olaraq icra hakimiyyətlərinin nəzarəti altında fəaliyyət göstərir. Məqsəd də «AXCP-Müsavat» blokunun qeydə alınan namizədlərinin sayının 60-dan az olmasına nail olmaq imiş.

«İLK DƏFƏ İDİ Kİ, DEBATLARI YAŞAMADIQ»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli hesab edir ki, builki seçki kampaniyası əvvəlki seçkilərdən daha pis olması ilə yadda qaldı.

«Qeydiyyat zamanı xeyli ciddi pozuntular müşahidə olundu. Xeyli namizəd kənarda saxlanıldı. Nəticədə təbliğat dövründə alternativsizlik mühiti yarandı. İlk dəfə idi ki, biz milli səviyyədə qarşı tərəflər arasında siyasi debatları yaşamadıq».

A.Məmmədli deyir ki, bu seçkidə qeydiyyat zamanı namizədlərin hüquqları nəinki DSK, hətta MSK səviyyəsində
Fuad Qəhrəmanlı
pozulub.

MSK-NIN FƏALİYYƏTİNDƏ SİYASİ KSENOFOBİYA GÖRMƏK OLARDI


«Qeydiyyata alınma prosesində ayrı-seçkilik hökm sürüb. MSK-nın fəaliyyətində siyasi ksenofobiyanı görmək mümkün idi».

POLİS GÖRÜŞLƏRİMİZİ KEÇİRMƏYƏ İMKAN VERMƏDİ

Seçkiqabağı təşviqat üçün ölkə üzrə 3 mindən çox qapalı və açıq yer ayrıldı. Amma AXCP və Müsavat partiyalarının 17 oktyabrda keçirmək istədiyi mitinqə icazə verilmədi.

«AXCP-Müsavat» Seçki Blokunun 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizədi Fuad Qəhrəmanlı deyir ki, heç təşviqat üçün ayrılan yerlərdə də normal təşviqata da imkan yoxdur. 33 saylı dairənin ərazisində iki açıq görüş yeri müəyyən edilib ki, bu yerlərə də seçiciləri aparmaq müşkül məsələdir.

«Əslində, parlament seçkilərində məhəllələrdə, yaşayış binalarının həyətlərində görüş keçirməklə namizədlər seçicilərə öz məqsəd və məramlarını daha rahat şəkildə çatdıra bilərlər. Biz Xətai rayonunda, Babək prospektində, Neapol-11-də bir neçə binanın həyətində belə görüşlər keçirməyə cəhd etdik, amma polis tərəfindən bu görüşlərin qarşısı alındı. İndi biz məcburuq ki, yalnız iki yerdə seçicilərlə görüş keçirək».

Bitərəf namizədlər də seçicilərlə görüşə maneələr yaradılmasından gileylənirlər. 59 saylı Salyan Seçki Dairəsindən Milli Məclis üzvlüyünə bitərəf namizəd Vasif Mövsümov bildirir ki, onun Kürqaraqaşlı kəndində seçicilərlə görüşünün qarşısı inzibati yolla alınıb. Belə ki, kənd icra nümayəndəsi görüşə gələnləri müxtəlif yollarla geri qaytarıb.

Anar Məmmədli
Anar Məmmədli deyir ki, seçkinin əsas prinsiplərindən biri seçicilər və namizədlər arasında məhdudlaşdırıcı halların olmamasıdır.

«Namizədə imkan verilməlidir ki, istədiyi yerdə istədiyi görüşü keçirsin. Görüş keçiriləcək yerlərin siyahısını hazırlamaq MSK-nın səlahiyyətində deyil. Bir misal deyim - Qazaxda Əhməd Vəliyevin keçirdiyi görüşlərin hamısı Müəllimlər İnstitutunda baş tutub. Yəni o, seçicilərin görüşünə getməyib, seçiciləri onun görüşünə gediblər. Bu, ayrı-seçkilik, bərabərlik prinsiplərinin pozulmasıdır».

AZAD SEÇKİ OLMAYACAQ

A.Məmmədli əminliklə deyir ki, bu cür seçkiqabağı mühit ölkədə azad və demokratik seçkilərin keçirilməsinə imkan vermir. Çünki azad seçki üçün siyasi iradə olmalıdır – həm hakimiyyət, həm də xalq tərəfindən:

«Bu, yoxdursa, azad seçki olmayacaq. Mən bu seçki dövründə müsbət heç nə tapa bilmədim. Başqa ölkələrdə keçirilən seçkiləri də izləmişəm, elə Azərbaycanın özündə 9-a yaxın seçki müşahidə etmişəm. Tam arxayınlıqla deyə bilərəm ki, bu dəfə mən bu vaxtadək keçirilən seçkilərin ən pisini yaşadım».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG