Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:52
“Azərbaycanda siyasi məhbuslarla bağlı hesabat qismən hazırdır, lakin onu tamamlamaq üçün Azərbaycana mandatım çərçivəsində rəsmi səfər etməliyəm”.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser bunu Azadlıq Radiosuna deyib. AŞPA cənab Ştrasseri 2009-cu ilin martından Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi təyin edib. İl yarımdan da çox vaxt keçsə də, bu müddət ərzində nə Kristof Ştrasser məruzəçi kimi Azərbaycana gəlib, nə də ortalıqda hesabat var. Cənab Ştrasser deyir ki, buna səbəb Azərbaycan tərəfidir. Çünki hesabatını tamamlaması üçün gərək ki, Azərbaycana rəsmi səfər etsin, rəsmi görüşlər keçirsin. Bunun üçünsə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən dəvət almalıdır. Cənab Ştrasser deyir ki, hələ ötən ilin aprelindən cəhdlər göstərsə də, nə nümayəndə heyəti, nə də səfirlikdən dəvətlə bağlı müsbət cavab ala bilmir.

AZƏRBAYCAN ŞTRASSERİ NİYƏ DƏVƏT ETMİR?
Kristof Ştrasser


Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti niyə Kristof Ştrasseri Azərbaycana dəvət etməkdən boyun qaçırır? Heyətin rəhbəri Səməd Seyidov deyir ki, bu məsələdə rəsmi Bakının mövqeyi birmənalıdır. Azərbaycan istənilən beynəlxalq təşkilatla insan haqları məsələsini müzakirə etməyə, o cümlədən siyasi məhbuslarla bağlı məruzəçini ölkəyə dəvət etməyə hazırdır, amma bir şərtlə: bu məsələdə Azərbaycana qarşı olan xüsusi münasibət dəyişməlidir.

“Bir ölkənin adını çəkin ki, ora siyasi məhbus üzrə məruzəçi təyin ediblər, Azərbaycandan başqa. Söhbət cənab Ştrasserə yox, problemə yanaşmadan gedir. Bütün başqa ölkələrdə siyasi məhbus adı altında təqdim olunan məsələ qapanıb, bu məsələ ilə bağlı heç bir dövlət, hansısa qurum, təşkilat rəsmi olaraq münasibətini bildirmək fikrində deyil. Süni şəkildə bir ölkəyə bunu şamil edirlər. Təbii, Azərbaycanın da münasibəti bununla bağlı birmənalıdır. O günədək ki, siz insan haqları məsələsini siyasi məqsədlərlə bir ölkəyə şamil etmək istiqamətində istifadə edəcəksinizsə, o günədək Azərbaycan bu münasibəti və belə yanaşmanı qəbul etməyəcək”.

AVROPA ŞURASI MƏSULİYYƏT DAŞIYIR


Səməd Seyidiv
Kristof Ştrasserin məruzəçi təyin ediləndən sonra uzun müddət Azərbaycana gəlməməsi yerli müxalifət qüvvələrinin və bir sıra hüquq müdafiəçilərinin narazılığına səbəb olub. Bu narazılığı cənab Ştrasserin yeni açıqladığı arqument də aradan qaldıra bilmədi. Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, məruzəçinin Azərbaycana gəlməsi hər hansı prosedur məsələyə görə mümkün olmayıbsa, bunun məsuliyyətini AŞPA daşıyır.

“Çünki o, bir adama iş tapşırıbsa, ondan hesabat tələb etməlidir, o adam da obyektiv səbəblər göstərsə ki, nəyə görə bu işi yerinə yetirməsi mümkün olmayıb həmin qurum gərəkən addımları atmalıdır. Azərbaycan hakimiyyəti, təbii ki, siyasi məhbuslar üzrə məruzəçinin Azərbaycana gəlməsində maraqlı deyil və bunu müxtəlif yollarla əngəlləməyə çalışacaq. Amma unutmaq olmaz ki, Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşısında öhdəlikləri var və onları yerinə yetirməlidir. Bu öhdəliklərin yerinə yetirilməməyinə laqeyd münasibət Avropa Şurasının məsuliyyətidir”.

Hakimiyyətin məsələyə münasibətinə gəlincə isə, İsa Qəmbər bunda bir anlam görmür. Deyir ki, hansısa ölkədə siyasi məhbus ola-ola Avropa Şurasının ora məruzəçi təyin etməməsi o demək deyil ki, qurumdan Azərbaycana qarşı da eyni münasibət tələb olunmalıdır.

TƏK YOL - SANKSİYA


Siyasi şərhçi Azər Rəşidoğlu isə deyir ki, rəsmi Bakı ona qarşı münasibətin dəyişməsini istəyirsə, bu, onun öz əlindədir, əvvəlcə özü ölkədə siyasi məhbus problemini həll etməlidir. Amma Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bu və digər öhdəlikləri yerinə yetirməyəcəyini açıq bəyan edib. Azər
Azər Rəşidoğlu
Rəşidoğlu belə deyir:

“Artıq beynəlxalq təşkilatlar, qurumlar öz sözlərini deməlidir və Azərbaycana qarşı sanksiyalar tətbiq etməlidir. Bu cür vəziyyətdə bu, yeganə yoldur”.

Hakimiyyət nümayəndələri isə öz açıqlamalarında dəfələrlə bildiriblər ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin əksəriyyətini uğurla yerinə yetirib. Azərbaycan Avropa Şurasına qəbul olunanda üzərinə 26 öhdəlik, o cümlədən insan hüquqları və azadlıqları, demokratiya ilə bağlı öhdəliklər götürüb. Avropa Şurasının mövqeyi isə belədir ki, Azərbaycan texniki xarakterli öhdəliklərin əksəriyyətini yerinə yetirib, digərləri ilə bağlı narahatlıqlar hələ də qalmaqdadır.

Şərhləri göstər

XS
SM
MD
LG