Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:11

Əsəd Qaraqaplan "Dərvişin ölümü"















DƏRVİŞİN ÖLÜMÜ


mən hara – dünya hara
dünyadakı halım mənim
bir ağacın kölgəsində oturan
sonra duran
çıxıb gedən müsafir tək..

kölgələr qalar arxamda çıxıb gedərkən
kölgələri doğan yarpaqlar
yarpaqları doğan budaqlar
budaqları doğan ağac
ağacı doğan qara torpaq..
mən hara – dünya hara..

yürüdüyüm yollarda ayaqlarım toz götürməz
baxdığım göyüzündə quşlar ötməz
bir bulağa çatdığımda susuzluğum ötüb keçər
bir xurma ağacına çatdığımda aclığım
üzərimə geyindiyim buludlar məni örtər..
mən hara – dünya hara..

içinə yuvarlandığım uçrumların dibi işıq
dibi geniş
özgürlüyü bəlirləyən itən ölüm qorxusu
gözlə görünən hər şeydəki bir qaranlıq
və düşdüyüm bu alanın sonsuzluğu..
mən hara – dünya hara..

dostum gəlib üzümə baxıb öldün dedi
və sevgilim bitdin deyib çıxıb getdi..
iş yerim son ərizəni atdı mənim qarşıma
kirayə otağımın qapısı bağlandı qəti
və kəndəki evimizi lənətlədi insanlar..
mən hara – dünya hara..

sən ey məni sonuncu müsafir edən adam
dinlə məni
dinlə mənim son sözümü –
mən hara – dünya hara..
dünyadakı halım mənim
bir ağacın köləsində oturan
sonra duran
çıxıb gedən müsafir tək..


QİYAMƏT GÜNÜ

mən bilirdim dəhşətli olacağını
sənin çıxıb gedəcəyini bilirdim
ya da mənim səndən çıxıb gedəcəyimi..

hələ dünyaya gəlməmişdən min il
min yol il qabaq
hələ Qabil Habili öldürməmişdən
üç yüz il yaşayan qarğa
yer qazıb öldürdüyünü basdırmamışdan hələ
mən bilirdim dəhşətli olacağını..

yer üzünə yenə ayaq basacağımı bilirdim
ya da yerin ayaqlarıma səriləcəyin..

mən bilirdim dəhşətli olacağını..
mən bilirdim dostum məni tərk edəcək
və sevgilim bitdin deyib gedəcək..
mən bilirdim dəhşətli olacağını

hamının mənə güləcəyini bilirdim
ya da edilən kinayədə qorxaqlığın gizləndiyin..
və bir gün yer üzünə gələcəyimin
mən bilirdim dəhşətli olacağını..

mən bilidirdim səhər günəş çıxacaq
axşam batacaq
gecələr ay görünəcək, ulduzlar sayrışacaq
bulud alacaq göy üzün
yağış və qar yığacaq
küləyin saçlarıma əllərini gəzdirib
məni də adam edəcəyini bilirdim..

mən bilirdim HÖKM məndə veriləcək
Səma Səltənətinin nur üzü görünəcək
ətrafı su basacağın, insanların boğulacağın
və hər kəsin yenidən
olduğu tək doğulacağın bilirdim.
mən bilirdim…
mən bilirdim…
mən bilirdim dəhşətli olacağını..

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG