Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:07

Təşkilatlar seçki pozuntularını açıqlayır


“2010-cu ildə keçirilən parlament seçkiləri əvvəlki illərdə keçirilən parlament seçkilərindən daha böyük saxtakarlıq və qanun pozuntusu ilə müşahidə olunub”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) noyabrın 8-də parlament seçkiləri ilə bağlı ilkin rəyində belə deyilir. Mərkəzin icraçı direktoru Bəşir Süleymanlının AzadlıqRadiosuna verdiyi məlumata görə, noyabrın 7-də keçirilən seçkilər zamanı yerli və beynəlxalq normativ hüquqlara zidd olan qanun pozuntuları baş verib.

“Bizimlə əməkdaşlıq edən çoxlu sayda müşahidəçilərdən seçki günü bizə gələn məlumatlar onu deməyə əsas verir ki, seçki günü “karusel” əməliyyatı, topa bülletenlərin atılması, sənədləri düzgün olmayan adamların səsvermədə iştirak etməsi, bir nəfərin bir neçə yerdə bir neçə səs verməsi, bundan başqa səslərin sayılması prosesinin şəffaf keçirilməməsi, bəzi məntəqələrdə tərtib olunan yekun protokolların müşahidəçilərə verilməməsi kimi hallar olub ”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) hesab edir ki, budəfəki parlament seçkiləri həm də ötən parlament seçkiləri ilə müqayisədə rəqabətsiz mühitdə keçirilib.

“Əgər 2010-cu il 7 noyabr parlament seçkilərində 700 nəfərə yaxın namizəd iştirak edirdisə, 2005-ci ildə namizədlərin sayı bundan üç dəfə çox olub”.

Bəşir Süleymanlı deyir ki, onun təmsil olunduğu təşkilat bunu rəqabət mühitinin məqsədli şəkildə yaradılmaması kimi qiymətləndirir və hesab edir ki, bu seçicilərin azad seçim imkanlarının məhdudlaşdırılması deməkdir.

Seçkiləri müşahidə edən daha bir QHT -“Demokratiyanı Öyrənmə” İctimai Birliyi (DÖİB) də ilkin rəyini açıqlayıb. Bu qurum da parlament seçkilərinin beynəlxalq və ölkə qanunvericiliyinə uyğun keçirilmədiyi qənaətindədir. DÖİB hesab edir ki, seçkilər ciddi pozuntularla müşayiət olunub, seçicilərin iradəsini azad şəkildə ifadə etməyə imkan verməyib və vətəndaşların azad seçkilərə etimadını itirib. Ümumilikdə seçkilər demokratik, azad və ədalətli olmayıb.

DÖİB parlament seçkiləri ilə bağlı daha ətraflı hesabatla noyabr ayının sonunda çıxış edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG