Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:07

İran toylarında oxuyaq, oxumayaq?


Bəzən vətəndaşlar öz toylarına Azərbaycan Respublikasının müğənnilərini dəvət edirlər

Bəzən vətəndaşlar öz toylarına Azərbaycan Respublikasının müğənnilərini dəvət edirlər

Azərbaycan musiqiçilərinin İranın Şərqi Azərbaycan əyalətindəki toy mərasimlərində, digər el şənliklərində iştirakına qadağa qoyulub. Bu qadağadan bir neçə gün öncə Xarici Vətəndaşların Mühacirəti və Pasport İdarəsinin rəisi polkovnik Məhəmmədəli Qafarzadə jurnalistlərə danışıb.

QADAĞA ETİRAZLA QARŞILANIB


Məhəmmədəli Qafarzadə deyib ki, bəzən vətəndaşlar öz toylarına və ya digər şənliklərə Azərbaycan Respublikasının müğənnilərini dəvət edirlər. «Bu, qanunsuzdur və cəmiyyətin ayrı-ayrı təbəqələri arasında müxtəlif mədəni problemlərə, xoşagəlməz nəticələrə səbəb ola bilər».

Məhəmmədəli Qafarzadə, dediyi kimi, yarana biləcək xoşagəlməz problemlərin detallarından danışmasa da, bu qadağa Təbrizdə yaşayan azərbaycanlılar tərəfindən etirazla qarşılanıb.

«NƏ BİLƏCƏKLƏR KİMİN TOYUNDA KİM OXUYUR?»


Təbrizdə yaşayan Həsən Dəmirçi deyir ki, «toy özü bir mədəniyyətdir, Quzey Azərbaycandan gələn müğənnilər şərqi Azərbaycanda əsasən muğamlar ifa edirlər. Belə bir qadağa quzeyli və güneyli azərbaycanlıların mədəni əlaqələrinin əngəllənməsinə xidmət edir. Qarşısını almaq istəyirlər, mən inanmıram belə bir qərar ola bilər, olsa da, bəlkə, 3-5 günlük olar».
Səkinə İsmayılova


Həsən Dəmirçi deyir ki, Azərbaycan müğənniləri əsasən Təbriz və Tehran toylarında oxuyurlar. O düşünür ki, ümumiyyətlə, Şərqi Azərbaycanda yerli müğənnilərin çıxış etməsinin qarşısını almaq mümkün olan iş deyil:

«Nə biləcəklər ki, harda, kimin toyunda Bakıdan gələn müğənni oxuyur. Toy edən buna görə gedib hardansa icazə almır ki, bir də ona desinlər ki, oxuyan Bakıdan olsa, qarşısını alacağıq».

«BU, MÜMKÜN DEYİL»


Azərbaycanın xalq artisti Səkinə İsmayılova deyir ki, İran səhnələrində çox çıxış edib, ancaq indiyə qədər İran toylarında oxumayıb. Xalq artistinin fikrincə, İran Azərbaycanı toylarında yerli müğənnilərimizin çıxışına qadağa qoyulması düzgün deyil:

«Mənə elə gəlir ki, bu, mümkün olan iş deyil, inana bilmərəm ki, belə bir yasaq olsun, bizim musiqimizə elə böyük məhəbbət var ki, o məhəbbətin qarşısını heç bir qadağa ala bilməz. Bu məhəbbəti insanların qəlbindən necə çıxartmaq olar? Eyni bacı-qardaşlarıq, bu, mümkün deyil».

«XÜSUSƏN DƏ AZƏRBAYCANLILAR…»


İran hökuməti təkcə bu qadağayla kifayətlənmir. İranın Şərqi Azərbaycan əyalətinin Xarici Vətəndaşların Mühacirəti və Pasport İdarəsinin rəisi Məhəmmədəli Qafarzadə həmçinin xarici ölkələrdən həmin ölkəyə gəlib yerli əhalinin evlərində qalmasının da qanunsuz olduğunu deyib, belə hallar aşkarlanacağı təqdirdə sərt cəzalar tətbiq olunacağını söyləyib. Məmur həmin ölkələr sırasında Azərbaycan Respublikasının vətəndaşlarını xüsusi vurğulayıb:

«Son vaxtlar bir sıra xarici vətəndaşlar, o cümlədən də azərbaycanlılar gəlib təbrizlilərin evlərində qalırlar. Bu isə onları vaxtında axtarıb tapmaq və fəaliyyətini nəzarətdə saxlamaq işini çətinləşdirməklə yanaşı, həm də təhlükəsizlik, siyasi və əxlaqi baxımdan bir sıra problemlərin ortaya çıxmasına gətirir. İran İslam Respublikası ərazisinə daxil olan xarici vətəndaş öz tanışları və ya qohum-əqrəbalarının evində qalmaq istəyəndə 72 saat içində bizim idarəyə yazılı müraciət etməli, icazə almalıdır. Əks təqdirdə müvafiq qurumlar üçün nəzarəti asan olan mehmanxanalarda qalmalıdır», - İranın Şərqi Azərbaycan əyalətinin Xarici Vətəndaşların Mühacirəti və Pasport İdarəsinin rəisi polkovnik Məhəmməd Qafarzadə belə deyib.

İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbriz şəhəridir.

Şərhləri göstər

XS
SM
MD
LG