Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 16:54

Xaricdən Azərbaycana göndərilən pulun məbləği artır


Rusiyada miqrantlar
Rusiyada miqrantlar
- 2009-cu ildə vəziyyət pis idi, amma indi yaxşıdır. Şikayət edən adam görmürəm artıq. Mən olan yerdə işləyənlərin hamısı hər ay 250-300 dollar evlərinə pul göndərirlər, ev də deyəndə ata-anasına o qədər göndərirlər, əgər öz ailələri də Bakıdadırsa, daha çox göndərirlər. Əvvəlsə 2-3 aydan bir göndərərdilər.

AZƏRBAYCANLILARIN QAZANCI XEYLİ YAXŞILAŞIB

İlham Əsədov hazırda Rusiyada yaşayır, tikinti sahəsində çalışır. Deyir ki, Rusiyada iqtisadi böhran tamamilə aradan qalxmasa da, burda yaşayan miqrantların, o cümlədən azərbaycanlıların qazancı ötən illərlə müqayisədə xeyli yaxşılaşıb. İlham Əsədovun dediyinə görə, xüsusən ötənilki pulsuzluqdan, işsizlikdən sonra indi ən az qazancı olan tanış-bilişi belə ailəsinə ayda 200-300 dollar göndərə bilir.

Amma deyəsən, maddi durumu yaxşılaşan təkcə azərbaycanlı miqrantlar deyil. Çünki Dünya Bankının son açıqlamasına görə, bu ilin 9 ayı ərzində miqrantların öz ölkələrinə göndərdiyi pulun məbləği artıb, 325 milyard dollar olub. Bu isə əvvəlki illərlə müqayisədə 6 faiz artım deməkdir.

Bəs bu artımdan Azərbaycanın payına düşən nədir? Ümumiyyətlə Azərbaycanda da bu göstərici artıbmı?

Mərkəzi Bank
Dünya Bankının hesablamalarına görə, bu il ərzində Azərbaycana xaricdən 1 milyard 472 milyon dollar pul göndərilib, bu isə ötən illə müqayisədə 15 faiz artım deməkdir. Mərkəzi Bankın açıqladığı rəqəmlər isə bir qədər fərqlidir:

13,4 FAİZ ARTIM

Mərkəzi Bankın məlumatına görə, bu ilin 9 ayında Azərbaycanın fiziki şəxslərinə xaricdən 958.9 mln. ABŞ dollar pul göndərilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.4% çoxdur.

Pulköçürmələrdə artımın olduğunu yerli banklar da təsdiqləyirlər. AzəriQazBankın İnkişaf Departamentinin direktoru Əfqan Cəlilov deyir ki, hələ dəqiq hesablama aparmadıqlarından rəqəm deməkdə çətinlik çəkir, amma artımın olması dəqiqdir. Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev isə rəqəmləri açıqlayır:

ARTIM GÖZƏ ÇARPIR

- 2010-cu ilin 9 ayı ərzində Azərbaycan Beynəlxalq Bankına fiziki şəxslərin köçürmələri 85,5 milyon dollar, 2009-cu ilin 9 ayı ərzində isə bu rəqəm 68,3 milyon dollar olub. Artım gözə çarpır.

Əlövsət Əliyev
Bəs bu artım Azərbaycana nə vəd edir? Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, nəzərə alınsa ki, rayon əhalisinin əksəriyyəti miqrantların göndərdikləri pullar hesabına dolanırlar, buna sevinmək lazımdır. Ə.Əliyev həm də fiziki şəxslərə xaricdən daxil olan pulun Dünya Bankının göstərdiyindən daha çox olduğunu da deyir:

REGİONLARIN İQTİSADİ İNKİŞAFI, DEMƏK OLAR Kİ, XARİCDƏN GƏLƏN PULLAR HESABINADIR

- Regionların iqtisadi inkişafı, demək olar ki, xaricdən gələn pullar hesabınadır. Əgər Azərbaycana miqrantlar tərəfindən pullar göndərilməsə, ölkədə ciddi iqtisadi, həm də sosial-siyasi təzyiqlər yarana bilər. Azərbaycanda işsizlik həddən artıq arta bilər.

QİYMƏT ARTIMINA GƏTİRİB ÇIXARIR

İqtisadçı Rövşən Ağayev isə deyir ki, müsbət cəhəti öz yerində, amma xaricdən gələn pulların ölkə iqtisadiyyatındakı pul dövriyyəsində payı artdıqca, bu həm də qiymət artımına gətirib çıxarır:

Rövşən Ağayev
- Azərbaycan kimi iqtisadiyyatı inflyasiyaya həssas olan, inhisarlaşmış ölkələrdə pul kütləsinin artımı, o cümlədən də transfer hesabına artımı inflyasiyanı, qiymət artımını stimullaşdırır.

Azərbaycanlı miqrantlar əsasən Rusiyadadır, Ukrayna və Türkiyəyə üz tutanlar da az deyil. İş üçün Azərbaycandan gedənlərin sayı qeyri-rəsmi rəqəmlərə görə, 2 milyondan çoxdur. Mərkəzi Bankın açıqlamasına görə, Azərbaycan vətəndaşlarına bu 9 ayda ən çox pul gələn ölkələr Rusiya, Ukrayna, Qazaxstan və Türkiyədir.

Dünya Bankının hesabatına görə, evə göndərilən pulun ümumi həcminə görə, birinci yerdə hindistanlı miqrantlardır, onların göndərdiyi pulun ümumi həcmi 55 milyard dollardı, daha sonra çinlilər və meksikalılar gəlir.
XS
SM
MD
LG