Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:12

Namizədliyini geri götürməyən 4 YAP-çı partiyadan çıxarılıb


Hakim Yeni Azərbaycan Partiyasının üzvü olub Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin rəsmi internet saytında namizədliyini özü irəli sürmüş şəxs kimi göstərilən 21 nəfər 7 noyabr parlament seçkisində iştirakı davam etdirir.

“Media forum” saytı xəbər verir ki, hakim partiyanın 1 saylı Şərur-Sədərək seçki dairəsindən rəsmi namizədi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da öz təşəbbüsü ilə namizədliyini irəli sürən YAP üzvləri siyahısında yer alır.

YAP icra katibi Əli Əhmədov, icra katibinin müavini Siyavuş Novruzov seçki ərəfəsində, namizədliklərin irəli sürülməsi və qeydə alınması mərhələsində dəfələrlə bəyan ediblər ki, partiyanın vahid namizədlərinə alternativ olan YAP-çılar seçki yarışından geri çəkilməsələr, təşkilatdan uzaqlaşdırılacaqlar. Bir müddət əvvəl isə Əli Əhmədov bildirib ki, öz təşəbbüsü ilə namizədliyini irəli sürən 3 nəfər YAP sıralarından xaric olunub.

Siyavuş Novruzov isə bildirmişdi ki, siyasi mənsubiyyətlərini YAP üzvü kimi göstərənlərin böyük bir hissəsi müstəqil şəxslərdir: “Həmin şəxslərin adlarının qarşısından YAP üzvü olmasına dair məlumatın yığışdırılması üçün dairə seçki komissiyalarına məktub göndərmişik”.
Namizədliyin geri götürülməsi müddəti oktyabrın 28-də başa çatıb. MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinin saytında olan məlumat onu deməyə əsas verir ki, öz təşəbbüsü ilə namizədliyini irəli sürən bəzi YAP üzvləri partiya rəhbərliyinin çağırışlarını qəbul etməyiblər və seçki prosesində sonadək iştirakda qərarlıdırlar.

Noyabrın 4-də “Media forum”a açıqlama verən YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, partiyanın rəsmi namizədlərinə alternativ olan təşkilat üzvlərinə xəbərdarlıq olunub: “Onlar haqqında müvafiq ölçü götürülüb. Bir neçə nəfər partiyanın tövsiyələrinə əməl edərək namizədliyini geri götürüb. 4 nəfər isə namizədliklərini geri götürmədiyinə görə YAP sıralarından xaric olunub”.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, partiyadan xaric olunan həmin namizədlərin özlərini YAP üzvü kimi təqdim etmələri qanunsuzdur.
XS
SM
MD
LG