Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:28

Günel Cabir "Qalstuk" (Hekayə)


Səhərdən əsməyə başlayan, get-gedə güclənən, dəliləşən külək hamını karıxdırmışdı – adamları da, quşları da, lap çənginə aldığı kağız-kuğuzu, sellofan torbaları, əski-üskünü də.

Arıq, çəlimsiz bir qadın eyvanda küləklə əlbəyaxaydı. Gecədən yuyub sərdiyi paltarları zivədən yığırdı.

2-ci mərtəbədəki mənzilin eyvanı 3-cü mikrorayon körpüsünə tərəf açılırdı.

Eyvanın bir küncündən yuxarıya doğru şaxələnən üzüm budaqlarında küləyin gətirdiyi cır-cındırla bərabər, qara bir qalstuk da ilişib qalmışdı.

Qadın paltarları yığıb içəri keçmək istəyəndə gözü budaqda yellənən qalstuka sataşdı. İrəli əyilib qalstuku açıb götürdü, sonra oğrun-oğrun o tərəf-bu tərəfə, yuxarı-aşağı boylandı.

«Bu hardan gəlib düşüb bura, lap təzədir ki… Bizim binada bu cür qalstuk vuran adam görməmişəm».

Vanna otağına keçdi, toza bulaşmış qalstuku əlüstü yuyub, mətbəxdəki şəridə sərdi.

Günortadan bir az sonra Həmid işdən gəldi, içəri keçib rahatlanan kimi: «Kostyumumu hazırla, axşam toya gedəcəm» - dedi.

Qadın arxayın-arxayın ərinin kostyumunu dolabdan çıxarıb səliqə ilə çarpayının üstünə sərdi.

Səhərki qalstuku ütüləyib qurutmuşdu, onu da gətirib qoydu kostyumun yanına. Ərinin gözü dərhal qalstuka ilişdi.

Təəccüb içində dilləndi:

- Bu hardandı? Mənə qalstuk almısan? Xeyir ola?.

- Yox, səhər balkondan tapdım, üzüm şaxının üstündə ilişib qalmışdı. Gördüm təptəzədi, atmadım. Sənin tünd rəngdə qalstukun yoxdu, axı. Ağ köynəklə bu qara qalstuk yaraşar sənə – deyən qadın qalstuku ərinin sinəsinə tutdu. İnsafən, qalstuk yaxşı bağlanmışdı, arvadının belə işlərdə səriştəsi vardı. Həmid əvvəl narazılıq elədi, əslində, buna naz da demək olardı:

- O yana elə getsin. Özümün nəyim var, onu taxaram.

- Sən mənim canım, bunu tax. Gör necə yaraşır… Kim nə biləcək ki...

- Yaxşı da, sənin xətrinə - deyə minnət qoyan əri qalstuku taxdı. Güzgünün qarşısına keçib gülümsündü:

- Doğrudan, pis qalmır a. Görəsən kimi sevimli qalstukuymuş, amma mənə qismət oldu. Nəysə… Sonra saata baxıb, əsnədi.

- Gecə yuxum çəkilmişdi. Yaman yorğunam, gözümdən yuxu tökülür. Vaxta da var hələ, bəlkə bir az gözümün acısını alım – deyib, divanda, elə oturmuş halda gözlərini yumdu.

Bir azdan onu yuxu apardı.

…Pilləkənlə ağır-ağır qalxırdı. Elə bil dünyanın ağırlığı çiyinlərinə çökmüşdü. Alnındakı qırışları bir az da qaşlarının çatılmasıyla lap çoxalmışdı.

Əli ilə alnını ovuşdura-ovuşdura qalmışdı. Bir mərtəbə çıxıb sonra başını yuxarıya qaldırıb mərtəbələri sayırdı.

Liftin işləməməsi belə hallarda ona sərf eləyirdi. Fikrində, bir azdan ona veriləcək tənəli suallara cavab hazırlayırdı.

Üçüncü mərtəbəyə çatanda qonşunun səsi onu fikirdən ayırdı:

- Günortan xeyir, qonşu.

- Hər vaxtın xeyir.

- Məmməd məllim, lift işləyir, gözün aydın. Ayaqlarına zəhmət vermə - deyib, balacaboy, qarnı qabağa çıxmış qonşu kişi liftə sarı getdi.

Məmməd müəllim guya onun dediyini eşitmirmiş kimi, pilləkənlə qalxmaqdaydı. Hələ altı mərtəbə qalmışdı.

Elə bil evə yox, döyüşə gedirdi, ürəyindəki döyüntülərin səbəbinin qorxu, yoxsa utanmaq olduğunu ayırd edə bilmirdi.

Yolda gözünə sataşan, iş elanları yazılmış kağızları cırıb cibinə qoymuşdu.

Amma heç biri işə yaramamışdı. Hara üz tutmuşdusa, gah yaşını, gah da iş təcrübəsinin olmamasını bəhanə gətirib, yola vermişdilər onu.

İqtisadiyyat müəllimi idi. Bir il əvvəl “köhnə kadr” kimi işdən çıxarmışdılar.

Direktor ona demişdi: “Siz artıq yaşlanmısınız, bizə yeni proqramlarla işləyə bilən müəllimlər lazımdır. Şagirdlərlə də yola gedə bilmirsiniz. Məmməd müəllim, yaş öz işini görür. 30 ildir işləyirsiniz, indi gedin, dincəlin”.

“Sözə bax ha, dincəlin. Nəynən? Nəyin hesabına dincəim? Elə bil 30 ildə var-dövlət yığmışam, indi də onu xərcləyib dincələsiyəm…”

Bu sözləri ürəyində demişdi. Əslində “şagirdlərlə yola getmirsiniz” sözü açıq bəhanə idi.

O, çox sakit, hətta fağır bir insandı. Amma tələbkar müəllim idi. Onu nə rüşvət, nə də tələbənin bərkgedən atası, yaxud karlı qohumu maraqlandırırdı.

Oxumayana “iki”ni tərəddüdsüz, əli titrəmədən yazırdı. Bəlkə də buna görə işlətmişdi həmin sözü direktor.

Amma “yaşlanmısan” sözü ona daha çox təsir etmişdi. Bundan irəli, müəllimlər ölənə qədər gəlib məktəbdə dərsini deyirdi. Heç onlara gözün üstündə qaşın var deyən olmurdu.

Bir il idi ki, işsizlik, getdikcə artan dolanışıq çətinliyi və arvadı Qətibənin dırdırı onu cana yığmışdı.

Bilirdi ki, yenə qapıdan içəri girəndə “nə oldu” sualını alacaq və ardından da Qətibənin qulaqbatıran çıxışları başlayacaq. Yenə ona “xalqın kişiləri”ni misal çəkəcək.

Pilləkənlərdən atdana-atdana düşən qonşunun uşağı: «Salam, Məmməd məllim» - deyib, onun bərabərinə çatanda ağzındakı saqqızı şişirdib partlatdı, bir anda da gözdən itdi.

Uşağın dalınca baxıb başını buladı, doğrusu, ürəyində bir az da pis oldu.

Elə bildi uşaq qəsdən belə elədi, onu ələ salmaq üçün. Zəmanənin gərdişinə, bu cür «tərbiyədə» uşaqlar yetişdiyinə ürəkdən təəssüfləndi.

Onların vaxtında müəllim əlçatmaz bir zirvə idi. Yolda-rizdə müəllimlə qarşılaşanda bir həftə məktəbə utana-utana gedirdilər ki, bəs, müəllim məni top oynayanda görüb...

Mərtəbələr arxada qaldıqca ürəyinin döyüntüləri artırdı. Bu da doqquzuncu mərtəbə.

Qapının ağzında dayanıb dərin bir nəfəs aldı. Əlini güclə qaldırıb qapının zəngini basdı, gözləməyə başladı. Son vaxtlar qapının onun üzünə açılması xeyli çəkirdi. Bu dəfə də belə oldu.

- Salam, ata, - kiçik qızı Sona onu dəhlizdəcə sorğu-suala tutdu, - nooldu, tapdın?

Məmməd ayaqqabılarını aramla, səliqə ilə çıxarıb dolaba qoydu. Sanki qızının verdiyi sualı eşitmədi.

- Necəsən, qızım?

- Yaxşıyam. Tapmadın?

- Anan evdə yoxdu? - deyib dəhlizdən otaqlara boylandı. Qəribəydi, nədənsə arvadının səsi gəlmirdi. İçəri girən kimi Qətibə onu, adəti üzrə, od-alovla qarşılamadı. «Görəsən niyə belə, xeyir ola?»

- Evdədi – qızı cavab verdi və sual dolu gözlərini yenə atasının üzünə dikdi. Qızının baxışları altında əzilirdi. Nə cavab verəcəyini bilmirdi. “Səbr elə qızım, tapacam” - deməyə daha utanırdı. Cəld addımlarla keçdi qonaq otağına. Qalstukunu boşaldıb, özünü divana atdı. Başını əllərinin arasına alıb, xeyli beləcə oturdu.

- Hə, yenə əlin ətəyindən uzun gəlmisən, Məmməd məllim? – kinayəli danışan Qətibə ağrıdanmı, hikkədənmi, başını dəsmalla çalmışdı.
Güclə: «Salam, Qətibə» - dedi, ağır bir intizar içində nəfəsini içinə çəkdi.

Qətibə ilan vurmuş adam kimi qəfil çığırdı:

- Gətirə-gətirə, quruca salam gətirmisən? Neynək, mən də gedib borc yiyələrinin hərəsinə bir salam verərəm, deyərəm ki, ərim budəfəlik bunu qazanıb, borc əvəzinə görün neynirsiz… Salamına bax bunun!...

- Sən Allah, yenə başlama - deyib keçdi yataq otağına. «İndi gəl bu arvada cavab ver. Başa sal ki, getmədiyim yer, döymədiyim qapı qalmayıb…»

Arvadı çörək sexində işləyirdi. Tez-tez səsini başına atan, qışqırıqçı, qarayaxa qadın idi.

Məmməd çox vaxt onunla yola çıxmağa utanırdı. Yolda da bərkdən danışır, əl-qolunu ölçə-ölçə, ətrafda gördüyü hər şeydən şikayətlənirdi.

Bir dəfə hətta sürücü avtobusu bərk sürdüyünə görə az qala dava salmışdı.

Ondan sonra Məmməd özünə söz vermişdi ki, bundan belə Qətibəylə yola çıxmasın. İndi də bu işsizlik, evə qazanc gətirə bilməməsi arvadına bəhanə olmuşdu, sutkanın 24 saatı eyni sözləri təkrarlayıb dururdu.

Məmməd utandığından qonum-qonşu üzünə çıxa bilmirdi. Bir dəfə alt qonşusunun:

«Balam, biz görmüşük, evdən kişinin səsi gələr, bu məllimgilin evindən pastayannı Qətibənin qışqırığı eşidilir. Sən ölmiyəsən, arvadı elə bil toka qoşublar».

Gec ailə qurmuşdu. 60 yaşı vardı, amma qızlarının böyüyü11-də, kiçiyi 9-cu sinifdə oxuyurdu. Qətibəni ona bibisi tapıb almışdı. “Məmməd fağırdı, - demişdi, - özü kimi fağırını alsa, yazıq lap batar. Qətibə dişdidi, onun çulunu sudan çıxardar”.

Qızlarının üzünə baxmağa xəcalət çəkirdi. Yaşının bu vaxtında düşdüyü vəziyyət üzündən az qalırdı havalansınə. Uşaqların məktəbinə az qalırdı.

Onlara əyin-baş, çanta, dəftər-kitab almaq lazımdı. 10-15 gündən sonra da təzə dəb düşmüş «Müəllimlər günü» gəlib çatacaqdı. Neyləsin, necə eləsin?!...

Borc yiyələrinin gündə qapını kəsmələri, dükançı Səlimənin “ayın axırıdır” kimi atmacaları canındakı qorxunu, təlaşı daha da artırırdı.

Axır vaxtlar düz-əməlli yuxuya həsrət qalmışdı.. 30 ildən sonra «yarıtmaz müəllim» adıyla işindən olması bir dərd olmuşdu, qəfil üzləşdiyi bekarçılıq, pulsuzluq, arvad-uşaq danlaqları da bir ayrı bəla kimi çökmüşdü sinəsinə.

Ancaq sonrakı dərdlərin kökündə də müəllimlikdən çıxardılması dururdu İnana bilmirdi ki, onun əvəzinə işə götürülən, elə başqa gənc müəllimlər də tələbələrə onu qədər can yandıralar.

«Nə olsun ki, kompüterdən başları çıxır, xarici dil bilirlər. Axı bunların iqtisadiyyat fənninə nə dəxli?

Bəzənib-düzənib tələbə qarşısına çıxan o müəllimlər uşaqların diqqətini dərsdən çox, özlərinə cəlb edirlər. Çoxu da qız-qadındı yeni götürülən müəllimlərin.

Hələ institutlar bir yana, orta məktəblərdə lap müsibətdi. Kişi müəllim tapmaq olmur, qəhətə çəkiliblər elə bil. Bütün məktəblər dolub cavan-cüvanəzən qız-qadınla.

Onlara müəllim deməyə adamın dili də gəlmir . Elə bil gözəllik müsabiqəsinə gəliblər. Onların dediyi dərsdən nə olacaq? Onların girdiyi sinifdə dərs oxumaq olar?...»

Qızları da arabir həmin müəllimlərin geyimindən, kosmetikasından, duxilərindən, hərəkətlərindən danışırlar.

Bu söhbətləri qızlarının dilindən eşidəndə, adətən: «Bilsəydim ki, müəllimlik kimi bir peşə belələrinin ixtiyarına veriləcək, əvvəldən işimi bilərdim, gedib ya alverçi olardım, ya da çoban olub dağda-dərədə heyvan saxlayardım, adımı da fermer qoyardılar» - deyə gileylənir.

Onun bu gileyi Qətibəni lap yandırıb-tökür, əvvəl xeyli əsib-coşandan sonra onu lağa qoyub, hikkəli-hikkəli çığırır:

«Müəllim olub dünyanı bəri eləmisən, fermer olsaydın, yəqin camahat Zellandiya yağını səndən alardı. Ölüb yerə girmir ey…»
Əynini dəyişib mətbəxtə keçdi.

Acından qarnı quruldayırdı. Səhər tezdən ac-susuz evdən çıxıb, düşmüşdü küçələrə. Soyuducunu açdı, bomboş rəflər az qala üstünə gəlirdi.

Çarəsiz-çarəsiz udqundu. Yenə Qətibənin səsi:

- Soyuducunu keçirdəcəm qızların otağına!...

- Niyə, mətbəxdəki yeri…

Sözü ağzında qaldı.

- Onsuz da ilin 12 ayı içi boş olur. Heç olmasa, uşaqlar kitab-dəftərlərini yığarlar içinə!...

Məmməd başını buladı:

- Allahın olsun, vur-tut bir ildi də, işdən çıxdığım…

- Guya işləyəndə soyuducu dolub-partlayırdı, qapısı bağlanmırdı. Utan, xəcalət çək ey, mən sənə calanandan bəri, kartofdan, konservadan başqa, bu evə bir əməlli-başlı bazarlıq elədiyini görməmişəm.

Hələ dilin də var, danışırsan. Yaxşı ki, o vaxt dədəm bu evi aldı, sənə qalsaydı, indi küçələrdəydik. Ay bədbəxtin balası, ətin dadı uje yadımızdan çıxıb ey.

Hamımızı çexotka qıracaq, ondan sonra ayılacaqsan…

Bu yerdə Məmməd müəllimin dodağı qaçdı:

- Lap Cəbiş məllimin arvadı kimi danışdın…

- Narahat olma, sən də elə Cəbiş məllimə oxşayırsan. Hələ o səndən fərasətliydi, yenə sabundan-zaddan bişirə bilirdi. Sən iqtisadiyyatdan danışıb dünyanın pulundan, onun-bunun qazancından dəm vurursan, öz ciblərində siçan da yox e, ilan-qurbağa oynaşır, xəbərin də yoxdu…

- Səbrin olsun, görürsən ki…

- Elə18 ildi səbr eliyirəm də. Səbrlə bu hala qalmışam da. Bu gün-sabah qızlara elçi düşən olacaq, gərək xəcalətdən yer ayrıla, girək yerə, ayıbımızı bilən olmasın. Heç bunun sancısı dolmur sənin qarnına? Mən bunları fikirləşib çərliyirəm axı.

- Allah kərimdi…

- Kərim boyda daş düşsün təpənə. Allahın kərimliyini güdüncə, iki blok o tərəfdəki Kərimə bax də, bəyənmirdin, deyirlər, indi bağında otuz nəfər sənin kimi məllim işlədir! Üzün hər gün it üzü kimi danlanır, yenə öz kefindəsən. Yerə soxum səni!...

Məmməd əllərini göyə açdı:

- Ay Allah, sən özün məni bu töhmətdən qurtar! Sən mənə bir qapı aç, ay Allah, sən özün bir yol göstər, birdəfəlik yaxam qurtarsın, əl çəksin bu məndən!...

Bayaqdan kəsib əlində saxladığı yavan çörəkdən bir dişləm alıb, heysiz-heysiz çeynədi, amma nə illah elədisə, boğazından getmədi.

Qətibə əllərini qoşalayıb, ona cani-dildən bir qara verdisə də, mətbəxdən çıxmadı, dayanıb kinli-kinli ərini süzməyə başladı.

Arvadının baxışları onu elə əzdi ki, ayağını güclə sürüyüb, eyvana çıxdı. Birdən dəli kimi qışqırdı:

- Neyləyim mən?! Gedib soyğunçuluq edim, yol kəsim, adam oğurlayım?! Bəlkə ev yarım, ya da maşın qaçırdım?! Kiminsə ayağını yalayım?! Bir qurumsağa it kimi yaltaqlanım, o da fahişələrinə verdiyindən 20-30 manat kəsib, üzümə tüpürə-tüpürə mənə versin?! O yolla pul qazanıb uşaqlarıma əyin-baş alım, bazarlıq eləyim?! Gəlmir bunlar mənim əlimdən, gəlmir, gəlmir! Öldür məni, gəlmir əlimdən belə işlər!...

Qətibənin səsi bir yavaşımışdı:

-Kim deyir bunları elə, bax gör camaatın kişiləri neynir, sən də…

Bu dəfə lap özündən çıxdı, havalı kimi haray çəkdi:

- Kişi kimi deyirsən, kimdi o kişilər? O yandakı Kərimi?

- Ad çəkmə, millət eşidir…

- Adı ona qənim olsun, çıxmadığı hoqqa qalmayıb, indi də metrolarda qız-gəlin üçün alt paltarları satdırır.

Satıcıları da özü kimi qurumsaq qohumlarıdı, heç bilmirlər öz ana-bacıları, arvadları hardadı! Ya bəlkə bu tərəfdəki Tahirdi kişi dediyin?!

Millətin balalarını şər-şəbədəylə dolaşdırıb dərisini soyur, heç nədən tutdurub basdırır içəri, arxasını da arvadına söykənən yekəqarına söykəyib.

Alıb yığdıqlarının hamısı irin-qan olub töküləcək burnundan, çıxacaq balalarının qabağına.

Yoxsa bu Xanları deyirsən, - əli ilə yan divarı döyəcləməyə başladı,- budu kişi?! Olmaz belə kişidən. Müharibə vaxtı cəhənnəm olub hansı dəlmə-deşikdəsə gizlənib, indi əlil-veteran vəsiqəsi düzəldir o vaxt Qarabağda can qoyanlara!

Bu hesaba milyonlar qazanıb o çiynipaqonlu alverçi, şərəfsizin yekəsi!...

Vuruşmaqdan, Qarabağdan danışanda dili ağzından bir qarış sallanır. Soruşan yoxdu ki, ay heyvərə, sən nə vaxt vuruşmusan, harda döyüşmüsən, hansı erməninin burnunu qanatmısan, hə?!

Heç Qarabağın yolunu tanımır, «xəritədə göstər» desən, qoyun kimi üzünə baxar adamın…

Qətibə bu vaxta qədər bir dəfə də ərini belə özündən çıxan, hayqırıb-kükrəyən görməmişdi. İndiyədək ərinin dilindən bu cür ağır kəlmələr, söyüşlər eşitməmişdi. Hələ səsinin tonu…

Elə bil ötən illər ərzində yığılıb qalan hirsini, hikkəsini Məmməd müəllim bu məqam üçün saxlamışdı.

Birdən-birə qadını naməlum bir qorxu üstələdi, onu vahimə basdı. Bayaq qoşalayıb ərinə qara verdiyi, indisə titrəyən əllərilə indi onun ağzını yummağa çalışırdı:

- Bəsdi, camaatla nə işin… Kiri görək, xataya salma bizi. Qışqırma, a kişi...

Neçə vaxtdan bəri birinci dəfəydi ki, arvadının dilindən özü barədə bu sözü – kişi kəlməsini eşidirdi, özü də Qətibənin səsində gizli bir yalvarış tonu vardı. Amma bu da onu yumşaltmadı.

- Bilirsən, onlar niyə xan kefində yaşayırlar?! Çünki adamlıqdan çoxdan çıxıblar. Allahı da, insafı da, insanlığı da dəftərlərindən siliblər. Mən tüpürərəm onların dəftərlərinə…

Onsuz da son günlər heysizləşmiş, bayaqdan bəri bağırdıqca lap taqətdən düşən ərinin qolundan dartıb içəri salmaq Qətibə üçün əvvəllər bəlkə çox da çətin olmazdı. Amma indi elə bil canını bürüyən qorxu, vahimə, ərinin hay-harayı, hirs-havası bu qüvvətli qadının bütün hey-hərəkətini almışdı.

Nə ərinin ağzını yuma, onu kiridə bilir, nə də çəkib evə salmağa gücü çatırdı.

Axır ki, Məmməd müəllim özü susdu, ağır-ağır, fısıltıyla nəfəs ala-ala, otağa keçdi, arxasınca eyvanın onsuz da sınıq-salxaq olan qapısını zərblə çırpdı, çiliklənib-tökülən şüşələrin qırıqları az qala Qətibənin üz-gözünü, əl-qolunu qana boyayacaqdı.

Qadın arxaya sıçrayıb, birtəhər canını qurtardı. Sonra da qorxa-qorxa bir müddət eyvandan evin içinə boylandı, ərinin dalınca otağa keçməyə ürək eləmədi.

Elə bu vaxt evdə işıqlar söndü. «Yəqin borca görədi…» - Qətibə qeyri-ixtiyari düşündü.

Amma heç bu haqda kəlmə kəsməyin yeri deyildi, ona görə cınqırını çıxarmadı, halbuki bir az əvvəl olsaydı, bunu da ərinin başına töhmət kimi taqqıldadardı. Adam pusurmuş kimi Məmməd müəllimin hərəkətlərini izləyirdi.

Bu dəqiqə ərinin, əvvəllər olduğu kimi, yan otağa keçib üzüqoylu yatması, yaxud hamama keçib əl-üzünə su vurandan sonra yenidən eyvana çıxıb hava alması Qətibənin ürəyindən olardı. Amma belə olmadı.

Məmməd müəllim pencəyini əyninə alıb evdən çıxdı. Sanki üstündən ağır bir yük qalxmışdı, az qala qanadlanıb uçacaqdı.

Pilləkənləri ayaqla enmək istəmədi bu dəfə. Liftə yaxınlaşıb düyməni basdı. Elə bil qapılar himə bənd imiş, dərhal açıldı.

Bəlkə də yuxarı qalxmaq lazım gəlsəydi, lifti dəqiqələrcə gözləməli olardı. İçəri keçib, barmağını “1”in üstünə qoydu. Qapılar bağlandı, lift boğuq uğultu ilə enməyə başladı.

Yaxınlıqdakı körpünün altında iki-iki, üç-üç toplaşan, arabir yanlarında dayanan maşınlara doğru qaçışıb, sonra da çoxu məyus halda geri dönən adamların arasına qarışdı.

Zahiri görkəminə görə onu yanındakılardan fərqləndirən, əvvəllər bəlkə də öyündüyü və şükür etdiyi nə vardısa, indi hamısından yaxa qurtarmaq istəyirdi. “Bəs nə, belə də olmalıdı...” Birinci qalstukundan başladı.

Bir az kənara çəkildi, qalstukun həlqəsini genəltdi, dartıb başından çıxarandan sonra: «Day sənnən qurtardıq» - deyib, var gücüylə tulladı. Külək qalstuku oynada-oynada götürüb apardı…

…Həmid yuxudan oyanıb saata baxdı, arın-arxayın gərnəşəndən sonra durub geyinməyə, geyinə-geyinə də götür-qoy etməyə başladı:

“Adamın Allahı var, bu qalstuk lap yerinə düşdü ha... Toya nə ya qədər yazdırım, görəsən...

Adı 100-dü də, bəlkə manat əvəzinə, dollar alıb yazdırım, 20 manat nəf eləyim... Əşşi, hələ bir tıxac-filan olmasın, çox ləngimədən gedib çatım, orda baxaram vəziyyətə...”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG