Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:44

İlham Əliyev: “Təkər lyuka düşəndə...”


İlham Əliyev
İlham Əliyev
“Azərbaycanda şəhər nəqliyyatının inkişafı üçün son illər ərzində çox böyük işlər görülüb”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunmuş iclasdakı çıxışında deyib.

Onun sözlərinə görə, Bakıda 170 kilometr yeni yollar salınmış və təmir olunub, 15 yol ötürücüsü, 30 piyada keçidi tikilib, bəzilərində hələ tikinti davam edir. Dövlət başçısı bildirib ki, paytaxtda ən müasir standartlara cavab verən nəqliyyatın intellektual idarə edilməsi mərkəzi yaradılır.

Prezident məlumat verib ki, şəhər nəqliyyatının inkişafı və müasir standartlara cavab verməsi üçün ölkəyə 2300-dən çox sərnişin avtobusu gətirilib:

BAKIDA NƏQLİYYAT TAM DAYANA BİLƏRDİ


“Bu, həm insanlara daha yaxşı şərait yaradır, həm də ki, tıxac probleminin həlli üçün çox mühüm bir vasitədir. Əgər biz bir neçə il bundan əvvəl Bakıda yeni körpüləri, yol qovşaqlarını, yol ötürücülərini, piyada keçidlərini tikməsəydik, demək olar ki, bu gün Bakıda nəqliyyat tam dayana bilərdi. Çünki şəhərin tarixi mərkəzində yolların o qədər də geniş olmaması problemlər yaradırdı, digər tərəfdən, şəhərə giriş-çıxışlarda dairələr mövcud idi. İndi bu dairələrin, demək olar ki, əksəriyyəti aradan qaldırılıb. O yerlərdə ki, dairələr var idi, bu gün orada ən müasir körpülər, yol ötürücüləri tikilib. Bakıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yol vaxtilə həm çox bərbad vəziyyətdə idi, həm də ki, hər bir dairədə böyük tıxaclar yaranırdı. Pik saatlarda metronun “Əzizbəyov” stansiyasının qarşısındakı dairədə maşınlar yarım saat, qırx, əlli dəqiqə tıxacda dayanırdı. Ondan sonra Sabunçu, daha sonra başqa dairələr gəlirdi. Hər bir dairədə tıxaclar yaranırdı və demək olar ki, şəhər nəqliyyatı iflic vəziyyətinə düşürdü.

NƏQLİYYAT NAZİRLİYİ ZÖVQLƏ İŞLƏYİR

Biz bütün lazımi tədbirləri çox vaxtında gördük, çox ciddi maliyyə resursları ayırdıq. Nəqliyyat Nazirliyi bütün bu işləri yüksək peşəkarlıqla, zövqlə icra edir. Körpülərimiz, yol ötürücülərimiz təkcə nəqliyyat infrastrukturu deyil, eyni zamanda, şəhər memarlığı nümunələridir. Onlar xarici görünüşü, dizaynı, gözəlliyi və müasirliyi ilə fərqlənir. Bu gün Bakının mərkəzindən aeroporta və başqa istiqamətlərə getmək üçün artıq dairələrdə gözləmək lazım deyil. Biz qarşıya məqsəd qoymuşuq ki, ümumiyyətlə, şəhər nəqliyyatının tənzimlənməsi prosesi dünya standartlarına cavab versin. Bu gün yolda işıqforlar da azalır və beləliklə, rahat nəqliyyatın təşkili üçün bütün şərait var”.

Dövlət başçısı deyib ki, aeroport yolu iki dəfə genişləndirilib: “İndi artıq bəziləri bu işləri unudur. Bu da təbiidir, insanlar yaxşı şəraitə tez öyrəşirlər. Bizim də vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda və Bakıda ən yüksək standartları tətbiq edək ki, vətəndaşlarımız ən qabaqcıl texnologiyalar əsasında yaradılıb şəraitdən istifadə etsinlər. Bu gün aeroport yolu 8 və 12 zolaqlıdır. Digər tərəfdən, yeni aeroport yolu tikilib - Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu yolu. O altızolaqlı beton yol ümumiyyətlə yox idi. Yəni, bütün bu işlər, bir daha demək istəyirəm ki, şəhər nəqliyyatının tənzimlənməsi üçün çox mühüm addımlardır”.

MAŞIN LYUKA DÜŞƏNDƏ...

İlham Əliyev qeyd edib ki, bu gün Bakıda müxtəlif yerlərdə yollar həm təmir olunur, həm də ki, yeniləri tikilir, yeni istiqamətlər açılır. Bakı-Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan-Bilgəh-Kürdəxanı-Pirşağı-Sumqayıt yolu tikilməkdədir.

Prezident bildirib ki, vaxtilə Bakı yollarının əsas problemlərindən biri həm keyfiyyətsizlik idi - vaxtilə bu yollar keyfiyyətsiz tikilmişdi, təmirsiz qalmışdı - həm də çox sayda lyukların mövcudluğu problem yaradırdı:

“Lyuklar elə qoyulmuşdu ki, maşının təkəri oraya bir neçə dəfə düşəndə demək olar ki, sıradan çıxırdı. Ancaq müasir texnologiya və avadanlıq gətiriləndən sonra indi maşın lyukun üstündən keçəndə bəzi küçələrdə heç hiss olunmur. Biz elə etməliyik ki, şəhərimizin əksər küçələrində gözəl texnologiyalar tətbiq olunsun, bu təcrübə vardır. Əlbəttə ki, bu, böyük vəsait tələb edir. Ancaq biz bunu etməliyik. Çünki bu, şəhərimizin inkişafına xidmət edir, insanların daha da rahat hərəkəti üçün şərait yaradır. Yəni, demək istəyirəm ki, biz bu məqsədlərə böyük vəsait ayırmışıq. Hər il dövlət büdcəsində böyük məbləğdə vəsait ayrılır. Biz bunu gələcəkdə də davam edəcəyik”. /AzərTAc/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG