Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:45

Yağışdan çıxıb yağmura düşən məhkumlar


3 aydan artıqdır ki, həbsdən azad edilmiş Əhməd Hümbətov AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib ki, həbsdən çıxandan sonra adaptasiya üçün qanunla ona verilməli olan birdəfəlik pul yardımını və əlilliyə görə aylarla yığılıb qalmış təqaüdlərini ala bilmir. Əhməd Hümbətov ikinci dəfədir ki, “Qaynar xətt”ə müraciət edir. İki ay əvvəl o, həbsxanadan çıxandan sonra getməyə yeri olmadığından küçələrdə qaldığını demişdi. Şikayət edirdi ki, qeydiyyata götürülmür, şəxsiyyət vəsiqəsi əldə edə bilmir, yaşayış yeri ilə təmin olunmur, ona adaptasiya üçün verilməli olan pulu və əlilliyə görə təqaüdünü ala bilmir.

“PULUMU VERMƏSƏNİZ, ÖZÜMÜ ÖLDÜRƏCƏYƏM”


“Qaynar xətt”ə şikayətindən sonra keçmiş məhkumun problemlərinin bir qismi həllini tapıb. Nəsimi Rayon Polis İdarəsinin şəxsiyyət vəsiqəsi şöbəsi keçmiş məhkumu qeydiyyata götürüb və ona şəxsiyyət vəsiqəsi verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə onu küçələrdən yığaraq Mərdəkandakı pansionatlardan birinə müvəqqəti sığındırıb.

Ancaq həllini tapmamış bir problem də qalıb ki, bu da keçmiş məhkumun azadlığa çıxandan sonra adaptasiya üçün ona verilməli olan birdəfəlik pul yardımını və 2-ci qrup əlilliyə görə yığılıb qalmış təqaüdlərini ala bilməməsidir:

“Təzə çıxan məhkumlara prezidentin fərmanı ilə 300 manat adaptasiya pulu verilməlidir. Şəxsiyyət vəsiqəm olmadığına görə vermirdilər, deyirdilər get əvvəl şəxsiyyət vəsiqəsi al sonra gəl. Qaynar xəttə şikayətlərimdən sonra şəxsiyyət vəsiqəsini ala bildim. İndi də deyirlər ki bu pulu ən tez 2-3 aya verəcəyik sənə. Yalvar-yapış elədim, axırda dedim əgər pulumu verməsəniz burda özümü öldürəcəyəm, başqa yolum yoxdur”.

MÖHÜRDƏN VƏ İMZADAN ASILI TALE


Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin pensiya siyasəti şöbəsinin əməkdaşı Telman Hüseynov deyir ki, Əhməd Hümbətovun sənədləri tam qaydasındadır və hazır vəziyyətdədir. Qalıb rəhbərliyin möhür vurması. Ancaq Əhməd Hümbətov sənədlər imzalandıqdan təqribən 20 gün sonra pullarını ala bilər:

“Bu məsələ təcili başa gələn deyil. Sənədlərin hazırlanması, yaşayış yeri olub-olmaması barədə müvafiq aktın tərtib olunması və sair, bunlar hamısı vaxt aparan proseslərdir. Onun sənədləri qəbul olunub, qalıb rəhbərliyin möhür vurması”.

Telman Hüseynov noyabrın 10-da sənədlərin hazır olacağını dedi.

Əhməd Hümbətovsa deyir ki, 3 aydan artıq vaxtı pulsuz-parasız duruş gətirə bilibsə, 20 günü də birtəhər keçirər, əsas odur ki, günlər aylara, aylar illərə çevrilməsin.
XS
SM
MD
LG