Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:05

31 saylı dairədə seçki necə keçdi?


SƏHƏR YEMƏYİ VƏ GÖZLƏNİLƏN KABAB QONAQLIĞI

Seçki prosesi başlayandan bir neçə dəqiqə sonra 25 saylı Nizami seçki dairəsinin 272 saylı məktəbdə yerləşən 22, 23, 24, 25 saylı məntəqələrində səhər yeməyi mərasimi başladı. Məktəbin bufetində çalışanlar məni də süfrəyə dəvət etdilər. Bildirdilər ki, süfrə dairə üzrə namizədlərdən birinin adından məntəqələrdə çalışanlar üçün açılıb. Müşahidə aparmaq üçün məntəqədə qalacağımı deyəndə mənə naharda gözlənilən kabab qonaqlığını qaçırmamağı tövsiyə etdilər.


Məntəqələrdə saat 10-na qədər xüsusi seçici fəallığı müşahidə edilmədi. Seçkiyə gələnlər daha çox yaşlı insanlar və büdcə təşkilatlarında çalışanlar idi. Səsvermə zamanı yaşlı insanlarla bərabər məntəqə üzvləri də səsvermə kabinələrinə daxil olurdular.

Müşahidəçilər isə onlar üçün yaradılan şəraitdən narazılıq edirdilər. Biz də gördük ki, demək olar bütün məntəqələrdə müşahidəçilər üçün masalar xeyli kənarda qoyulub və onlar prosesi rahat müşahidə edə bilmirlər.

Bu arada 31 saylı Suraxanı ikinci seçki dairəsinin məntəqələrindən qanun pozuntuları ilə bağlı xəbərlər gəlməkdəydi. Protokolların müşahidəçilərə verilməməsi, müşahidəçilərin polis məntəqələrinə aparılması, “karusel” əməliyyatları ilə bağlı xəbərlərin dürüstlüyünü yoxlamaq üçün bu dairənin ərazisinə gəldik. Ancaq buna qədər yolumuza daha bir maraqlı mənzərə çıxdı.

GÖNDƏRİLƏN AVTOBUS

Qaraçuxur qəsəbəsində məcburu köçkünlər yerləşən yataqxananın qarşısında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin təxminən 25 seçicisini eyni avtobusa minən gördük. Bizimlə söhbətdə bildirdilər ki, Hövsan qəsəbəsindəki yataqxanada məskunlaşıblar. Avtobusu isə onlar üçün göndəriblər. Qadınlardan bir neçəsi bir neçə dəfə səs verdiklərini desələr də, sürücünün yanında oturan şəxs hər kəsin bir dəfə səs verdiyini dedi.

31 saylı seçki dairəsinin məntəqələrində də 25 saylı dairədə gördüyümüz problemlərin şahidi olduq. Müşahidəçilərin məntəqə üzvlərindən xeyli kənarda yerləşdirilməsi, kabinələrə bir neçə nəfərin bərabər daxil olması, bir də ən əsası seçici siyahılarının natamamlığı…

Seçicilərdən biri şəxsiyyət vəsiqəsini məntəqə üzvünə təqdim edərkən bəlli oldu ki, nə onun nə də 3 ailə üzvünün adı seçici siyahısında var. Vətəndaş ötən seçki prosesində də eyni problemlə üzləşdiyini və adının seçici siyahısına salınması üşünDSK-ya müraciət etdiyini də dedi. Dairədə həmin şəxsin və ailə üzvlərinin səsverməsinə imkan yaradıldı.

“QANUNU POZURSUZ”


Səsvermə kabinəsinə iki nəfərin daxil olmasını lentə alan zaman isə 31 saylı dairənin 4 saylı məntəqəsinin sədri, eyni zamanda 104 saylı məktəbin direktoru Sülhəddin Allahverdiyev məni məntəqədən kənarlaşdırmağa çalışdı. Məntəqə sədri bildirdi ki, məntəqədə 2 dəqiqədən çox çəkiliş aparmaq olmaz və biz qanunu pozuruq. Hansı qanunun, hansı maddələrini pozmagımızla bağlı suallarımıza isə məntəqə sədri cavab verə bilmədi, əvəzində kameranı almağa cəhd etdi.

Məntəqələrdə seçki prosesini izləməyimiz üçün heç bir hüquqi məhdudiyyət olmadığını məntəqə sədrinin nəzərinə çatdırdıq. Bundan sonra o, protokol yazaraq bölməyə polis çağırdı və məni Suraxanı rayon Polis İdarəsinin 32 saylı bölməsinə apardılar. Sədrin aktda göstərdiyi kimi, hərəkətlərimizdə heç bir pozuntu olmadığı üçün təxminən 1 saat yarımdan sonra izahat alıb məni sərbəst buraxdılar.

SEÇKİLƏRİ BURADA MÜZAKİRƏ ET

Günün bütün mövzuları

XS
SM
MD
LG