Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:53
Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk öz kitabları haqda. Onun müxtəlif mətbu orqanlarına bildirdiyi fikirlər...


- Yaxşı, siz romanlarınızı necə dəyərləndirirsiz?


- Eh, çox deməzdim. Bir az sevirəm. Bəzilərinə çox əziyyət çəkdim, ürəyimi qoydum.

Onlar də mənə bir dünya açdılar, mənim oxunmağıma, sevilməyimə yol açdılar.

Nə onlara acığım tutur, nə də onlara çox əhəmiyyət verirəm. Budur, rəflərdə dururlar. Onlarla birlikdə yaşadım, indi də istəyirəm, özləri öz başlarına yaşasınlar.

(GÜL-PANORAMA)


CÖVDƏT BƏY VƏ OĞULLARI

Memarlıq təhsili aldığım yerdə onu yarımçıq qoyub yazmaq üçün məktəbdən ayrıldım, qəzetçilik məktəbinə girdim.

Bu arada “Cövdət bəy və oğulları”nı yazmağa başladım. 22 yaşımda başladım, 26 yaşımda, 1978-ci ildə bitirdim.

Hələ evlənməmişdim, anamla bir yerdə yaşayırdım. Düz 8 il ikimiz bir evdə qaldıq.

Yazar olmaq fikrinə düşdüyümə hirslənirdi. Gecələr işlədiyim vaxt qapını açar, “yazırsanmı?.. barı, çox siqaret çəkmə” deyərdi.

“Barı” sözü mənə “zatən lüzumsuz bir iş görürsən, heç olmasa başqa bir zərərli iş də görmə” demək istədiyini anladırdı.

***

- Romanınızın necə mükafat aldığını, çap olunduğunu anladarsınızmı?

- Romanı 1974-78-ci illər arasında yazdım. 1979-cu ildə Milliyyət Yayınları Romanı mükafatını aldı.

Çap olunması üçün 3 il ömrümü-günümü verdim.

Xanımımla düşünüb-daşınmış, bəlkə bir çap etmək istəyən naşir tapıla deyə, sənət jurnallarına “Mükafat alan roman satılır” yazılmış elan verməyə hazırlaşmışdıq.

Babiəlidə qapı-qapı dolaşmaq fikri çox sıxıcı idi.

(ERTOR-M.S.)


***

Hər yazarın özünəməxsus üslubunda elə ünsürlər var ki, bunlar o yazarın çağdaş ədəbiyyat mübahisələrindən, hətta yazıçının özünün ədəbi istedadından yox, onun həyatındakı bəzi məqamlardan, uyğunluqdan, təsadüflərdən qaynaqlanır.

Men ilk kitabımı yazarkən bir ailə romanı yazmaq istəyirdim. Uşaqlığımı keçirdiyim binanın yanındakı bir köhnə evdən tez-tez söz açılardı.

O köhnə evi mən də görmüşdüm. Dağılmış bir evdir, ailənin köhnədən o evdə oturduğu deyilirdi.

Mən binanın üstündən baxarkən o evin yalnız damını görmüşdüm. O evlə bağlı xəyallar qurmuşdum.

O evin 1930-cu illərdə yaşadığını bilirdim. Bu kiçik detal mənə bir romana başlayarkən, həyatlarını bilmədiyim o insanların 1930-cu illərə ilişgili həyatından məqamlar xəyallarıma təkan verdi.

Bu kiçik bir detallar sizi bir gün masa arxasında oturarkən “bunlar haqqında bir roman yazım” deyə həvəsləndirə bilər.

O cümlədən ağlınızda başqa detallar da var. Bu detallar üst-üstə gəldikcə yazacağın romana yaxınlaşırsan.

Bu kiçik durumdan sonra 1934-cü illərə aid bir roman yazmaq istədiyimdən bu illərlə bağlı mütaliə etmək məcburiyyətində qaldım.

Bu mütaliədən çox zövq aldım, məsələn, Dəmiryol jurnalı kolleksiyasını, köhnə qəzet cildlərini, dedi-qodu kitablarını, kübar cəmiyyətdən bəhs edən romanları oxudum.

“Cövdət bəy və oğulları” həm öz ailəmin romanıdır, həm də bu cür mütaliə və xəyal gücü ilə qurulmuş başqa bir ailənin romanı.

(S.E. – TÜR.POS)

***

Memuarları, əski qəzet kolleksiyalarını dönə-dönə oxudum. Bu yazılar Rembonun səsli hərflərin rəngini tapdığı o ünlü şerində bəhs etdiyi yazılar kimi əyləncəlidir.

Osmanlı paşalarının xatirələrini, yazarların 40 il öncə öz hesablarına çap etdirdikləri yurdun inkişaf proqramlarını, saralmış əski qəzet kolleksiyalarını oxuyarkən roman qəhrəmanları üçün detal axtarmırdım.

Yeri gəlmişkən, romanın əvvəlində 1905-ci ildə Əbdülhəmidə edilən uğursuz sui-qəsddən bəhs etməyin gərəkliliyini düşünürdüm.

Amma özəl bir detal tapmasaydım bəlkə romana o bombanı qoymazdım:

Olaydan iki gün sonra bir evdə toplanan bir neçə paşa bomba partladığı zaman necə qorxduqlarını bir-birlərinə gülə-gülə danışıblarmış.

Bəzən bu cür detallar mənə dipdiri 40 adamı öldürən bir bombadan daha da gerçək gəlir. Bütün məsələ də yaşayaraq, uyduraraq, ya da oxuyaraq bu cür detalları tapa bilməkdir.

Məncə belə bir ayrıntını tapa bildik.

(Nursel-cümhuriyyət)


***

“Cövdət bəy və oğulları”nda öz ailəm və həyatımdan çox şey var:

Mənim babam da bir zamanlar dəmiryolu inşa etmişdi, Nişantaşıda qalırdı. Köhnə bir daş evdən, sonralar Pamuk Mənzili adını alacaq bir binaya köçmüşdü.
O binanı da özləri tikmişdilər. Yenə nənəm, əmilərim, xalam da romandakı kimi bir ailəyə məxsus binada yaşayırdılar.

“Qara Kitab”a da ilham verən bu binada mən də çox qaldım, hətta kitabın bir hissəsini orda yazdım.

Mənim ailəmdə Cövdət bəyin əksinə, tacirlər, dükan sahibləri heç yoxdu. Ailə həyatının detalları, Qurban bayramında günorta yeməkləri, Bəyoğluna getmək, Maçkaya qaçmaq, bazar günləri uşaqları maşına mindirib boğazı gəzməyə getmək və savaşmaq, ailədaxili çəkişmələr, ətrafdakılarla, qonşularla olan əlaqələr, bunlar öz ailəmdəndir.

Bir də kitaba təsir edən başqa romanlar da var təbii.

Tomas Mannın “Buddenbrooks”da nəsillər boyu bir ailəni anlatdığını görəndə öz hekayətimi anlada biləcəyimi o dəqiqə başa düşmüşdüm.

Gənc qəhrəmanlarımda isə mənim iyirmi yaşlarımda Sartr-Kamyu təsirinə düşməyimdən izlər var.

Amma bütünlüklə kitabdan gəlmə bir şey deyil.

Babam da qəhrəmanlardan biri kimi 1950-ci illərdə Parisə getmiş, Cafe Flore-da arada bir rastlaşdığı Sartrın kitablarını - Gallimard nəşriyyatının çap etdiyi ilk nüsxələrini almışdı.

(İllər sonra mənim də kitablarımı çap edən Gallimard nəşriyyatının sahibi Antoine Gallimard evimə gələndə babamın bu kitablarını ona göstərdim).

“Cövdət bəy” bütün bu təsirlərin, böyük bir ailə romanı yazmaq istəyimin, “gənc türklər”dən ta Cümhuriyyətin ilk əlli ilinin sonuna qədərki İstanbul haqqında danışmaq arzumun nəticəsidir.

****

Bu fərqi dərhal ayırd edək. 18-ci əsr romanı, bugünkü romana, Kunderanın yazdığı kimi, bizim “ düşüncə romanı" dediyimiz postmodern romana, oyuncaqlı şeylərə, realist olmayan romana daha yaxındır.

19-cu əsrin romanı isə bu ailə romanına, fransızların irmaq (çay) roman adlandırdığı romana yaxındır və Hegel sonrası tarix konsepsiyasının nəticəsidir.

Ailənin meydana gəlməsi isə qüvvətli bir inkişaf fikri ilə bağlıdır.

Yığan, qoruyan, əlində açar gəzən tiplərin meydana gəlməsi əslində ailənin müasir kapitalizmin bir şəkli ilə bağlı olmasından da qaynaqlanır.

“Cövdət bəy və Oğulları” əslində bizdə olmayan, Qərbin kapitalistləşmiş ailəsi kimi olmağa çalışmasının hekayəsini anladır.

Bu məzmunda “olmasını istəmə” arzusu da kitabın sətirləri arasında gizlidir. Cövdət bəyin hekayəsi bir az da uğursuzluq hekayəsidir.

Sonunda ailə yenə də varlanır, amma əvvəldə söylənən yüksək fikirlərin hamısından da imtina olunur.

(ALİ DEMOKRASİ)


SƏSSİZ EV

- “Səssiz ev”də yeni bir üslubu sınaqdan keçirməyə çalışmışsınız. Bu üslub necə yarandı?

- Dillə, kəlmələrlə oynayaraq, təfəkkür tərzinə uyğun cümlə quruluşunu axtararaq, bir cümləyə müxtəlif zamanları sığışdırmağa çalışaraq...

Dil və üslubla yenilik etməyə çalışan yazarlar bizdə “anlaşılmaz” ya da "anlamağa dəyməz” deyə kiçildilir. Bunda bəzi yazarların oxucuya çəkdirdikləri
çətinliklərin qarşılığında çox az mükafat vermələrinin payı da var hər halda.

- Hər iki romanınızda da nəsillər arasında bir körpü qurma səyi sezilir.


- Romanlarımda yaxın keçmişdən danışıram. Çünki anlatdığım ailələr bunu zəruri edir.

Bu ailələri isə buna yaxın mühitdə böyüdüyüm, bunlara bənzəyən nənələri, əmiləri tanıdığım üçün bir ölçüdə, asan olduğu üçün anladıram.

- “Səssiz ev”in Səlahəddini keçmişdəmi qaldı, yoxsa bu gün də yaşayır?

- Doktor Səlahəddinin başdaşısının üzərində 1942-ci ildə öldüyü yazılıb.

Siz, bir düşüncə adamı olaraq Səlahəddin kimilərini soruşursunuzsa, bu gün ölkəsini yalnız mədəniyyət və radikal olaraq dəyişdirməyi qarşısına məqsəd qoyanlar daha azdır.

Səlahəddin bəyin ensiklopediyaçı nəvələri isə nə yazıq ki, onun kimi öz istədikləri ensiklopediyanı yazammırlar.

Bu gün bir düşüncə idxalçısı olaraq da Səlahəddin bəy qədər radikal deyilik, məncə. Nəticə olaraq Səlahəddin bəy kimilərini kiçiltdiyim sanılmasın.

“Sessiz ev”də hekayə hər qəhrəmanın ağlından keçənlərin təsviri ilə anladılır.

Bir düşüncəni axıdarkən o qəhrəmanın, məsələn, nənənin söz boğçası içində qalmadım.

Belə bir məhdudlaşdırmanın - bir şüurun içində olub bitənləri anlatmağı asanlaşdırmayacağını, tam tərsinə, çətinləşdirəcəyini düşünürəm.

Hər şeydən öncə düşünəndə, zatən kəlmələrlə düşünmərik, sözlər dil ilə beyin arasında hatdasa bir yerdədir: zaman-zaman ağlımıza gəlib gedər.

“Səssiz ev”də istifadə elədiyim düşüncə axını metodu insan düşüncəsinin olduğu kimi şəklini çəkməyə də yönəlməmişdi.

Qəhrəmanlarının ağlından keçənləri - özümü çox da qırağa çəkmədən mən anladıram.

Romanları şablonlaşdıran o zəhlətökən “deyə düşündü”lərdən qurtulmaq önəımli bir məsələ idi (Ah, bir də “dedi Əhməd”, “dedi Məmməd”lərdən qurtulmaq üçün yaxşı bir yol tapa bilsəydim!)

Məqsədim qəhrəmanların düşüncəsində baş verənlərə uyğun bir təhkiyə, bir dil tapmaq idi.

Yoxsa natüralist bir kənd yazarının qarmaqarışıq bir bazar yerini rəsmetməsi kimi bir şüurun içini olduğu kimi kağıza köçürməyə çalışmırdım.

(Ü.D.-SAN.OLAYI)


***

“Səssiz ev”in çox ilham qaynağından biri də babamın ana nənəmə yazdığı bəzi məktublardı. Bu məktublardan mənə xalam Türkan Rado danışmışdı.

Babam keçən əsrin əvvəllərində Fransaya hüquq təhsili almağa gedir. Getməzdən öncə onu nənəm Nikfal ilə nişanlayırlar.

Babam da Berlində təhsil alarkən nənəmə çoxlu məktublar yazır. Bu məktubların havası bir az Səlahəddin bəyin Fatmaya dərs verməsinə bənzəyir.

“Burda qadınların səs vermə haqqı müzakirə olunur, siz nə düşünürsüz, Avropada bu var, o var, siz nə düşünürsüz” kimi şeylər var məktublarda.

Nənəmin cavablarının isə “günah, yasak” kimi mövqe olduğunu bilirəm. O, kağız, kitab xoşlamayan, qəddarcasına realist bir adam idi.

Romandakı Fatma kimi.

Aralarındakı sevgisiz münasibətləri xəyalıma gətirərkən “Səssiz ev”i qurmağa başladım.

Romandakı gənclər mühiti, maşın ötüşdürmək, evlərə yığışıb məclis qurmaq, diskotekaya getmək, sahildə görüşüb vaxt öldürmək kimi detallar da 1970-ci illərin əvvəllərindəki Bayramoğlu Sahil Məhəlləsindən - mənim və yoldaşlarımın hekayələrindən çıxmadır.

Bir yay ora getmişdik. Atalarından avtomobili alıb, sındırıb-dağıdan, amma çox da yaramazlıq etməyən bu gənclərin içindən çıxdım, onları tanıyıram.

Romanı yazanda da onları sevgi ilə xatırladım.

***

Kitablarımın içində gənclərin ən çox “Səssiz ev”i sevdiyini bilirəm. O kitabda mənim gəncliyimə bağlı, gerçəkdən mənim ruhuma bağlı bir şeylər olduğu üçün bəlkə də.

Yanılıram bəlkə də. Amma sanıram ki, insanın gənc ikən hiss eləyə biləcəyi, bəlli bir yaşı keçdikdən sonra həyatın özü olaraq görə biləcəyi ikiüzlülüyü qurcaladım.

Gəncliyin acıverici tərəfi insan münasibətlərindəki ikiüzlülüyü görmək, buna qarşı bir şeylər etmək istəyib də edə bilməmək və sonraları da bunları təbii qarşılamaqdır.

“Səssiz ev”də yer alan gənclərin hər biri məniydim. Hər birində gəncliyin ayrı-ayrı ruh hallarını qurcaladım və əyləndim.

(Günəş gənclik)

ARDI VAR

(O.Pamukun "Başqa rənglər" kitabından çevirəni Səadət Akifqızı)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG