Keçid linkləri

Təcili xəbərlər

İslam özəlliyi: gözəl yaşayış və…ibadət


Niyazi Mehdi
Niyazi Mehdi
Fərabidə, Nəsrəddin Tusidə belə bir ideya var ki, gəlişmiş dinləri «gerçək-yalan», «üstün-aşağı» kateqoriyalarında bölmək yaxşı deyil və güman ki, Allah onları özünə doğru müxtəlif yollar kimi qoyub. Daha sonra onlar artırırdılar ki, Tanrı hər xalqa bu xalqın ruhuna uyğun yolu vermişdir.

Boğazı daralmış çay daralmaqdan fışqırtı gücü qazanır. Bu, şiddətin gücüdür. Ancaq millət azman genişliyə yayılmış çay kimi də güclü ola bilər. Biz millət gücünü genişlik planında anlamaq istəyirik. Dini azadlıq və dini tolerantlıq millətin dini mədəniyyətdə genişliyidir. Bunun tərsi olan şiddətdir ki, İraqda, Pakistanda müsəlmanların bir-birini qırmasına gətirib çıxarır. Başqa dinlərə dözüm və sayğı, yəni din azadlığı belə şeylərə yol vermir və öyünməliyik ki, Azərbaycan tarixində belə dözüm və sayğı heç də az olmayıb.

İndi biz Fərabi və Tusinin dediklərini bəyənəndə sual çıxır, dini müxtəlifliyin səbəbi (və ya məqsədi) nədir? Bir cavabı Fərabigil veriblər. Tanrının Özünə doğru hər ulusda bu ulusun mentalitetinə uyğun yol qoymasından müxtəliflik alınıb. O biri cavabı isə mən belə verərdim: Allah hər dində insana başqalarında olanlarla yanaşı başqalarında olmayan özəl mənəvi öhdəliklər, vəzifələr qoyur və sonra da bütün bunların öhdəsindən gəlmək yollarını əta edir. Deməli, hər gəlişmiş dinin dünya üçün önəmi başqa dinlərin qoymadığı mənəvi vəzifələri qoymaq və həmin vəzifələri yerinə yetirmək yollarını açmaqdır. Belədirsə, gərək öz dinimizlə bağlı özəllik suallarını verib sonra da cavablar tapaq.

İSLAMA YÖNƏLİK SUALLARDAN

Beləliklə, nədir Allahın İslam vasitəsi ilə bizə qoyduğu vəzifələr və nədir Allahın İslam vasitəsi ilə həmin vəzifələrin öhdəsindən gəlmək üçün verdiyi yol (və ya yollar)?

Yazıqlar olsun ki, bu sorunun cavabı baxımından müsəlman intellektuallarının tapdıqlarının çoxu az heyran edir. Görünüşcə İslamın başqalarından fərqi aydın bilinir. Donuz əti yeməməkdə, oğlan uşaqlarını sünnət etməkdə yəhudilərlə fərqimiz az olsa da xristianlarla böyükdür. Necə oruc tutmağımıza, necə yas keçirməyimizə, necə zəkat verməyimizə görə isə hamıdan fərqlənirik. Di gəl ki, bu fərqlərin çoxu formal yasaqlara oxşayır, mənəviyyat qatına çıxmır. Ona görə də İslamla bağlı düşüncəmizin böyük çatışmazlığı «bizim dinimizin mənəvi unikallığı nədədir?» sorusu ilə bağlı tapılanların çoxunun maraqsız olmasıdır. Halbuki bu yönümdə nə qədər maraqlı, ilginc cavab tapsaq, o qədər çox İslamın genişliyinə çıxarıq və ona görə də İslama qayıtmamız genişliyə çıxmağa bərabər olar. Bu yöndə balaca bir cəhd edək.

DİNLƏRDƏ TANRI İLƏ OLMAQ PROBLEMİ

İnsanın Allahdan uzaq düşməsinin bir səbəbi də dünyanın ona daha rəngarəng, maraqlı görünməsidir. Bax, bu duruma görə də ortaya MƏNƏVİ vəzifə çıxır: necə etməli ki, insana Tanrı dünyadan daha maraqlı olsun?
Hər bir dində böyük önəm verilən məsələ budur: necə etməli ki, insana Tanrı ilə olmaq dünya ilə olmaqdan maraqlı olsun? İnsanların çoxunun ibadətdə hövsələsizliyi, Allahı zikr etmək, yadında saxlamaq, Onu düşünmək məsələsində psixoloji problemləri yaman çoxdur. Allah sanki özü elə yapıb ki, insan psixolojisi onu Allahdan itməyə, itilməyə itələyir və bəlkə də ona görə əski türklər ibadətə «tapınmaq» deyirdilər. Yəni əsl ibadətdə insan itirilmişlikdən Tanrı üçün tapılmağa qayıdır.

İnsanın Allahdan uzaq düşməsinin bir səbəbi də dünyanın ona daha rəngarəng, maraqlı görünməsidir. Bax, bu duruma görə də ortaya MƏNƏVİ vəzifə çıxır: necə etməli ki, insana Tanrı dünyadan daha maraqlı olsun? Hinduizm, Xristianlıq və Buddizm bu problemi çözmək üçün Dünyanı dadsızlaşdıran, maraqsızlaşdıran dürlü zahidlik yolları, dürlü psixoloji treninqlər ixtira etmişdilər ki, insana bu qədər ləzzətli dünyadan qopmaq asan olsun. Məhəmməd peyğəmbər isə soruşulanda demişdi ki, İslamda zahidlik yoxdur. Peyğəmbərlə bağlı başqa bir hədis də məşhurdur: mənə bu dünyada üç şeydən ləzzət verilib, qadından, gözəl ətirlərdən və…namazdan.

İSLAMIN MƏNƏVİ ÖZƏLLİYİ

İslam dünyasının bütün tarixi göstərir ki, dinimiz gözəl dadlı, gözəl qoxulu yeməkləri, ətirli məişətləri, qadın gözəlliklərindən həzzi hətta möminliyə də yasaqlamamış, bəsləyib gəlişdirmişdir (Ortaçağ Avropasının gözəl yaşamağı müsəlmanlardan öyrənməsi bəlli faktdır). Bütün yerdə qalan dinlər insana mənəvi öhdəlik qoyanda bu dünyadan üz döndərməyə və onun üçün də bu dünyanın olmasına yol verməməyə çağırmışdır. İslam isə mömini elə bir yaşayış rejimində sınağa çəkir ki, orada gözəl dünyaya yasaq yoxdur və insana buyurulur ki, bax, belə bir dünyada yaşaya-yaşaya sən elə olmalısan ki, Allahla olmaq həmin dünya ilə olmaqdan sənə maraqlı olsun. İslamın bir mənəvi özəlliyi, məncə budur.

Ancaq maraqlıdır ki, çağdaş Batı (Qərb) sanki İslam mədəniyyəti yolunu seçərək bolluq, rəngarənglik dünyasını yaratdı. Müsəlman ölkələrindən bəziləri isə əyləncəli, rəngarəng dünyaya yasaq qoymaqla özləri də bilmədən Ortaçağ xristianlığının yolunu tutdular. Əslində biz deyə bilmərik ki, İslamın qoyduğu mənəvi vəzifənin öhdəsindən müsəlmanların çoxu uğurla və tez-tez gəlir. Çünki Allahın naminə əyləncəli, bolluqla dolu yaşamda ola-ola belə dünyadan güclü olmaq çox çətin məsələdir. Ancaq möminliyin həmişə müxtəlif çətinlikləri olur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG