Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:55

Kütləvi şikayətlər mərhələsi başlayır


Arıf Hacılı
Arıf Hacılı
Siyasi dairələrdə parlament seçkiləri sonrası müxalifətin hansı addımları atacağı müzakirə olunmaqdadır. Müsavat Partiyası Seçki Qərargahının rəhbəri, “AXCP-Müsavat” seçki blokunun namizədlərindən biri olan Arif Hacılı deyir ki, noyabrın 10-da toplaşıb sonrakı addımları müzakirə edəcəkləri gözlənilir:

“Azərbaycan hakimiyyətinin həm ölkə ictimaiyyətinə, həm də burada fəaliyyət göstərən siyasi qüvvələrə, eyni zamanda beynəlxalq ictimaiyyətə meydan oxuması ciddi nəticələrə səbəb olacaq. Yaranmış vəziyyəti müzakirə edib, Azərbaycanın demokratik qüvvələrinin birgə fəaliyyətinə nail olmağa çalışacağıq”.

Arıf Hacılının sözlərinə görə, hələlik isə əsas fəallıq seçkilərin nəticələrinin ləğv olunması tələbi və şikayətlərlə bağlıdır. Üstəlik, beynəlxalq təşkilatların reaksiyaları da hansısa nəticəyə nail olmağın mümkünlüyünü düşünməyə əsas verir.

“ONLARI MÜXALİFƏT ADLANDIRMAQ OLMAZ”


Elxan Şahinoğlu
“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, müasir Azərbaycan tarixində ilk dəfə olaraq parlament müxalifətsiz fəaliyyət göstərəcək. Çünki real müxalifət parlamentə buraxılmadı:

“Düzdür, özünü müxalifət kimi irəli sürənlər də var. Hətta 12 nəfər müxalifəti təmsil etdiyini və konstruktv müxalifət olduğunu bildirəcək. Amma sadəcə onların ötən beş illik fəaliyyətlərindən deyə bilərik ki, indiki 12 nəfərdən 2 və ya 3 –ü həqiqətən öz sözünü deyə bilib. Digərləri isə özlərini konstruktiv adlandırsalar da, hakimiyyətə yaxın mövqe nümayiş etdiriblər. Ona görə onları müxalifət adlandırmaq olmaz ”.

Şeçki sonrası proseslərin şikayət mərhələsinə gəlincə, “AXCP-Müsavat”, eləcə də “İnsan Naminə” seçki bloklarının bütün namizədləri seçkilərin saxtalaşdırılması ilə bağlı DSK–lara şikayət edirlər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, əgər hər hansı namizədə dairənin yekun qərarı verilibsə, şikayət həmin qərardan, hələ təqdim olunmayanlar isə kütləvi saxtakarlıqlarla bağlı şikayət verəcəklər.

DSK-lar bu şikayətlərə baxandan sonra cavaba uyğun olaraq MSK-ya şikayət ediləcək. F.Qəhrəmanlının deməsinə görə, şikayətlər eləcə də, blok tərəfindən müdafiə olunan namizədlər tərəfindən təqdim ediləcək. O hesab edir ki, seçkilərin keçirildiyi bütün dairələrdə kütləvi qanun pozuntuları baş verib:

41 NƏFƏR ŞİKAYƏT VERƏCƏK

Fuad Qəhrəmanlı
“37 nəfər blokun rəsmi qeydə alınmış namizədi idi. 5 nəfərə yaxın da blok tərəfindən müdafiə olunan namizəddən söhbət gedirdi. Biz 41 nəfər tərəfindən bu şikayət ərizələrinin təqdim olunacağını nəzərdə tutmuşuq. Bundan əlavə blokun siyasi dəstək verdiyi namizədlər də vardı ki, onlar da qanun pozuntuları ilə rastlaşıblar. Bizdə olan məlumata görə, onlar da DSK-lara eyni xarakterli ərizələr təqdim edəcəklər”.

“İnsan Naminə” seçki blokuna daxil olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də blokun namizədlərinin əksəriyyətinin kütləvi seçki saxtakarlığı ilə bağlı şikayət etməyə hazırlaşdıqlarını deyir:

“Seçkilərdə 21 namizədimiz iştirak edib. Onların bir qismi artıq şikayət veriblər, bir qismi də işini hazırlayır. Dəqiq deyə bilmirəm neçə nəfərdir, amma əksəriyyət şikayət edəcək”.

Həm “AXCP-Müsavat”, həm də “İnsan Naminə” seçki bloklarının təmsilçiləri qanun pozuntusu və saxtakarlıqlarla bağlı əllərində kifayət qədər sənədlər, videogörüntülər və digər faktlar olduğunu bildirirlər.

“ŞİKAYƏTİ ARAŞDIRMA MÜDDƏTİ 3 GÜNDÜR”

Mərkəzi Seçki Komissiyasının (MSK) sözçüsü Azər Sarıyev deyir ki, quruma daxil olan şikayətlərin ümumi sayı barədə konkret bir şey demək mümkün deyil. Çünki şikayət daxil olduqca iclasa çıxarılır. Onların necə araşdırılacağına gəlincə, buna şikayətçilərin özlərinin də nəzarət etməsinə imkan yaradılacaq:

Azər Sarıyev
“Araşdırma müddəti 3 gündür. Şikayətlər daxil olduqda maksimum 3 gün müddətində araşdırılacaq. Kim ərizəsində şikayətin araşdırılmasında iştirak etmək istədiyini göstərirsə, onlar həmin iclasa dəvət ediləcəklər”.

Keçmiş MSK üzvü Ənvər Əliyev isə bu şikayətlərİn hamısına, özü də ədalətlə baxılacağına inanmır. O deyir ki, MSK üzvü olduğu dövrdə belə şikayətlərə nə qədər laqeyd yanaşıldığının, ərizələrin bu quruma vaxtında gəlib çatmasına süni şəkildə bürokratik əngəllər yaradıldığının şahidi olub. Aradan keçən dövr ərzində MSK-nın fəaliyyətində və ümumən seçki prosesində müşahidə etdiyi qanunsuzluqlar isə onda şikayətlərə obyektiv yanaşılacağına ümid yaranmasına heç bir əsas vermir.

SÜNİ ƏNGƏLLƏR VƏ LAQEYDLİK

Ənvər Əliyevin fikrincə, hazırda süni problemlər əvvəlkindən də çoxdur:

“2003-2005-ci illərdəki seçkilərdə şikayətlərə baxılması, beynəlxalq aləmin buna münasibəti və sair məsələlər çox irəlidə idi. Amma indi çox geriləmə görürəm. Komissiyaların tərkibi əvvəlkinə baxanda kifayət qədər geriyə addım olduğu üçün Azərbaycanda seçkilərin SSRİ dövründən də eybəcər və Şərq aləminə məxsus keçirilməsi labüddür”.

Ənvər Əliyev
Bununla belə, Ənvər Əliyev hesab edir ki, ruhdan düşməmək və mübarizəni şikayəti Avropa Məhkəməsinə gedib çıxanadək davam etdirmək lazımdır. Çünki bu məhkəmə azərbaycanlının indiyədək seçki şikayəti ilə bağlı prosesi udduğu yeganə məhkəmədir.

ABŞ dövlət katibinin ictimaiyyətlə əlaqələr üzrə müavini Filip Krouli isə Azərbaycandakı seçkilərlə bağlı bildirib:

“Azərbaycan hökumətini seçkilərin əlverişli keçirilməsinə müdaxilə etməkdə şübhəli bilinən rəsmilərin məsuliyyətə cəlb edilməsini təmin etməklə, seçkilərlə bağlı şikayətlərə ədalətlə, şəffaf və məqsədəuyğun tərzdə hökm cıxarılmasına diqqət yetirməyə çağırırıq. Biz, həmçinin Azərbaycan hökumətini ifadə və sərbəst toplaşma azadlıqlarına hörmət etməyə cağırırıq”.

SEÇKİLƏRİ BURADA MÜZAKİRƏ ET
XS
SM
MD
LG