Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:44
EVİNİ SIĞORTALAYAN YOXMUŞ Kİ...

Heç kim o bədbəxt hadisənin başına gələcəyinə inanmaq istəmir. Bir gün evinin yanmasına, partlamasına, uçmasına...Amma azmı olur ki, ağla gəlməyən başa gəlir?

Məsələn, Sabirabadın kəndləri bir neçə saatın içində suyun altında qalmadımı, nəticədə camaat evindən-eşiyindən olmadımı? Ancaq buna rəğmən Azərbaycanda çoxları evini sığortalamaq istəmir. Niyə? Əvvəlcə Bakı küçələrində verdiyimiz «evinizi sığortalamısızmı?» sualına cavabı eşidək:

- Sığorta etdirməmişəm. Nə bilim, sığortalatmamışam.

- Evimi? Xeyr, sığortalatmamışam. Amma maşını sığortalamışam. Qəza olanda sığorta elə gec gəlib çıxır ki...Nəsə, sığorta şirkətinə inam yoxdur.

- Maşını sığortalatmışam, evimi yox. Sığorta könüllü olmalıdır.

- On manatlıq sığortadır, ondan nə tələb edəsən?

- Sığortalatmamışam. Nə bilim. Qəza olanda min cür bəhanə gətirirlər.

- İnanmıram...Görmüşük, yanğın oldu, heç sığortanın faydası olmadı. Etdirməmişəm. Etdirmərəm. Məcburi olmamalıdr. Mən onu almışam, istəyərəm sığorta etdirərəm, istəyərəm yox.

EVLƏRİ MƏCBURİ SIĞORTALAYACAQLAR

Maliyyə Nazirliyi isə «İcbari sığorta» haqqında qanun layihəsi hazırlayır. «APA-ECONOMICS»ə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bu haqda danışıb.
Namiq Xəlilov
Onun sözlərinə görə, yeni qanunun tətbiqindən sonra sayından asılı olmayaraq, vətəndaşlar bütün daşınmaz əmlaklarını, daha düzü, yaşayış sahələrini icbari qaydada sığorta etdirməli olacaqlar. Xidmət rəhbəri deyir ki, daşınmaz əmlak bütün risklərdən sığortalanmalıdır, başqa sözlə əmlakın icbari sığortası zamanı tətbiq olunan sığorta paketi, indi sığorta şirkətlərinin təklif etdiyi sığorta paketinə yaxın olacaq.

«MƏCBURİ OLMAMALIDIR!»

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, əslində, daşınmaz əmlakın sığortalanması yaxşı haldır:

«Təhlükələr, fəlakətlər, yanğınlar olur. Bu halda vətəndaşlar və ya sahibkarlar çox ciddi problemlərlə üzləşirlər. Məsələn, «Vosmoy» bazarında bunu gördük, təbii fəlakətdən ziyan çəkənləri gördük. Sığorta bazarı formalaşarsa, gələcəkdə zərərçəkmişlərin ziyanlarını bu yolla kompensasiya etməyə imkan verər».

Amma iqtisadçıdan fərqli olaraq rəyini öyrəndiyimiz vətəndaşlar icbari sığortaya etimadla yanaşmırlar:

- Münasibətim yaxşı deyil.

- Şəxsi əmlakdırsa, məcburiyyət olmamalıdır. Azad olmalıdır.

- Məcburi sığortaya münasibətim çox pisdir...

Qubad İbadoğlu vətəndaşların tərəddüdünü normal qarşılayır. O deyir ki, Azərbaycanda sığorta bazarı yaxşı formalaşmayıb. Üstəlik də şirkətlər adətən korporativ maraqlardan çıxış edir, daha çox mənfəət əldə etməyə çalışırlar. İqtisadçıya görə, bazar normal tənzimlənsə, dövlət nəzarət sistemi qurarsa, onda bunun faydasını görmək olar.

Qubad İbadoğlu
SIĞORTA ŞİRKƏTLƏRİNƏ ETİMAD ARTIRILMALIDIR

Bu haqda danışan ekspertlər bir məqama diqqət çəkirlər. Azərbaycanda avtomobillərin sığortalanması da icbaridir. Amma bu qayda gözlənilən effekti vermədi. Yuxarıda rəyini soruşduğumuz sakinlər də bunu deyirdilər. Bəs neyləməli?

İqtisadçı Məhəmməd Talıblı deyir ki, məcburi qaydada sığorta səmərə vermir. Sığorta şirkətlərinə etimad artırılmalıdır. Onun qənaətincə, vətəndaşda belə təəssürat yaranıb ki, avtomobil və ya daşınmaz əmlakın sığortası şirkətin varlanmasına səbəb olur. Onların maraqları nəzərə alınmır.

Vətəndaşların sığorta şirkətlərinə inamsızlığı ilə bağlı suallarımızı «Atəşgah» və «MBASK» sığorta şirkətlərinə yönəltdik. Onlar suallarımızı yalnız sabah cavablandıra biləcəklərini dedilər.
Suallarımızı cavablandıran «Şəfa» Dövlət Tibbi Sığorta Agentliyinin filial direktoru Nüsrət Babayev deyir ki, vətəndaşların özlərini maarifləndirmək lazımdır. Onların sığorta ilə bağlı doğru-düzgün məlumatı yoxdur.

Amma onu da deyir ki, onların işinə etimad var, qabaq sığorta şirkətləri qapı-qapı düşərdi. İndi hamı onların qapısını tanıyır. Narazılıq da olan kimi dərhal aradan qaldırır. Amma bəzən vətəndaş da hüquqlarını bilmir:

Məhəmməd Talıblı
«Yeyib-içir, sərxoş olur maşını aşırdır. Sərxoş vaxtı maşın sürmək olar? Axı müqavilədə qeyd olunur ki, sərxoş halda, narkotik, psixotrop maddə qəbul edəndə maşın sürmək olmaz. Sığorta sırf təsadüfi halda qəza olanda ödənməlidir».

BAZARI NECƏ DİRÇƏLTMƏLİ?

İqtisadçı Məhəmməd Talıblı təklif edir ki, dövlət sığorta bazarına dəstək və təminat verməlidir. Bundan həm vətəndaş, həm də şirkətlər qazanar.

Vətəndaşların mənzillərini sığorta etdirməyə könülsüz olduğunu rəsmilər də bilir. Amma layihə müəllifləri sığorta bazarının dirçəlməsindən danışmırlar.

Maliyyə Nazirliyinin xidmət rəisi Namiq Xəlilovun sözlərinə görə, icbari sığorta ilə bağlı bir neçə variant var. Yollardan biri mənzillərin alqı-satqısı zamanı sığortanın tələb edilməsidir. Amma bu üsul özünü həmişə doğrultmur: «Bəziləri ömrü boyu bir evdə yaşayır, evi satmadıqlarına görə, onlara qarşı bu üsul tətbiq oluna bilmir».

Xidmət rəisinin dediyinə görə, bir başqa yol təbii fəlakət baş verərkən sığortasız evlərə dövlət yardımının göstərilməməsi ola bilər: «Burda məntiq sadədir – sən evinə görə narahat deyilsənsə, sənə dövlət də yardım etməyəcək».

Şərhləri göstər

XS
SM
MD
LG