Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:10

Taksi sürücüsü niyə öldü?


Hadisənin baş verdiyi yer
Taksi sürücüsü Böyükağa Həsənovun Nəqliyyat Departamenti işçisi ilə danışdıqdan sonra ölümünün səbəblərinin müəyyən olunması üçün məhkəmə-tibbi ekspertiza təyin edilib. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna bildirib ki, Bakının Nərimanov rayon Prokurorluğu hazırda araşdırmaları davam etdirir:

- Araşdırmanın nəticəsindən asılı olaraq toplanmış sübutlara hüquqi qiymət veriləcək və müvafiq qərarın verilməsi təmin ediləcək.

Taksi sürücüsü Böyükağa Həsənov noyabrın 4-də Bakının Xətai prospekti 7 ünvanında, «Yaşıl bazar» kimi tanınan ərazidə Nəqliyyat Departamentinin əməkdaşı Faiq Abbasəliyevlə mübahisə edib. Mübahisədən az sonra Böyükağa Həsənov ölüb.

Mübahisənin baş verməsini şahidlər söyləyir, Daxili İşlər Nazirliyi də mübahisəni istisna etmir, amma nazirliyin ilkin açıqlamasında deyilir ki, Böyükağa Həsənov sonradan səkidə oturub və qəfil vəfat edib.

«BİRİNCİ FAİQ VURDU»

Bəs hadisənin şahidləri nə deyir?

«Yaşıl bazar»da işləyən Laləzar Zeynalova söyləyir ki, o, səki ilə gələndə iki maşının dalqabaq gəldiyini görüb. Deyir, arxadakı maşının siqnalından sonra qarşıdakı taksi maşını dayanıb. Amma sürücü yerə düşməmiş arxadakı maşından enən bir nəfər tələsik yaxınlaşıb avtomobilin nömrəsini açıb. Sürücü nömrəni geri
Laləzar Zeynalova
almaq istəyib:

- Kişi də başladı yalvarmağa ki, pulum yoxdu. O da söydü. Başladılar bir-birlərini söyməyə. Sonra tutdu kişinin yaxasından, başladı onu silkələməyə. Onu vurdu.

- Birinci kim vurdu?

- Faiq.

Laləzar Zeynalova iddia edir ki, Faiq Abbasəliyev Böyükağa Həsənovu vurub, o da yıxılıb:

- Özü də elə-belə vurmadı, bərk vurdu. Adını bilmirəm, üzdən tanıyıram, bir oğlan da yapışdı Faiqin boğazından ki, kişini niyə vurursan?...

«AĞZINDAN KÖPÜK GƏLİRDİ»


Hadisə başqa şahidlərin yadında belə qalıb:

- Kişi yıxılanda Faiq dedi ki, «aferistlik» eləyir. Mən təcili yardıma zəng edəndə dedi ki, eləmə, 5-10 dəqiqəyə ayılacaq. Mən ona su verdim, bir-iki damcı içdi. Ağzından köpük gəlirdi. Mən təcili yardıma zəng edəndə minib maşına aradan çıxdılar.

Hadisənin şahidləri deyirlər ki, Faiq Abbasəliyev maşının nömrəsini açıb:

- Mən çıxdım ki, nömrə Faiqin əlindədir. Burda açmışdı.

NƏQLİYYAT NAZİRLİYİNİN SÖZÇÜSÜ: HADİSƏ MÜBAHİSƏ ZAMANI OLMAYIB

Namiq Həsənov
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə bildirib ki, hadisə mübahisə zamanı olmayıb. Taksi sürücüsü xidməti maşını ilə hərəkətdə olan Nəqliyyat Departamentinin işçisini saxlatdıraraq dövlət rüsumunu necə və hara ödəmək barədə soruşub, sonra uzaqlaşıb.

N.Həsənovun sözlərinə görə, departament işçisi yenidən geri qayıdaraq həmin ərazidən keçərkən taksi sürücüsünün yerə yıxıldığını görüb.

Namiq Həsənov deyir ki, hadisədən sonra Faiq Abbasəliyevin fəaliyyəti araşdırılır və nöqsanlar aşkarlansa, müvafiq tədbirlər görüləcək. Nəqliyyat Nazirliyinin sözçüsü indiyə kimi onlarla müfəttişin nömrə açması və ya taksi sürücüləri ilə kobud rəfatına görə işdən uzaqlaşdırıldığını deyir. Bəs əgər cəza varsa, niyə bu cür hallara rast gəlinir? Namiq Həsənov:

«MÜSBƏTƏ DOĞRU XEYLİ DƏYİŞİKLİK VAR»

- Hər halda müsbətə doğru xeyli dəyişiklik var. İndi adamdır da, çıxır şəhərə, nəfsini boğa bilmir, qanunu pozan addımlar atır. O cür hallar aşkarlandığı halda mütləq tədbirlər görülür.

Vidadi İsgəndərli
Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərov isə deyir ki, belə hadisələr çox olur, sadəcə, vətəndaşların öz hüquqlarını müdafiə etməsi vacibdir:

- Bu peşə sahibləri öz hüquqlarının müdafiəsində fəal olmalıdılar.

Bir müddət öncə Şabranda (köhnə Dəvəçi) «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin müfəttişlərinin döydüyü «Kamaz» sürücüsünün hüquqlarını müdafiə edən Vidadi İsgəndərli deyir ki, o vaxt bu hadisə ona görə hüquqi həllini tapdı ki, olay ictimailəşdi. Şabrandakı hadisədən sonra müfəttişlər vəzifələrindən kənarlaşdırıldılar və məsuliyyətə cəlb olundular.

Vidadi İsgəndərli Böyükağa Həsənovun hüquqlarını müdafiə etmək üçün də təmənnasız köməyini mərhumun qohumlarına təklif edir.

DEPARTAMENT ƏMƏKDAŞININ NÖMRƏ AÇMAĞA İXTİYARI YOXDUR

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə deyir ki, Nəqliyyat Departamenti əməkdaşının taksi maşınının nömrəsini açmağa ixtiyarı yoxdur, bunu sübut edən fakt həmin əməkdaşa qarşı tədbir görülməsi ilə nəticələnə bilər.

Şərhləri göstər

XS
SM
MD
LG