Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:57
65 saylı Sabirabad-Saatlı Kürdəmir seçki dairəsindən namizədliyini irəli sürmüş YAP nümayəndəsi Əhliman Əmiraslanov bildirdi ki, Kür çayının daşmasından sonra bu dairədə yol, ev, məktəb tikintisi problemləri vardı. Ancaq prezidentin sərəncamı ilə bu problemlər həll olundu: “Ona görə də burdan seçiləcək deputatın bu problemlərin həllinə müdaxilə etməsinə ehtiyac qalmadı”.

Bu dairədən başqa bir namizəd Haqverdi Tapdıqov isə çıxışının əvvəlində İlham Əliyevə müraciətlə bildirdi ki, “cənab prezident, biz hamımız sizi sevirik, ancaq sizin işinizə kölgə salan məmurlar var”.

İLHAM ƏLİYEV PREZİDENT OLDUQCA BU XALQA NİCAT YOXDUR


Klassik Xalq Cəbhəsi Partiyasının namizədi İsmayıl Yusifov bildirdi ki, Saatlının icra başçısı Siracəddin Cabbarov seçki prosesinə müdaxilə edir və YAP sədrinin müavini Əli Əhmədova güvənir. O, əhalinin, xüsusilə təqaüdçülərin vəziyyətinin ağır olduğuna toxundu:

“Təqaüdçülər 85 manat alır. Üzümü prezidentə, nazirlərə, məmurlara tutub deyirəm, sizin ahıllarınız, valideynləriniz 85 manatla dolana bilərmi? İlham Əliyev prezident olduqca bu xalqa nicat yoxdur. Bu hakimiyyət qaldıqca Qarabağ problemi heç 27 ildən sonra da həll olunmayacaq”.

Hansı dairədən kim?
Əhliman Əmiraslanov isə ona cavabında dedi ki, siz hakimiyyətin uğurlarını etiraf etmirsinizsə, bu, sizin probleminizdir.

1 NÖMRƏLİ DEMOKRAT ELƏ PREZİDENT ÖZÜDÜR


Haqverdi Tapdıqov isə dedi ki, “mən həmişə demişəm, deyəcəyəm, 1 nömrəli demokrat elə prezident özüdür”.

62 saylı Saatlı seçki dairəsindən isə debatda cəmi bir namizəd – Kamil Seyidov iştirak edirdi.

İsmayıl Yusifov isə bildirdi ki, namizədi olduğu dairədə 48 kənd var, hamısının da vəziyyəti ağırdır: “Bu kəndlərin əhalisi aclıq içindədir. 62 saylı Saatlı seçki dairəsindən olan namizəd Cəlal Əliyev debatda iştirak etmədiyi üçün icra başçısının göstərişi ilə digər namizədlərin də burda iştirak etməməsi üçün onlardan ərizə alınıb. Əhliman Əmiraslanov sizin üçün heç nə etməyəcək, Cəlal Əliyev sizin üçün heç nə etməyib, etməyəcək. Bu hakimiyyətə, bu istibdada, bu zülmə yox deyirəm”.

YAP-IN NAMİZƏDLƏRİ PEŞƏKAR VƏ SƏSİ ÖTKƏMDİRLƏR


74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyini irəli sürmüş Hadı Rəcəbli isə çıxışına “Xalqın inam yeri YAP-dır” ifadəsi ilə başladı. Sonra isə seçicilərə dedi ki, YAP-ın namizədlərinə səs verin: “Çünki YAP-ın namizədləri savadlı, peşəkar və səsiötkəmdirlər”.


Bu dairənin başqa bir namizədi Elnur Nəhmətli isə dedi ki, seçki dövründə heç bir maneə ilə qarşılaşmayıb, bu da demokratiyanın göstəricisidir.

Bu dairənin başqa bir namizədi Kommunist Partiyasının rəhbəri Telman Nurullayev isə dedi ki, seçicilərə heç bir söz vermirəm: “Seçərsiz, görərsiz, eşq olsun kəndlilərə. 7 noyabr Böyük Oktyabr Sosialist İnqilabının ildönümüdür, ona görə də kommunistlərə səs verin”.

BU QANUNSUZLUQDA İŞTİRAK ETMƏYƏCƏYƏM


42 saylı Sumqayıt 2-ci seçki dairəsinin namizədi Elçin Məmməd isə bildirdi ki, əvvəlcə namizədliyi qeydə alınmayıb, sonradan alınıb: “Bununla da qanunsuz əməllərinə qanuni don geyindirməyə çalışırlar. Ancaq mən bu qanunsuzluqda iştirak etməyəcəyəm. Dairə Seçki Komissiyasını və Mərkəzi Seçki Komissiyasını məhkəməyə verəcəyəm”.

Elçin Məmməd namizədliyin geri götürdüyünü bəyan edəndən sonra studiyanı tərk etdi.

İCTİMAİYYƏTİN İPİ HAKİMİYYƏTİN ƏLİNDƏDİR


43 saylı Sumqayıt 3-cü seçki dairəsindən namizədliyini irəli sürmüş İbrahim Əhmədzadə isə bildirdi ki, ictimaiyyətin ipi hakimiyyətin əlindədir.

123 saylı Kəlbəcər seçki dairəsindən namizəd Cavid Qurbanov debatda iştirak etmirdi. Bu dairədən daha 4 namizəd olsa da namizədlərdən biri Vaqif Əşrəfov bildirdi ki, mübarizə onunla Cavid Qurbanov arasında olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG