Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:10

Aqşin Yenisey: "Allah, peyğəmbər mövzuları heç kimin dədəsinin mülkü deyil"


Azadlıq Radiosunun Bakı bürosu. Pen klub verilişi. 11 noyabr 2010

Azadlıq Radiosunun Bakı bürosu. Pen klub verilişi. 11 noyabr 2010

Azərbaycanda dini senzura varmı? "Alma" niyə bağlandı?

"Alma" qəzetinin bağlanması... Ondan əvvəl "Unikal" qəzetində "Şeytan ayələri" nin çapının dayandırılması... Ondan da əvvəl Rafiq Tağı və Samir Sədaqətoğlunun "Avropa və biz" yazısına görə həbsi...

Bunlar Azərbaycanda qeyri-rəsmi dini senzuranın mövcudluğunu iddia etməyə əsas verirmi? Müzakirədə "Alma" qəzetinin redaktoru İsrail Musayev, yazıçı Aqşin Yenisey, şair Ədalət Əsgəroğlu və dini ekspert Elşad Miri iştirak edirlər.


Ədalət Əsgəroğlu:

- Düzü mən Azərbaycanda dini senzura görmürəm. Amma ictimai qınaq şəklində müəyyən senzuranın ortaya çıxdığı hallar olur ki, bu da mənəvi dəyərlərə haqsız hücumlar olanda baş verir.

İsrail Musayev: "Baxır əxlaq bizdə necə formalaşıb. Mən bizdə olan əxlaqa görə hansısa ağsaqqalın sözünü kəsib heç nə deməməliyəm. Əgər mən hirslənib deyirəmsə ki -a kişi, bəsdi cərənlədin- bu əxlaqsızlıq olur. Amma axı o, həqiqətən də çərənləyir".
Buna da ki, məsul olan təşkilatlar zərurət yarandıqda cavab verməli olurlar.

Amma senzuranın olmaması da o demək deyil ki, bu xalqın adət-ənənəsini yıxıb sürümək olar və ona münasibət bildirilməməlidir.

Mən ”Alma” qəzetində ədəbiyyatın gələcəyinə nikbinlik yaradan yazılar oxumuşam.

Bu qəzetin bağlanmasına da təəssüf edirəm. Amma dini şəxsiyyətlərə qarşı qəzetdə hər hansı hörmətsizliyə pis baxıram. Bu əxlaq məsələsidir.

İsrail Musayev:

- Baxır əxlaq bizdə necə formalaşıb. Mən bizdə olan əxlaqa görə hansısa ağsaqqalın sözünü kəsib heç nə deməməliyəm.

Əgər mən hirslənib deyirəmsə - a kişi, bəsdi cərənlədin- bu əxlaqsızlıq olur. Amma axı o, həqiqətən də çərənləyir. Bax belə şeylər var.

Biz istəyirdik mentalitetimizin necə kristallaşdığını göstərək. “Alma” qəzeti olaraq biz başqa qəzetlərdən fərqli olaraq mentalitetimizdəki daşlaşmış yalanların üstünə gedirdik.

Biz oyatmaq istəyirdik. Biz istəyirik ki, hər hansı bir məsələ diskussiya forması alsın. Əslində İslam, məncə özündə şübhə yeri qoymur ki, ona yaxınlaşasan.

Amma bu gün İslam bütün dinlər arasında ən aqressiv din sayılır. Bu, bəşər üçün təhlükəyə çevrilib. Dini senzura isə əslində bizim mentalitetimizdədir.

Elşad Miri:

- Bu diskussiya deyil axı. Əgər verilən yazı ilə bağlı müzakirələr aparılmırsa, debat olmursa, bunu heç vaxt diskussiya, yaxud debat kimi qələmə verə bilmərik.

Burada məsələnin birtərəfli qoyulması gedir. Buna cavab əlbəttə ki, etiraz ola bilərdi. Lakin qəzetin növbəti sayında həmin münasibəti görmürük.

Ümumü gütürdükdə isə, rəsmən Azərbaycanda senzura olmasa da, hər bir televiziyanın, radio və qəzetin daxili senzurası var. Məsələn, kiminsə adını efirə vermək olar, ya olmaz və sair məsələlərlə bağlı.

Digər senzura olaraq Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinı göstərmək olar.

Eışad Miri və Aqşin Yenidey (sağda)
Məsələn, mən hansısa bir tərcümə olunmuş kitabı (dini kitabı) başqa ölkədə nəşr etdirib Azərbaycana gətirməkdən ötrü ilk növbədə onu bu komitənin ekspertiza şöbəsinə verməliyəm.

Halbuki, bu sahədəki ekspertlərdən biri elə mənəm. Və verdikdən müəyyən bir müddət keçdikdən sonra onların rəyi əsasında o kitabı çap etdirə bilirəm.

Elə olub ki, bir cümləyə tutulan irada görə 3 min kitabın həmin cümləsini üzərinə başqa kağız yapışdırmaqla dəyişməli olmuşuq. Bunun özü elə senzuradır.

Aqşin Yenisey:


- Azərbaycanın özünün xeyli milli-mənəvi dəyəri var ki, cəmiyyətin yoluxmaması üçün onların özünə senzura tətbiq etmək lazımdır.

Onların özünə senzura qoyulmalıdır ki, müasir insan deyək ki, orta əsrlər üçün nəzərdə tutulmuş prinsipləri mənimsəyib özünün həyat tərzinə çevirməsin.

Digər tərəfdən, dini mövzularda yazılan yazıların Azərbaycan cəmiyyətində qarşıdurma yaratmasının səbəbi odur ki, İslam dini və tarixi, “Quran”, Məhəmməd peyğəmbərin şəxsi həyatı haqda kifayət qədər işıqlandırılmayan, sual döğuran məqamlar var.

Bu suallar sırf praktik zəka nöqteyi-nəzərindən izah olunduqda belə qarşıdurmalar olmayacaq.

Normal dini savadı olan ölkədə bu işi din alimləri görməlidir. Məhəmməd peyğəmbər hər bir müsəlman üçün nümunədir.

Amma nəyə görə din alimləri çalışırlar ki, onun şəxsi həyatı ya işıqlandırılmasın, ya da peyğəmbərə və onların özlərinə sərf ediləcək səviyyədə işıqlandırılsın.

Mən “Alma”, “Sənət” və digər qəzetlərin bağlanmasını onda qəbul edərəm ki, bunu oxucular etsin.

Bu gün əlinə yaba götürüb həmin qəzetlərin üstünə gələn dindarlar qəzet oxuyurlarmı? Demək ölkədə dini radikalizmin ocağına kömür atan müəyyən qüvvələr var.

Elşad Miri: "Bu gün xüsusilə də gənclər başqalarından fərqlənmək, gündəmdə qalmaq, yaxud hansısa başqa məqsəd naminə hardasa sual doğuran, insanları qıcıqlandıra bilən məqamları ortaya gətirirlər və bununla guya nəsə demək istəyirlər"
Onlar ümumiyyətlə istəyirlər ki, Azərbaycanda dini radikalizm hakimiyyətə gəlib yaxın qonşularımızdan birində olan rejim burada da qurulsun.

Bu da senzura yox, hakimiyyətin bəzən həmin qüvvələrin qarşısında geri çəkilməsidir.

Düzdü insanların heysiyyatı ilə oynamaq olmaz. Amma Məhəmməd peyğəmbər, yaxud Allahla bağlı mövzular kiminsə dədəsinin, babasının mülkü deyil.

Din ictimai-tarixi bir hadisədir. Ona da ictimai-tarixi münasibət olmalıdır.

Ədalət Əsgəroğlu:

- Mən dini fanatizmin əleyhinəyəm. Allaha, dinə münasibət qorxu altında yox, sevgi üzərində qurulmalıdır.

Amma iman adamının, yaxud dinin fanatiki olan adamın yanında onun heysiyyatına toxunan söz demək olmaz.

Birdən-birə belə hərəkət əlbəttə ki, mənfi reaksiyaya səbəb olacaq.

Elşad Miri:


- Bu gün ənənə, din adı altında bizə çox mənfi düşüncələr yeridirlər və mən də bunun əleyhinəyəm.

İsrail Musayev
Amma bu gün xüsusilə də gənclər başqalarından fərqlənmək, gündəmdə qalmaq, yaxud hansısa başqa məqsəd naminə hardasa sual doğuran, insanları qıcıqlandıra bilən məqamları ortaya gətirirlər və bununla guya nəsə demək istəyirlər.

Halbuki, yenilik etmirlər. 1400 ildir təkrarlanan mövzu ilə nə yenilik etmək istəyirlər axı.

AzadlıqRadiosu:

- İsrail bəy, doğrudanmı məqsəd belə söz-söhbət yaradacaq və bu cür basqıya rast gələcək mövzu axtarıb tapıb işləməkdir?

İsrail Musayev:

- Bu düz fikir deyil. Elşad bəylə qətiyyən razı deyiləm. Yəni kimsə 63 yaşında Məhəmməd peyğəmbərdən yazır ki, maraq doğursun, bu düz deyil.

Bizim diqqət çəkən çox mövzumuz olub.

Amma bir dənə bu karikaturanın getməsi hay-küy saldı.

AzadlıqRadiosu:

- Hər halda Avropadakı hadisədən sonra belə bir hay-küyün düşəcəyini təxmin etməlı idiniz.

Aqşın Yenisey:

- Azərbaycanda vəhhabi və digər dini təriqətlərə qulluq edən adamlar var.

Bax onları bu yollara kimlər yönəldirsə qəzeti bağlatdıran da onlardır. Fikir verin, Allah haqqında yazanda bir müsəlmanın səsi çıxmır. Amma peyğəmbər haqda tənqidin qədəri bir az artıq olanda işlər qarışır.

Halbuki, bunların ikisi də hamınındı və birini müdafiə ediriksə dıgərini də etməliyik.

Sadəcə, bizim hakimiyyət müəyyən qüvvələrin heysiyyatını nəzərə alaraq belə addımlar atır. "Sənət" qəzeti bağlananda da, Rafiq Tağı dindar zümrənin emosiyalarının nəticəsində həbs olunanda və digər hallarda bu hadisənin şahidi olmuşuq.

Ədalət Əsgəroğlu
İndi də "Alma" qəzeti bağlanıb ki, insanların şəxsi emosiyaları təmin olunsun.

Elşad Miri:

- Mən düşünürəm ki, bu, sadəcə bir layihədir.

Onu yekunlaşdırmaq üçün başqa ölkələrdə dəfələrlə sınaqdan keçirilmiş belə qıcıqlandırıcı metodu əks reaksiya almaq üçün tətbiq edirlər ki, qəzeti bağlasınlar.

Prinsipcə, əslində Avropa Məhkəməsinə qədər gedib qəzeti açdırmaq olar. Amma görürsən ki, yox. Bu qəzeti artıq buraxıb qurtardılar və indi başqasını açırlar.

Ədalət Əsgəroğlu:

- Bu artıq ikrah hissi doğuran bir ənənə şəklini alıb.

Qələminə hörmət qazanmış birisi bir də görürsən populyar olmaq üçün Allaha, peyğəmbərə sataşır. Populyar olmaq üçün hansısa bir əlçatmaz qüvvədən yazıb- görün kiminlə mübarizə aparıram - demək nə dərəcədə düzdür.

Bacarırsan get insanların içindəki xəbisliklə, çirkabla mübarizə apar.

Allahın, peyğəmbərin bura nə dəxli var. Ağını çıxarıblar. Ancaq populyarlıq xatirinədir bunların hamısı. Heç nə də edə bilmirlər. Yaddan çıxası ötəri populyarlıqdı.

İsrail Musayev:


- Bax senzura budur.

AzadlıqRadiosu:

- Ümumi götürəndə, hansısa mövzular varmı ki, onlara toxunmaq olmaz?

Elşad Miri:

- Təbii var. Məsələn mənim valideyinimə söyən, şərəf və ləyaqətimi alçaldır. Eləcə də inancıma söyülürsə reaksiyam eyni olacaq.

Aqşin Yenisey:

- Fikir adamına, yazara demək olmaz ki, filan mövzuda yazma. Bu gün bir mövzunu toxunulmaz etsən, sabah ondan başqa bir toxunulmaz mövzu törəyəcək.

Yazar, özünü fikir adamı hesab edənin daxili senzurası olmamalıdır.

Populyarlıq məsələsinə gəlincə, Nitşe bəyəm məhşur olmaqdan ötrü yazırdı ki, “Allah ölüb”?

Ədalət Əsgəroğlu:

- Nitşe o dövrün ağırlıqlarından çıxış edib belə yazırdı məncə. Amma gərək Allahdan da yazanda böyük irfançı olasan.

Səndə böyük Allah eşqi ola ki, ona münasibətini bir balaca da olsa oxucuya, ictimaiyyətə çatdıra biləsən. Yoxsa hər yerindən duran bunu etməməlidir.

İsrail Musayev:

- Normal intellektual adam üçün indiki dövrdə yasaqlanan mövzu olmamalıdır. Hərənin öz fikrini deyə biləcəyi bir intellektual məkan yaratmaq lazımdır...

Bunlar verilişdə səslənən fikirlərdən seçmələr idi. Proqrama tam şəkildə burda qulaq as:

davamı

Verilişin aparıcısı İlqar Rəsul,
Prodüsser Gülər Miryəhya

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG