Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:40

Puşkin önündə tövbə (Frederik Beqbeder haqqında yazı)


Mirmehdi AĞAOĞLU


Bir az vikipedia


Frederik Beqbeder - müasir fransız proziakı, publisisti, ədəbi tənqidçisi.

O 1965-ci ildə Paris ətrafında anadan olub. Paris Araşdırmalar İnstitutunu bitirib, reklam və marketinq sahəsində təhsilini davam etdirib.

Beqbederin həyatı ilə bağlı digər məlumatları “google”lamaqla da əldə edə bilərsiz.

Təkcə onu qeyd edək ki, 2000-ci ildə reklam dünyasının gerçək üzünü ironik şəkildə açıb ortaya qoyan “99 frank” romanından sonra Beqbeder kopirayter-reklam yazarı işlədiyi “Young and Rubicam” reklam agentliyindən qovuldu.

İndiki romanlar gecə klublarından, varlıların seksual macəralarından, pulun, zənginliyin norma dərəcəsinə gətirib çıxardığı eybəcərliklərdən, seksdən, narkomaniyadan, pedofiliyadan bəhs edir.

20-ci əsrin birinci onilliyinin sonlarında hələ də, gül-bülbüldən, əzrail-ölümdən, saf məhəbbətdən bəhs edən mövzulardan yazan, kitablarının üz qabıqlarına başı qarlı dağ zirvələrinin, alp çəmənliklərinin şəkillərini vuraraq kitab bazarına girməyə can atan sadəlövh yazarlarımız bu kimi mövzuları hələ də iqnor etməklə məşğuldurlar.
Onun Oktav Paranqo obrazında öz prototipini yaratdığı iddia edilir.

Beqbederin “99 frank” əsərindən başqa bir çox romanları, hekayələri, esseləri də var. “İslah olunmayan gənc adamın xatirələri”, “Komada tətil”, “Üç il yaşar eşq”, “Windows on the World”, “Romantik eqoist,” “İdeal”, “Fransız romanı”. Sonuncu əsəri avtobioqrafik səciyyə daşıyır.

Beqbederin həyatı ilə qısaca da olsa tanış olanlar onun təminatlı ailədən çıxdığını yəqin edərlər.

Beqbederin anası qadın romanları tərcüməçisidir, qardaşı isə broker kontoru sahibidir.

Viktor Hüqo dövrü geridə qalıb.

Daha əsərlərin baş qəhrəmanları qavroşlar, jan-valjanlar, rastinyaklar deyil, heç kim cəmiyyətin yoxsul, kimsəsiz kəsiminin acı, miskin həyatından yazmır.

İndiki romanlar gecə klublarından, varlıların seksual macəralarından, pulun, zənginliyin norma dərəcəsinə gətirib çıxardığı eybəcərliklərdən, seksdən, narkomaniyadan, pedofiliyadan bəhs edir.

Bu mövzular bir tərəfdən əsərin kommersiya uğurunu da təmin edir.

20-ci əsrin birinci onilliyinin sonlarında hələ də, gül-bülbüldən, əzrail-ölümdən, saf məhəbbətdən bəhs edən mövzulardan yazan, kitablarının üz qabıqlarına başı qarlı dağ zirvələrinin, alp çəmənliklərinin şəkillərini vuraraq kitab bazarına girməyə can atan sadəlövh yazarlarımız bu kimi mövzuları hələ də iqnor etməklə məşğuldurlar.

Fransız nümunəsi

Beqbederin dili çox çılpaq, açıq-saçıqdır. Praktik olaraq bu küçə dilidir.

Özü də təkcə Beqbeder bu tərzdə yazmır, onun müasiri Mişel Uelbekin dili də eynilə bu cürdür.

Mişel Uelbekin “Elementar cərrəciklər” əsəri əvvəldən axıra pornoqrafik səhnələr üzərində qurulub. Beqbederi, Uelbeki və onlarla bu cür yazarları qınamaq olar.

Lakin məgər, müasir dövrümüz başdan–başa seksual həzzdən ibarət deyilmi, məgər “google”da ən çox axtarılan “sex” kəlməsi deyilmi, məgər telefonlarımızın multimedia bölümünü yerli və xarici pornoqrafik qısametrajlı filmlər süsləmirmi?

O mətnlərdə ədəbsiz, nalayiq ifadələr işlətməkdən çəkinmir.

Bu “g” hərfi ilə başlayan kiçicik bir söyüşə görə yazıçını binamus elan edən Azərbaycan oxucusu üçün yad olsa da fransız oxucusu üçün qəbulolunandır.

Çünki o yaşadığı gecə klubları həyatının olduğu kimi əks olunmasının tərəfdarıdır, o ikiüzlü deyil.

Beqbeder urbanistik insanı, təminatlı, hər şeyi olan, lakin bununla belə həyatın mənasının zəngin olmaq olmadığını dərk etmiş insanın faciəsini təsvir edir.

İlk baxışda Beqbeder oxucuya populyar kültürün nümayəndəsi təəssüratını bağışlayır.

Onun həyat tərzi də bunu deməyə əsas verir; Fransanın qlamur, yüksək cəmiyyət insanları ilə bir məkanda görünür, telekanallarda verlişlər hazırlayır, narkotik istifadəsinə görə maşınında polislərə yaxalanır və s.

Frederik Beqbeder
Lakin Beqbederin yaradıcılığına dərindən nüfuz edəndə onun bayağı bulvar yazıçısı olmadığı ortaya çıxır.

O sekslə, narkotiklə hər cür əxlaqsızla dolu əsərlərində müasir cəmiyyətin düşdüyü bataqlığı çılpaqlığı ilə təsvir edir.

Onun əsərlərini maraqlı, düşündürücü, aforistik ifadələrin altını xətləməklə oxumalı olsaq, bütün kitabın xətləndiyini görərik. Beqbedrin əsərləri aforizmlərlə boldur.

O aforistik üslubda yazmağı xoşlayır. Bu onda alınır, onun aforizmləri bayağı deyil, kəskin və parodoksaldır. Oskar Uayldda olduğu kimi.

“99 frank”

“99 frank” Frederik Beqbederin məşhur əsərlərindəndir. Əsərin motivləri əsasında film də çəkilib. Beqbeder bu filmdə epizodik rol oynayıb.

Lakin bu Beqbederin kinoda debütü olmayıb. Bundan əvvəl o “Qayıqçının qızı” adlı bir pornoqrafik filmdə də oynamışdı.

Əsərin baş qəhrəmanı Oktav Paranqo uğurlu kopirayterdir, reklam agentidir.

Bizim gördüyümüz əksər reklam məhsullarının mətnini o yazıb, onları istehlak etməyi bizə o təlqin edib.

Onun bir insanın arzuladığı hər şeyi var; şəhərin mərkəzində evi, bahalı maşını, zəngin butiklərdən geyimləri, ətrafında gözəl qadınlar və narkotiklər.

Lakin o bir gün dərk edir ki, sən demə həyatda hər şey satılırmış, sadəcə her şeyin öz qiyməti var.

Və artıq iqtisadiyyatın mal-pul-mal dövrü çoxdan bitib, artıq reklam satılır. Ən keyfiyyətsiz məhsulu belə, hətta poxu belə reklam edib satmaq mümkündür.

Əmtəənin keyfiyyəti deyil, reklamı vacib rol oynayır. Nəyi reklam etsən onu da satacaqsan. Artıq dünyanın axarını siyasətçilər deyil kopirayterlər müəyyənləşdirirlər, onlar bizə nəyi yeməyi, nəyi geyməyi, nəyi sürməyi əmr edirlər.

Burda bir haşiyə çıxaq ki, dövrümüzün məhşur solçu yazarı Naomi Klaym da “No Logo” əsərində eynilə bu mövzudan bəhs edir.

Onun bu əsərindən bir faktı qeyd etmək yerinə düşər. “Tommy Hilfiger” kimi məhşur tekstil istehsalı firması artıq bir neçə on ildir ki, məhsul istehsalı ilə məşğul deyil, o yalnız reklam sayəsində öz brendini tekstil istehsal edən tanınmamış firmalara satmaqla məşğuldur.

Böyük şirkətlər, kompaniyalar gəlirlərinin yarısından çoxunu istehsala deyil, məhz marketinqə, məhsullarının reklamına, brendə çevrilməsinə xərcləyirlər.

Bunun sayəsində məhsul bazarda dəyərindən qat-qat baha qiymətə satılır, burada qazanan isə yalnızca istismarçı sinifdir.

Yerinə düşmüşkən Beqbeder siyasi ideologiyasına görə anarxistdir və qlobalistlərin bir çox tədbirlərinin qalmaqallı baykotçusu “Qara blok” qrupunun üzvüdür.

Beqbederin reklam sektorunu tənqid edən bu əsəri bir suyu ilə Viktor Pelevinin ““P” nəsli” əsərinə də bənzəyir. Mənim fikrimə qalarsa Pelevinin əsəri Beqbederinkindən daha güclüdür. Pelevinde struktur hadisəsi var, bir də o məharətlə reklam sektorunu şəqr fəlsəfəsi ilə bağlaya bilib.

“Üç il yaşar eşq”


Adından gördüyünüz kimi bu əsər sevgi mövzusundadır. Amma bir dəqiqə dayanın, heç də bizim zənn etdiyimiz kimi ənənəvi sevgi söhbətləri, nakam məhəbbətdən filan söhbət getmir bu əsərdə.

Bəs necə o axı şəqrli deyil, avropalıdır, sevgiyə də mücərrəd, metafizik formada deyil, elmi əsaslarla yanaşır.
Elm isə sevgi haqqında bunları deyir:

Eşq insan bədənində olan sevgi hormonları androqen və estroqenlərlə bağlıdır.

Eşqdə hər şey qaydasına düşəndən sonra bu hormanların ifrazı normallaşır, aşiqlə məşuqun bir-birlərinə olan ehtiraslı baxışları da avazıyır.

Belə çıxır ki, bizdə tez-tez işlənən, adətən yeni sevən oğlan-qızlarımızn “Sən ilk və son sevdiyim olacaqsan!”, “Evlənəndən sonra da səni yenə dərin məhəbbətlə, ehtirasla sevəcəyəm!” kimi pafoslu ifadələrin cavabı bu kiçicik romanda gizlənibmiş.

Əsərin qəhrəmanı Mark Maronye Anna ilə evlidir.

Frederik Beqbeder
Üç ilin tamamında Markın qarşısına Alisiya çıxır. Mark artıq əvvəlki ehtirasla Annanı sevmir. Nə isə “Bəyin oğurlanması” filmində deyildiyi kimi onlar boşanırlar və Mark Alisiya ilə qovuşur.

O qədər xoşbəxtdirlər ki, hətta ixtisası jurnalist olan Mark üç ilin tamamında bu barədə roman da yazır. Onlar bir-birlərini dəli kimi sevirlər, günlərini tropik adada eyş-işrətlə, sevişmələrlə keçirirlər.

Növbəti sevişmədən sonra Mark sevinir ki, onların sevgisi bu üç ilin ərzində öz çılğınlığını, hərarətini qoruyub saxlayıb.

Deməli qalın eynəkli alimlərin söylədikləri elmi faktlar yalnızca sayıqlamadır. Eşq üç ildən çox da sürərmiş.

Lakin qəfildən gözü saata sataşır. Üç ilin tamam olmağına hələ bir dəqiqə var.

“İdeal”

Bu roman haqqında danışmamışdan öncə onu qeyd edək ki, Beqbeder “Ekstazinin təsiri altında hekayələr” kitabında böyük sayqı ilə yanaşdığımız Şahzadə Diananı tamamilə başqa rakursdan təqdim edir.

Onun haqqında yaradılmış mələyə xas xüsusiyyətləri darmadağın edir. Düzdür Beqbeder ad çəkmir, amma diqqətli oxucu kimdən bəhs edildiyini o dəqiqəcə hiss edir.

“İdeal”da hadisələr Rusiyada cərəyan edir. Skaut olan Oktav məşhur “”İdeal” firması üçün qız seçməyə gəlib Rusiyaya. 40 yaşlarında Oktav seçdiyi qızlardan birinə - 14 yaşlı Lenaya aşiq olur.

Bu sujet çoxlarımıza tanışdır əlbəttə, Lolita mövzusudur, Nabokovun məhşur əsəri. Lakin bu dəfə bu mövzunu Fransaya mühacirət etmiş rus deyil, fransız yazır.

Taleyin ironiyasına bax ki, bu dəfə hadisələr ABŞ-da deyil, məhz Rusiyada baş verir, Nabokovun vətənində.

Hadisələr irəlilədikcə məlum olur ki, Lenoçka uzun illər öncə Oktavın Fransada sevgi macərası yaşadığı bir top-modelin övladıdır.

Lenanın atası olduğunu öyrənən Oktav taleyin bu acı oyunu ilə bacara bilmir və İsa Məsihin məbədinə gəlib keşişə tövbə etməyə başlayır.

Əsərin strukturu da bu cürdür, Oktav partlamaqda olan bombanı hazır vəziyyətdə tutub keşişi onun tövbəsini dinləməyə məcbur edir.

Rus nəşrində adı “İdeal” kimi verilmiş əsərin orijinal adı isə təqribən belədir: “Kömək edin, bağışlayın”.

“99 frank”dan tanıdığımız Oktav təkcə model həyatının eybəcərliklərini, orada məşhur olmaq uğrunda demək olar ki, yeniyetmələrin ruhlarını şeytana satmaq bahasına apardıqları ölüm-dirim mübarizəsini anlatmaqla qalmır, Rusiyanın siyasi həyatını da “həzm-rabe”dən keçirir.

Məsəl üçün əsərin bir yerində Oktav bu yaxınlarda Moskva merliyindən uzaqlaşdırılmış Lujkov haqqında deyir; “Sizin bu məbədi lap təzə inşa ediblər, lakin artıq moskvalılar bu məbədə nifrət edirlər, çünki mer Lujkov bu daşlara bütün şəhər büdcəsini əndərib.”

Əsərdə İsa Məsih haqqında da yaxşı bir ifadə var: “İsa qollarını bizə açdı, ancaq biz Nabokov öz kəpənəkərilə davrandığı kimi onu mıxlamaq üçün bundan yararlandıq.” Və ya “Stalin Rusiyada bütün ağıllı insanları öldürdü, ancaq təkcə eşşəklər, əyyaşlar və quldurlar qaldı”.

Rusiya –məntiqlə dərk edilməsi mümkün olmayan bu ölkə hələ bir çox əsərlərə konu olacaq.

Ona görə ki, bu təkcə Şərqdən Qərbə, Asiyadan Avropaya uzanan bir ölkə deyil, bu həm də ədəbiyyat deyəndə yada düşən nəhənglərin, titanların Turgenev, Dostayevski, Tolstoy, Bulqakov, Qorki, Şoloxovun ölkəsidir. “İdeal” təkcə bir fransızın Rusiyaya olan sevgisdindən doğmayıb (Oktav Lenaya necə deyir “Bilmirəm sənə baxım, ya Peterburqa”).

Bu təkcə gedonist həyat sürmüş birinin keşiş qarşısnda öz günahlarına görə tövbəsi deyil. “İdeal” həm də qadın düşkünü Dantesin böyük Puşkin önündə tövbəsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG