Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:15

Parlamentdə yer tutan partiyalar birgə bəyanat verib


Partiyalar YAP-ın binasında toplaşıblar

Partiyalar YAP-ın binasında toplaşıblar

Noyabrın 11-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında 7 noyabr parlament seçkisinin rəsmi nəticələrinə əsasən mandat qazanmış partiyaların məsul şəxslərinin iştirakı ilə toplantı keçirilib və sonda birgə bəyanat qəbul edilib.

Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Qurtuluş, Vətəndaş Birliyi, Ədalət və Sosial Rifah partiyaları adından imzalanan bəyanatda seçkinin azad, demokratik, şəffaf və ədalətli şəraitdə keçirildiyi, Azərbaycan xalqının iradəsini aydın və dəqiq şəkildə ifadə etdiyi vurğulanır.

Bəyanatda bildirilir ki, 7 noyabr seçkisi demokratiya istiqamətində irəliyə doğru mühüm addım olub:

“Seçkiöncəsi ölkədə hərtərəfli plüralist ab-hava, demokratik mühit formalaşıb, siyasi partiyaların seçki kampaniyasına qoşulması imkanları təmin edilib, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq namizədlər sərbəst şəkildə qeydiyyata alınıb”.

Bəyanatda deyilir ki, istər seçkiyə hazırlıq, istərsə də seçkiqabağı fəaliyyətin bütün parametrlərində öz rəqiblərinə uduzduğunu dərk edən bəzi müxalifət partiyaları hələ seçkidən əvvəl bu siyasi kampaniyanı pozmağa yönəlmiş cəhdlər göstərib:

“Seçkilərdən dərhal sonra isə heç bir obyektiv əsas olmadan onlar kampaniyanın demokratik və şəffaf imicinə kölgə salmağa çalışırlar. Biz seçki kampaniyasının gedişini və nəticələrini təhrif etmək yolu tutmuş hərəkətləri pisləyir, bunu demokratik davranış qaydalarına və siyasi mədəniyyət normalarına sığmayan hərəkət kimi qiymətləndiririk”.

Noyabrın 10-da Müsavat Partiyasının başqanı İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Xalq Partiyası adından Pənah Hüseyn və “ReAL” Vətəndaş Hərəkatının həmtəsisçisi İlqar Məmmədov parlament seçkisinin nəticələrinin tanınmaması və bu nəticələrin ləğv edilərək yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə birgə bəyanat imzalayıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG