Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:00

Qaz, yoxsa insan hüquqları?


ABŞ Dövlət Departamentinin Avrasiya və enerji məsələləri üzrə xüsusi nümayəndəsi Richard Morningstar

ABŞ Dövlət Departamentinin Avrasiya və enerji məsələləri üzrə xüsusi nümayəndəsi Richard Morningstar

Amerikanın Azərbaycanla daha yaxşı əlaqələr qurmasını lobbiləşdirən Jamestown Fondu Vaşinqtonda konfrans keçirib.

Konfransda ABŞ Dövlət Departamentinin Avrasiya və enerji məsələləri üzrə xüsusi nümayəndəsi Richard Morningstar çıxış edib. Konfransın digər iştirakçıları ABŞ administrasiyasının Azərbaycanla bağlı siyasətini tənqid edərkən Morningstar cavab verib.

Qafqazda enerji siyasəti üzrə ekspert Vladimir Socor təəssüf hissi ilə bildirib ki, son illərdə Azərbaycanla Amerika arasındakı münasibətləri iki ölkənin uzaqlaşma prosesi kimi qiymətləndirmək olar. O, bunda Obama administrasiyasını günahlandırıb.

Morningstar isə ABŞ-ın bu tənqidləri qəbul etmədiyini bildirib. Deyib ki, ABŞ hökuməti Bakı ilə münasibətlərini yaxşılaşdırmaq üçün səylərini davam etdirir:

«Mən sizi əmin edirəm ki, bu regionda əlaqələri zəiflətmək, xüsusilə Azərbaycanla münasibətləri zəiflətmək baxımından administrasiyanın heç bir niyyəti yoxdur. Əslində faktiki olaraq son bir neçə ayda bu münasibətləri daha da yüksəltmək üçün mühüm səylər göstərilib».

Morningstar bir daha vurğulayıb ki, ABŞ Nabucco layihəsini dəstəkləyir.

Konfransda ABŞ-ın xarici siyasət üzrə tanınmış eksperti, prezident Jimmy Karterin dövründə milli təhlükəsizlik müşaviri olmuş Zbigniew Brzezinski də çıxış edib. O, Azərbaycanın gələcəyi ilə bağlı nikbin olduğunu bildirib. Senatın Metyu Brayzanı səfir təyin etmək məsələsinə erməni lobbisinin törətdiyi əngəlləri sərt şəkildə pisləyib. Ermənistanla Azərbaycanı uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini artırmağa çağırıb. Bildirib ki, «dalana dirənmiş vəziyyət heç kimin mənafeyinə uyğun deyil».

O həmçinin potensial hərbi qarşıdurmayla bağlı bildirib ki, ABŞ problemin güc tətbiqi ilə həllinə qəti şəkildə qarşı çıxır və bu məsələdə ABŞ-ın mövqeyində tərəddüd yoxdur.

Konfrans iştirakçıları bazar günü Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı açıq fikirlərini bildirməyiblər. Bu seçkiləri ABŞ Dövlət Departamenti tənqid edib.

Azərbaycan hökumətinin müxalifət jurnalistlərinə rəftarı ilə bağlı tənqidlərə cavab verərkən isə Morningstar bildirib ki, Vaşinqton insan hüquqları məsələlərində irəliləyiş olmasında maraqlıdır:

«İnsan hüquqları məsələləri bizim gündəliyimizin tərkib hissəsidir. Azərbaycanla danışıqlarda da əsas məsələlərdəndir. Bu, dövlət katibinin səfəri zamanı da müzakirə olunub. Mən sizə demirəm ki, qaz insan hüquqlarından üstündür. İnsan hüquqları açıq-aydın müzakirə olunan məsələlərdəndir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG