Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 03:54
- MSK təcili şəkildə Azərbaycan xalqına izahat verməlidir. Biz MSK-dan bu izahı tələb edirik. Milyon yarım seçici fərqi sadə texniki məsələ deyil.

«AXCP-Müsavat» seçki blokunun liderləri noyabrın 4-də keçirdikləri mətbuat konfransında seçici siyahılarındakı qüsurlardan danışıblar. Hələ bundan öncə də seçki ekspertləri üzə çıxarmışdılar ki, Dövlət Statistika Komitəsi ilə Mərkəzi Seçki Komissiyasının ölkədəki seçicilərin sayı ilə bağlı açıqladıqları rəqəmlər fərqlidir, MSK-nın siyahısında təxminən milyon yarım seçici az göstərilib. AXCP sədri Əli Kərimli deyir ki, namizədliyini irəli sürdüyü 31 saylı Suraxanı ikinci dairə seçki komissiyası üzrə araşdırma aparıblar və eyni problemi üzə çıxarıblar:

HƏR MƏNTƏQƏDƏN NƏ QƏDƏR SƏS İTİRİLİR?


- Mən öz dairəmdə hər məntəqə üzrə seçki qərargahı formalaşdırmışam və onlar məntəqələr üzrə araşdırma nəticəsində müəyyən ediblər ki, hər məntəqə üzrə təxminən 27-35 arası mənzillər siyahıda yoxdur. Bu da təqribən hər məntəqədə 100-dən çox seçici deməkdir.

«AXCP-Müsavat» seçki blokunun liderləri hesab edirlər ki, seçicilərin seçki siyahılarına salınmaması məqsədli həyata keçirilir ki, seçki günü əlavə siyahılar yaradılsın. Müxalifət liderlərinin iddiasına görə, bu cür siyahılar üzrə «karusel» - yəni bəzi seçicilərin qrup halında bir neçə dəfə səs vermə əməliyyatlarını daha səmərəli həyata keçirmək mümkündür. Əli Kərimli və İsa Qəmbərə görə, seçki günü «karusel» əməliyyatlarına hazırlıq bununla da bitmir, hakimiyyət bu istiqamətdə bütün inzibati resurslarından istifadə edir. İsa Qəmbər:

«5 İL ƏVVƏLKİNDƏN QAT-QAT PİS VƏZİYYƏT MÖVCUDDUR»

- Artıq tam qətiyyətlə demək olar ki, bu seçki ən böyük pozuntuları olan seçki kimi tarixə düşəcək. 5 il əvvəlkindən qat-qat pis vəziyyət mövcuddur. Hakimiyyət seçkidə məğlub olacağını gördüyündən real müxalifətə qarşı qanunla qadağan olunsa da, öz administrativ resurslarından
Ramiz Mehdiyev
istifadə edir.

Müxalifət liderləri seçkinin indiki mərhələsində də namizədlərin hüquqlarının pozulduğunu, onların seçicilərlə görüşlərinə maneələr yaradıldığını, ölkədə seçkiqabağı sərbəst toplaşma azadlığının məhdudlaşdırıldığını bildirdilər.

BƏRABƏR ŞƏRAİT, AZAD MÜHİT...?


Hakimiyyət isə bütün bu deyilən iradlarla razılaşmır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mətbuata açıqlamasında deyib ki, Azərbaycanda seçkilərin demokratik keçirilməsi, siyasi qüvvələrin, namizədlərin prosesdə iştirakı üçün bərabər şərait, azad mühit yaradılıb.

Ramiz Mehdiyev deyib ki, hakimiyyət seçki ilə bağlı üzərinə düşən öhdəliyi tam yerinə yetirir və məntəqələrdə qurulan 500 müşahidə kamerası seçkilərin şəffaflığını təmin edir.

O ki qaldı seçicilərin sayı məsələsində Dövlət Statistika Komitəsi ilə MSK-nın rəqəmlərinin üst-üstə düşməməsinə, MSK sədri Məzahir Pənahovun mövqeyi belədir:

- MSK-nın siyahısında seçicilərin adı dəqiqləşdirilib. Heç bir dövlət orqanının fəaliyyətinə kölgə salmaq istəmirəm, amma mən inanmıram ki, 2 dövlət qurumunun rəqəmləri arasında milyon yarım fərq ola.

Mərkəzi Seçki Komissiyası deyilən qüsurla razılaşmasa da, müstəqil araşdırma aparan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi də seçici siyahılarında problemlərin olduğunu üzə çıxarıb. Mərkəzin rəhbəri Anar Məmmədli deyir ki, əsas problem siyahının yenilənməməsi ilə bağlıdır. Seçici siyahılarındakı rəqəm fərqinə gəlincə isə, mərkəz rəhbəri bununla bağlı MSK-ya müraciət etdiklərini deyir:

«BU MƏSƏLƏDƏ VƏZİYYƏT ACINACAQLIDIR»

Anar Məmmədli
- Azərbaycanda seçici siyahıları ilə bağlı vəziyyət doğrudan da acınacaqlıdır. Bugünlərdə mən MSK-ya müraciət etdim. Bu fərqin nədən qaynaqlandığını izah etmək lazımdır.

Anar Məmmədli deyir ki, rəhbərlik etdiyi mərkəz bu seçkilərdən sonra seçici siyahılarının təkmilləşdirilməsi ilə bağlı müəyyən təcrübəni öyrənmək və təşəbbüslə çıxış etmək niyyətindədir. Rəsmi məlumata görə, seçicilərin siyahısı bu ilin yanvar ayından dəqiqləşdirilib.

Dövlət Statistika Komitəsinin son açıqlamasına görə, Azərbaycan əhalisinin sayı 9 milyondur və onların 71 faizi seçicidir. MSK-nın açıqladığı rəqəmə görə isə bu göstərici 54 faizdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG