Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:07

«Fərhad Əliyev təzminat istəməmişdi»


Prezident İlham Əliyev və Fərhad Əliyev, 2005
Prezident İlham Əliyev və Fərhad Əliyev, 2005
FƏRHAD ƏLİYEVƏ TƏZMİNAT ÖDƏNSİN

Noyabrın 9-da Avropa İnsan Haqları Məhkəməsi keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və akademik Eldar Salayevin Azərbaycana qarşı iddiası ilə bağlı qərarlarını açıqlayıb.

Qərara görə, Fərhad Əliyev saxlanılarkən və həbsdə olduğu müddətdə azad, təhlükəsiz yaşamaq hüququ, eləcə də təqsirsizlik prezumpsiyası pozulub.

Buna görə də məhkəmə Azərbaycan hökumətinin keçmiş nazirə dəymiş mənəvi ziyana görə 16 min avro, məhkəmə xərclərinə görəsə 25 min avro təzminat ödəməsini tələb edir.

Məhkəmə həmçinin dövlət çevrilişi ittihamına görə saxlanmış akademik Eldar Salayevlə bağlı da qərar çıxarıb. Eldar Salayev qanunsuz tutulması və 20 günə yaxın saxlanmasından şikayət edirdi.

Avropa Məhkəməsi akademikin də azad və təhlükəsiz yaşamaq hüququnun pozulduğunu müəyyənləşdirib. Amma iddiaçı təzminat tələb etməmişdi. Buna görə də məhkəmə ona təzminat ödənməməsi haqda qərar verib.

Fərhad Əliyev 2005-ci ilin oktyabrında, parlament seçkiləri ərəfəsində dövlət çevrilişinə cəhddə və dövlət əmlakını talamaqda ittiham olunmuşdu. Amma istintaq zamanı dövlət çevrilişi işi ayrılmış, o iqtisadi cinayətlərə görə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Eldar Salayev də eyni vaxtda dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs edilmişdi. O az bir müddət həbsdə saxlandıqdan sonra haqqındakı həbs-qətimkan tədbiri ləğv edilmişdi.

«FƏRHAD ƏLİYEV TƏZMİNAT İSTƏMƏMİŞDİ»

Elton Quliyev
Fərhad Əliyevin vəkili Elton Quliyev deyir ki, Fərhad Əliyev pozuntularla bağlı hökumətdən təzminat istəməyibmiş. Amma bununla belə, Avropa Məhkəməsi öz təşəbbüsü ilə təzminat ödənməsini istəyib:

«Bizim hələ Avropa Məhkəməsində bir işimiz də var. Bilavasitə ittihamların məhkəmədə araşdırılması ilə bağlıdır. Bu şikayət icraata qəbul olunsa da, nə vaxt baxılacağı haqda məlumatsızıq».

Elton Quliyev deyir ki, qərara Fərhad Əliyevin reaksiyasını hələlik öyrənə bilməyib. Hər halda, bu məsələni yaxın günlərdə müzakirə edəcəklər.

«ƏMİNİYDİM Kİ, AVROPA MƏHKƏMƏSİ MÜSBƏT QƏRAR ÇIXARACAQ»

Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Cəmil Həsənli belə deyir:

«Əvvəldən də hesab edirdim ki, Fərhad Əliyev qanunsuz tutulub. Ona qarşı sürülən ittihamla Fərhad Əliyevin əməlləri arasında heç bir əlaqə yoxdur. Mən əminiydim ki, Avropa Məhkəməsi Fərhad Əliyevin xeyrinə qərar çıxaracaq. Çünki onun həbsində o qədər qanun pozuntuları varıydı ki, u həbs edilmə o qədər əsassızıydı ki, ayrı bir qərar da ola bilməzdi».

Cəmil Həsənli bu qənaətdədir ki, Avropa Məhkəməsinin Fərhad Əliyevlə bağlı ikinci qərarı da müsbət olacaq. O ki qaldı, hökumətin Fərhad Əliyevə təzminat ödəyib-ödəməməsinə, Cəmil Həsənli deyir:

«Söhbət Azərbaycan hökumətinin əməl edib-etməməsindən getmir, insanın günahsız olmasından gedir. Ən azından insan günahsızlığının bir beynəlxalq təsdiqini alacaq. Bu, normal Avropa ölkələrinin birində baş versəydi, ondan üzr istəyib buraxardılar.
Eldar Salayev
Ümid edirəm ki, növbəti məhkəmə qərarına qədər Fərhad Əliyev buraxılar».

AKADEMİK ŞƏRƏF VƏ LƏYAQƏTİNİ PULLA DƏYƏRLƏNDİRMİR

Akademik Eldar Salayevin şikayəti qismən təmin edilib. Bunu akademikin vəkili Muxtar Mustafayev deyir. Ona görə də qərarı dəyərləndirdikdən sonra növbəti addımlar haqda düşünəcəklər:

«Eldar müəllim Avropa Konvensiyasının 14-cü maddəsiylə, siyasi baxışlarına görə həbs olunması ilə bağlı tələb irəli sürmüşdü. Amma məhkəmə bu hissəni qəbul etməmişdi. Bununla bağlı az sonra qərar verəcəyik...».

Akademik məhkəmə qərarı ilə bağlı bir müraciət də hazırlayıb. Vəkil Muxtar Mustafayev:

«Eldar müəllim deyir ki, qərarın «Salayev Azərbaycana qarşı» adlandırılması onun dövlətə qarşı olması kimi qiymətləndirilə bilməz. Dövlətə münasibətdə özünü qalib saymır. O qeyd edir ki, mənəvi ziyana görə kompensasiya tələb etməyib. Onun şərəf və ləyaqəti maddi dəyərlərlə qiymətləndirilə bilməz. Onun Azərbaycan dövlətinə maddi tələbi yoxdur. Hüquqlarının bərpasına dair qərarın Azərbaycan məhkəmələri tərəifndən deyil, beynəlxalq məhkəmələr tərəfindən verilməsinə isə təəssüf edir. Akademik ümid edir ki, haqqı tapdanmış hər bir Azərbaycan vətəndaşının elə Azərbaycan məhəkəmələrində ədalət tapmaq imkanı olacaq».

RƏBİYYƏT ASLANOVA: «BUNU O CÜR QİYMƏTLƏNDİRMƏK LAZIM DEYİL Kİ...»

Rəbiyyət Aslanova
Parlamentin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova isə Avropa Məhkəməsinin qərarları ilə tanış olmadığından ona münasibət bildirmək istəmir:

«Bunu o cür qiymətləndirmək lazım deyil ki, Azərbaycan məhkəmə sistemində çatışmazlıqlar var. Mən elə fikirləşmirəm. Avropa Məhkəməsi öz işini görür. Bəzən obyektiv, bəzən qeyri-obyektiv. Bunu da nəzərə almaq lazımdır. Azərbaycan məhkəmələrinin durumu, orda aparılan islahatlar çox samballı ekspertlər tərəfindən də etiraf olunur. Bu gün Azərbaycan məhkəmə hüquq sistemi mükəmməl bir sistemdir».

HƏMÇİNİN OXU:

ELDAR SALAYEV ÖZÜNÜ QALİB HİSS ETMİR
XS
SM
MD
LG