Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:08

Seçkidən sonra mühacirət?


Bloqçu Elmar Mürsəlli müxalifətin aksiyasında
Bloqçu Elmar Mürsəlli müxalifətin aksiyasında
7 noyabrda parlamentə keçirilən seçkilər bir qrup gəncə necə təsir edibsə, Azərbaycan vətəndaşlığından imtina etmək fikrinə düşüblər.

Sosial şəbəkələrdə bu fikrə dəstək verən gənclər bir hərəkat yaratmağı, bəyanat hazırlayıb xarici ölkə səfirliklərinə göndərib onlardan sığınacaq istəməyi düşünürlər.

BU ÖLKƏDƏ HANSI GƏNCLİK İNKİŞAF EDƏ BİLƏR?


«14-24» verilişinin qonaqları bloqçular Elmar Mürsəlli və Aqşin Mahmudov bu haqda danışıblar.

Elmar Mürsəlli:

«Mən bu seçkidə müşahidəçi olmuşam. Başdan-ayağa saxtakarlıq idi. Arzulamadığımız insanlar millətin vəkili oldular. Ölkədə bundan sonraya ümid etdiyimiz dəyişikliklər olmadı. Şəxsən bu, mənə təsir etdi. Mən düşünürəm ki, bundan sonra ölkədən çıxıb getmək, vətəndaşlığından imtina etmək yaxşıdır. Bu ölkədə gənclik inkişaf etmir. Hansı gənclik inkişaf edə bilər? «Yuxarı»lara bağlı gənclər yüksələ bilər. Müstəqil gənclər, müxalif gənclər bu ölkədə inkişaf edə bilmir».

Aqşin Mahmudov:

«Seçkidən müsbət mənada çox şey gözləyirdik. Gözlədiyimiz təkcə o deyildi ki, müxalifətyönlü insanlar seçilsin. Elə şəxslər seçildi ki, həqiqətən başa düşə bilmirəm onlar necə deputat ola bilər. Bu xalqın nümayəndəsi kimi bunu özümə təhqir görürəm. Ona görə də başqa alternativ də qalmır. Adicə qeyri-siyasi bir toplantı olanda həmin yerə o dəqiqə polis gəlir».
Aqşin Mahmudov


«BU TORPAĞIN ÇÖRƏYİNİ YEYİB, SUYUNU İÇMİŞİK... »


Azərbaycan Gənclərinin Avrointeqrasiya Təşkilatından Nərgiz Eyvazova isə gənclərin ölkədən birdəfəlik çıxıb getməsi fikrinə qarşı çıxır. Deyir ki, bu səbəblər ölkədən imtina üçün əsas ola bilməz:

«Azərbaycan gəncliyi potensiallıdır. Ən azından siz bu gün sözünüzü deyirsiniz və sizin subyektiv fikriniz var. Tez-tez Avropa ölkələrində oluram, oranın gəncliyi bu cür deyil. Məsələn, siz Azərbaycanda baş verən hadisələrlə maraqlanırsız, fikir bildirirsiz, hətta etiraz edirsiz, sözün düzü, Avropada bu cür halları mən görmürəm.

Adi gənc kimi getdik seçkiyə, orda baş verən hadisələri dedik, söylədik, amma bunlar Azərbaycan vətəndaşlığından, Vətənindən imtina etməyə səbəb ola bilməz. Çünki biz borcluyuq buranın inkişafına xidmət etməyə. Çünki mən 23 yaşıma kimi, siz isə 21 yaşına kimi bu torpağın çörəyini yemişik, suyunu içmişik. Bu cür məsələlərə başqa yöndən yanaşmışıq biz. Mənim özümün Azərbaycanın inkişafına hansı tərəfdən köməyim ola bilər? Onsuz da Azərbaycanın Qarabağ problemi var. Onsuz da Avropaya gedəndə bu problemi zəifliyimiz kimi gözümüzə salırlar. Birinci öz milli dəyərlərimizə biz yiyələnməliyik. Biz Avropada Azərbaycandan söhbət edəndə, fransızlar və ingilislər dəyər olaraq tərəvəz bölgüsü aparırdılar öz aralarında. İmtina etmək, hər şeyi atmaq, öz keçmişinə nəhs baxmaq – bu, düzgün deyil. Xaricdə gedib təhsil almaq sevindiricidir, amma imtina etmək düzgün deyil, gedəndən sonra da özünüz bunu anlayacaqsınız».

POLİSİN GƏNCLƏRƏ FƏRQLİ MÜNASİBƏTİ...


Bloqçuların fikrincə, ölkədə sərbəst toplaşmaq və azad şəkildə özünü ifadə etmək azadlığı yoxdur. Elmar Mürsəlli:

«Normal cəmiyyət olmadıqca Azərbaycan gəncliyi inkişaf edə bilməz».
AGAT nümayəndəsi Nərgiz Eyvazova Dövlət Bayraq Günü aksiyasında

AGAT nümayəndəsi Nərgiz Eyvazova isə öz təcrübələrindən danışır ki, onların aksiyasında heç vaxt polis müdaxiləsi olmayıb:

«Milli müstəqillik günümüzdə bizim təşkilat əllərimizdə bayraqlar şəhərin mərkəzinə - Şəhidlər Xiyabanı tərəfə çıxdıq. Şəhidlərimizi ziyarət etdik, ordan aşağı düşdük, gəldik Filarmoniya bağına, orda biz bayraq nişanlarımızı payladıq uşaqlara, onlara tariximiz haqqında danışdıq. Sizi inandırım ki, bizə bir dənə də polis yaxınlaşmayıb. Fərq nədədir? Aqressiv olmayıb, konkret məntiqli surətdə iş ortaya qoyanda biz heç bir polislə üzləşmirik».

Aqşin Mahmudov isə 28 may – Respublika Günündə «Dalğa» Gənclər Hərəkatının keçirdiyi aksiyanı xatırladır:

«Mayın 28-də İqtisad Universitetinin yanında sadəcə Azərbaycan Respublikasının himnini oxudular. Üzərilərində Rəsulzadənin köynəkləri və ona sevgilərini ifadə edən plakatlar vardı. Onlar heç nə etmədilər, amma dağıdıldı. Azərbaycanın himnini oxumaqda nə var?
Bu ölkədə vətəndaş kimi hüquqları olmadığını başa düşən kifayət qədər gənc var ki, yeganə yol kimi bunu seçirlər: Mən qeyri-demokratik ölkədə yaşamaq istəmirəm».

SİSTEM ETDİYİNİ EDİR, GƏNCLƏR ÇÜRÜYÜR


Elmar Mürsəlli indiyədək müxtəlif aksiyalarda iştirak edib və effektli nəticə görmədiyini deyir:

«İstər sosial şəbəkələrdə olsun, istər də bloqlarda yazılarımızda olsun, istər küçələrdə keçirdiyimiz etiraz aksiyalarında olsun, mübarizə aparırıq və bir nəticəsini görmürük. 7 noyabrdan çıxan nəticə də göstərdi ki, bu işlərin nəticəsi olmadı. Etiraz edib nəticə görmürük, sistem etdiyini edir, burda qalıb çürüyən biz gənclər olacaq».

BİZİM MƏMLƏKƏT İMTİNA EDİLƏSİ DEYİL


Nərgiz Eyvazovanın fikrincə, bloqçuların sadaladıqlarına baxmayaraq, Azərbaycan imtina ediləsi ölkə deyil:

«Uşaqlar çox potensiallı uşaqlardır, mən çox heyfsilənərəm ki, siz xaricə gedib bu mənfiləri orda yayasınız. Mənim iki dayım oğlu da gedib xaricə, yaşayacaqlar, işləyəcəklər, öz ölkələrini təmsil edəcəklər, lobbiçiliklə məşğul olacaqlar və s. Bu cür şeylər normaldır. Amma o fikirlər ki, siyasi mühacir kimi gedim, imtina edirəm Azərbaycandan... Siz inanın, bizim məmləkət imtina edib gediləsi məmləkət deyil. Ona görə ki, Azərbaycan çox qədimi, tarixi gözəl olan bir məmləkətdir. Elə bir məmləkətdir ki, əsrlər boyu bizim üstümüzdə davalar gedib».

BİZ TARİXDƏ YAŞAMIRIQ

Aqşin Mahmudov:

«İş ondadır ki, bu məmləkətdə yaşayan insanların hamısı bu vəziyyətə susurlar və bu, onlara xoşdur. Deməli, onlar belə istəyirlər. Xalq nəyə layiqdirsə, onu da ona verirlər. İstəmədiyi halda heç nəyi xalqa zorla diqtə etmək olmaz. Bizim tariximizdə Babək var. Etiraz edib, döyüşüb, istəməyib heç kimin boyunduruğu altında yaşasın. Amma indi bu yoxdur. İndi isə biz tarixdə yaşamırıq, 21-ci əsrin Azərbaycanında yaşayırıq. Vəziyyət də budur».

Gənclərin 25 dəqiqəlik fikir mübadiləsindən xəbərdar olmaq üçün, «14-24»-ü dinləyin...

XS
SM
MD
LG