Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:50

Fəxrəddin Hacıbəyli "Lənət ağacı" (Hekayə)


Təsərrüfatları dolaşmaq üçün səhər alaqaranlıqda evdən çıxan Polad axşam evə həmişəkindən gec, üstəlik çox yorğun qayıtmışdı.

Fikirli olduğu davranışlarından bəlli idi. Adətən belə hallarda həyat yoldaşının hazırladığı olandan-olmazdan yeyib dərhal yatağına uzanardı.

Amma bu dəfə ayağını belə soyunmadan qapının önündəki taxçanın üstündə əyləşib yoldaşına "gətir nəyin var, bir tikə yemək yeyim, səhərdən acam, işə qayıtmalıyam" dedi.

Ərinin üzündəki məyusluq ifadəsini sezən Qumru nəsə soruşmaq istədisə də, fikrindən daşındı.

Bir stəkan çay süzüb onu taxtın önünə çəkdiyi kətilin üzərinə qoydu və yemək tədarükünə başladı. Ərini fikirli görməyə adət etmiş Qumru belə anlarda heç nə soruşmaz, səbrlə ərinin söhbətə başlayacağını gözləyərdi.

Bu dəfə də belə oldu. Çaydan bir qurtum içib sanki canından gündüzün yorğunluğunu çıxaran Polad bu gün idarədə iclas olduğundan, kolxoz sədri Əlinin gecələr bağ-bostanda oğruların dolaşdığı barədə dediklərindən, oğrunun tutulması üçün bundan sonra ta məhsul yığılana kimi gecələr təsərrüfatları gəzmək tapşırdığı verdiyindən danışdı.

Sözarası “vəziyyət, deyəsən pisdir”- dedi, “çünki gəzintiyə silahlı çıxacaqlar. Raykomdan gələn tapşırıb ki, oğru ələ keçsə, onunla "nə bilirsinizsə edin".

Bu da qəddarlığıyla ad çıxarmış Əlinin gördüyündən keçməyəcəyi deməkdir.

Poladın nigaran halı indi də arvadına sirayət etmişdi.

Ərinin narahatçılığını azaltmaq üçün nəsə demək istəyirmiş kimi köksünü hava ilə doldursa da, heç nə demədən hazirladığı yeməyi artıq soyumuş çayın yanında kətilin üstünə qoyub fikrə dalmış ərinin böyründə əyləşdi.

Kişinin əlini süfrəyə uzatmadığını görüb, nəhayət dilə gəlib, "yaxşı, fikr eləmə, yeməyini ye. Görüm onun ciyəri yansın!" deməklə bayaqdan hökm surən sükutu pozdu.

Polad sanki arvadının bu sözlərindən sonra qarşısına qoyulmuş yeməyi gördü.

Könülsüz bir az yeyib "yığışdır, iştaham kəsildi" dedi və divardan asılmış "beşatılan“ı çiyninə keçirib evdən çıxdı.

Müharibənin ikinci ili idi. Kənddə əl-ayağı yer tutan bütün cavanlar səfərbər edilib cəbhəyə aparılmışdı.

Odur ki, kənddə yaşlılar və idarə işində işləyən bir neçə nəfərdən savayı demək olar ki, "başıpapaqlı"qalmamışdı.

Bütün işlərdə qadınlar çalışırdı. Kolxozun ağır qarğaşası indi onların çiyinlərində idi.

Bostanlarda alaq etməkdən tutmuş mal fermalarındakı bütün ağır işlərdə qadınların zəhməti cəbhəyə aparılmış ərlərinin əməyini də əvəz etməli idi.

Polad kolxozun hesabdarı idi. Artıq neçə il idi ki, qəddar, basdığını kəsən Əliylə məcburən çiyin-çiyinə kolxozun işlərini idarə edirdi.

Müharibənin yaratdığı qıtlıq, aclıq illəri, hamının naməlum bir xof içində yaşaması Poladın qaragünə qalmış camaata mərhəmətini artırdığı qədər sanki Əlini daha da qəddarlaşdırmışdı.

Təsərrüfat işində çalışdığı, ya da xəstəliyi olduğuna görə komissarlıqdan geri qaytarılmış neçə adamı üzünə ağ olduğuna, sözünün qabağında söz dediyinə görə "Bakı fəhlısi"nə, ya da yenidən cəbhəyə göndərtmişdi.

Deyəsən, bəzi "vısılka"ların arxasında nəsə özgə gizlin məqamlar da dururdu, ancaq bu şübhəli səbəblərdən hələ ki, üzə çıxıb təsdiqini tapanı olmamışdı.

Hər halda Polada bu haqda heç nə bəlli deyildi. Əlinin bu qədər canfəşanlığı, öz camaatına belə qənim kəsilməsi Poladı düşündürməyə bilməzdi; axı o bunları niyə edir?

Bu insanlar onun od-su qonşusu, ölüsünü yerdən qaldıracaq, yaman günündə harayına yetəcək yaxınları, eli, obasıdır.

Niyə hamıyla üz-göz olur?

Qoyulmuş planı doldurmaq, tələb olunan qədər məhsul təhvil vermək üçünmü?

Axı onsuz da məhsul plandan artıq verilir. Toplanan məhsulun plandan artığından bir az da acından əldən düşmüş camaatın əmək gününə yazsa, sabah "qanlı" qış qapılarını kəsdirəndə onların da evlərinin bucağında bir az taxılı-qarğıdalısı, yarım çuval kartofu, bir küpə bəhməzi olsa, pis olar məgər?

İl uzunu torpaqda eşələnib zəhmət çəkənin məhsul vaxtı əlini quru yerdə qoymağa nə qanun-qayda tərəfdarı olmaq, nə də vəzifə borcunu yerinə yetirməyə çalışmaq bəhanəsi bəraət qazandıra bilməz.

Axı əziyyəti çəkən bu qadınların ərləri evlərində olsaydı, Əlinin qılıncının dalı da, qabağı da belə kəskin olmazdı.

Əli kolxozun sədri idi. Müharibə başlanan kimi Əliylə yaşıd olan köhnə sədri cəbhəyə çağırdılar.

Nə yolla oldu, necə baş verdi bilən olmadı, bir də məlum oldu ki, Əlini kolxoza sədr təyin ediblər.

O da ona göstərilən etimadı canla-başla doğrultmağa çalışırdı.

Zalim oğlu sanki incitməkdən, əzab vərməkdən həzz alırdı.

Nə yorulmaq bilirdi, nə də usanmaq. Gecələr də yuxusu da ərşə çəkilmiş kimi kəndin dord bir yanını fırım-fırım fırlanırdı. Gecəsi, gündüzü bilinmirdi.

Gah mal fermasına baş çəkir, kimin nə etdiyinə göz qoyur, gah da bostanın kənarında xəlvət bir yer tapıb saatlarla oturub güdükçülük edirdi.

Hər an, hər daşın, hər kolun dalından Əlinin çıxacağını gözləmək olardı.

Civə kimi bir yerdə durmaq bilmirdi.

Bir neçə gun önce kövşənlikdə başaq yığan qadınların bir ovuc buğdanı, dəmir kavahini ocaq üstünə qoyub qovurğa etdiklərini görmüşdü.

Bir dəstə qız-gəlini atın döşünə qatıb qaranəfəs oluncayədək qovmuş, qırmancla kürəklərini qançır eləmişdi.

Son günlər bostandan oğurluq edilməsi Polada bəlli idi.

Ancaq buna göz yummaq lazım gəlirdi.

Cəbhəyə aparılmış insanların uşaqları ya qadınlarının, ya da yaşlı qoca atalarının öhdəsinə buraxılmışdı.

Əldə edilən məhsul – biçilən taxıl, yığılan qarğıdalı az qala son dəninə kimi tədarükə verilirdi, əkin-biçinin əziyyətini çəkən camaata əmək gününə bölünən dilənçi payı isə ancaq yarımac dolanmağa, daha doğrusu ölməməyə çatırdı. İndi payız mövsümüdür, bağ-bostanda məhsul var.

Camaat öhdəsinə buraxılmış tifilləri yedirtmək üçün Əlinin gözündən oğurlanıb gecələr bostandan qarpız-yemiş, ya da bir neçə baş qarğıdalı aparıb onların qarnını doyura bilir, qişda necə olacağı isə bəlli deyil.

Ağır illər idi.

Artıq qaranlıq düşmüşdü. Poladla Əli gündüz sözləşdikləri kimi idarənin qarşısında görüşdülər.

Polad Əlini gecə gəzintisi fikrindən daşındırmaq məqsədiylə dilə tutmağa başladı.

Ancaq onu şübhələndirməmək üçün bunu çox ehtiyatla edirdi.

Əks halda Poladın nəyisə bildiyi və gizlətdiyi üçün gəzintiyə çıxmaqdan boyun qaçırdığı şübhəsi yarana, onsuz da bir yolla onu başından eləmək üçün fürsət axtaran Əliyə fürsət vermiş olardı.

Poladın "yorğunluq", "evdə gözləyən arvad-uşaq", "sabah tökülüb qalan bir yığın görülməli iş" bəhanələri Əlini nəinki fikrindən daşındırmadı, hətta bu söhbətdən sübhəyə düşüb daha da təkid etməya başladı.

Artıq dil tökməyin fayda vərməyəcəyini, əksinə bu inadkar adamı daha da qızışdıracağını görən Polad razilaşmalı oldu.

Onlar birlikdə kəndin boş, sakit küçələriylə üzüyuxarı köhnə dəyirmanın arxasındakı sulu yerdə salınmış bostana tərəf yol aldılar.

Sərin payız gecəsi, kövşənlərdən qalxan xoş nəmişlik qoxusu, gecə olmasına baxmayaraq, ayın hər tərəfi süd kimi ağappaq nura boyaması, gecənin sakitliyi adamda xoş ovqat yaradırdı.

Polad addımlarını yavaşıdıb onsuz da könülsüz çıxdığı bu gecə gəzintisindən aralanmaq, sinədolusu təmiz havanı ciyərlərinə çəkib, heç olmazsa, gündüzün əzginliyini canından çıxartmaq üçün ətrafı seyrə dalmaq, yol boyu şırıltıyla axan kiçik arxın kənarında oturub ayın işığını əks etdirən sərin suda əlini yumaq, dincini almaq istəyirdi.

Əlini isə, deyəsən bunlar qətiyyən cəlb etmirdi. Başını aşağı salıb, əli çiynindən asdığı beşatılanın qayışında dayanmadan gedirdi.

Arabir ayağındakı uzunboğaz xrom çəkkmələrinin dabanlarının bir-birinə dəyməsi, ayaqlarını güclə süruyub arxasinca çəkməsi yorğun olduğundan xəbər verirdi.

Amma buna rəğmən addımlarını bir an da yavaşıtmadan, az qala yüyürəcəkmiş kimi yeyin addımlarla gedir, sanki bostana tez çatmaq, yagmaya gəldiyini hiss etdiyi oğrunu tez yaxalamaq üçün hadisə yerinə çatmağa can atırdı.

Hər ikisinin ürəyinə dammışdı ki, kimisə gecənin bu saatında aranın sakit olmasından istifadə edərək oğurluğa çıxıb.

Odur ki, Polad yoldaşini heç olmasa azacıq ləngitmək və bəlkə bir-iki qovun-qarpiz apara bilmık ümidiylə evdən çıxmış kənd əhlinin işini tez bitirib oradan uzaqlaşması üçün az da olsa, vaxtı uzatmaq məqsədiylə ona səsləndi.

- Ayə, yorğunam, güclə yeriyirəm. Bir az asta yeri, məni də gözlə. Bilmək olmaz nə olduğun, tək getmə.

Bu sözdən sonra Əli addımlarını bir az yavaşıdıb geriyə döndü və sınayıcı nəzərlərlə ayın işığında Poladın aydın sezilən üzünə baxıb;

- "Sən niyə yerişinə bir az haram qatmırsan? Nədi, gündüzdən yolladığın adam hələ işini görüb, çıxıb getməyib?" dedi və yenidən eyni tərzdə yoluna davam etməyə başladı.

Bəli, Əli Poladın düşündüyündən də huşyar idi və sanki Poladın fikrlərini oxuyurmuş kimi içindən keçənləri hiss etmişdi.

Bundan sonra nəsə söyləmək onun şübhələrini daha da artırmaq deməkdi.

Polad bir söz demədən onu izləməli oldu.

Bir neçə dəqiqədən sonra onlar artıq dəyirmanin qarşısındakı keciddən keçib bostanın çəpəri önünə çatdılar.

Keçiddən keçərkən Poladın çör-çöpü ayaqlayıb şaqqıltı salması, quru böyürtkən kollarına toxunub qurumuş yarpaqları xışıldatması Əlinin içində hələ idarənin qabağındakı mükalimədən sonra yaranmış şübhəni bir az da artırdı.

Bu onun bir neçə dəfə qayıdıb çəpəki nəzərlərlə Poladı süzməsi və dərindən nəfəs alıb başını bulamasından bəlli olurdu.

Artıq onda qəti bir fikir yaranmışdı ki, bostanda oğru var və hesabdar həmin oğurluqdan xəbərdardır, ona görə də qəsdən belə edir ki, oğru səsi eşidib aradan çıxa bilsin.

Əli əyilərək çəpərin dibiylə dəyirmanin arxa tərəfindəki nisbətən hündür yerə qalxıb bostana göz gəzdirməyə başladı.

Poladın, elə Əlinin də şübhəsi doğru çıxmışdı – tağların arasında kiminsı əyilib qalxması ayın işığında açıq-aydın görünürdü.

Bu, Əlinin iti nəzərlərindən yayınmadı.

Dərhal tüfəngi çiynindən siyirib qaraltını nişan aldı.

Deyəsən, məqsədi adamı elə tağların arasındaca güllələmək, "kolxozun əmlakını dağıdan əliyərini ifşa edib zərərsizləşdirdiyini" sabah bütün rayona yaymaq idi.

Polad bir an belə vaxt itirmədən tufəngin lüləsindən yapışıb aşağı endirdi və artıq özündən asılı olmayaraq ucadan hirsli bir tərzdə;

-"A kişi, neynirsən, nə bilirsən ordakı kimdi? Bəlkə elə doğma qardaşındı, qardaşını gülləliyəssən? Bundan əlinə nə keçəcək? Qoy bir görək kimdi dəə..!" dedi.

Bu səsə tağların arasındakı adam duyuq düşməyə bilməzdi. Amma nədənsə qaçmaq fikri yox idi.

Bəlkə də qaçmağa taqəti olmadığından tağların arasında dayanıb ona yaxınlaşan Əliylə Poladı gözləməyə başladı.

Bu, kənddə hamının Qoşun kişi kimi tanıdığı yaşlı bir adam idi.

Müharibəyə aparılmış qardaşının və özünün səkkiz nəfərlik ailəsini dolandırmaq məcburiyyətində qalmış qocanı kənddə hamı ən ziyansız, zəhmətkeş və xeyirxah biri kimi tanıyırdı.

Aclığın, qitlığın üzü qara olsun.

Evdə acından rəngi bozarmış övladına, qardaşının balalarına baxıb oğru olmamaq mümkün deyildi.

Heç olmazsa, bir-iki şirin qovun-qarpız suyu acından bənizi solmuş uşaqlara taqət verər, ömürlərini bir gün də uzadardı.

Yaşının ahıl vaxtında bu insanı oğurluğa vadar edən kefiköklük yox, evdə ac buraxıb gəldiyi külfəti idi.

Bunu hamı bilirdi, Əli də bilməmiş deyildi. Amma belə şeylər onun ürəyini çətin yumşaldaydı.

Bu dəqiqə onun içi kin və nifrətlə dolu beynində nə planlar cızılırdı bunu, heç kim bilə bilməzdi.

Əlində xurcunun bir tayını tutub donmuş vəziyyətdə qalan Qoşun kişiyə yaxınlaşan Əli, tüfəngin qundağıyla onun sinəsinə vurub,

- "Ayə, kopayoğlu, qurumsaq, neçə vaxtdi məni girinc eləmisən! Taxıl demədin, qarğıdalı demədin daraşıb daşıdın xarabana, indi də bostana dadanmısan? Ə, bəs bilmirsən "oğurluqla qəhbəliyin ömrü qırx gün olar"? Polada işarə edərək: "Bu qoymadı, gərək səni elə burdaca uzadaydım bu tağların arasına. İndi sənin başına bir oyun açım ki, ölüm onun yanında toyagediləsi olsun. Düş qabağıma!"

Polad məsələni heç olmazsa yüngül cəza ilə yoluna qoymaq istədiyindən bu dəfə artıq yalvarıcı bir tərzlə Əlini dilə tutmağa başladı :
- Ay Əli, səni and verirəm allaha, ölənlərinin goruna burax getsin bu kişini. Bunun vəziyyətini bilirsən. Öhdəsində bir çətən külfət var, hamısı da əlsiz-ayaqsız uşaqlardılar. İndi bir işdi görüb, bilməyib, buxar çıxsın getsin. Bunu tutacaqlar, o usaqlar da başsız qalacaq. Vəziyyətləri də ağırdı, bu kişi getsə, elə bil onların hamısının başın kəsmisın. Burax getsin, bir töhmət yazarıq, ağlı başına gələr.

- "Nə buraxmaq? Bunu buraxım, sabah o biriləri de dadansın bağa-bostana? Bunun gönün soymasan, o birilərinə dərs olmaz. Sən qarışma Polad!"

Sonra Qoşun kişiyə "Ə, düş qabağıma!", deyib tüfəngin ucu ilə çiynindən irəli itələdi.

Qoşun kişi öndə, arxasınca tüfəngini tutuqlunun peysərinə dayamış Əli, ardınca da Polad kişi tagların arasıyla dəyirmana tərəf üz tutdular.

Əli tağların arası ilə qarşısında hərdən bürdəyə-büdrəyə lal-dinməzcə addımlayan Qoşunu şikardan aslan ovlayıb geri qayıdan ovçu kimi əməlindən razı halda izləyirdi.

Poladin bəlkə onu birtəhər yola getirmek uçun yalvar-yapiş etməsi elə bil qulagina çatmirdi.

- Ayə, vallah yaxşı iş görmürsən. İndi bunu aparıb təhvil verəssən tutacaqlar, əlli-ayaqlı gedəcək, o uşaqlar da qalacaq çöllərdə, başsız. Elə bilirsən buna görə camaat sənə ”bərəkallah” deyəcək? Gəl tök daşı ətəyindən, bir işdi eləyib, eləməmiş olsun, burax çıxsın getsin evinə-eşiyinə!

Deyilənlər elə bir daş-divara dəyib yenidən Poladın üstünə qayıdırdı.

Deyəsən, Əlini xoşluqla fikrindən daşındırmaq mümkün olmayacaqdı, nəsə başqa şey fikrləşmək lazım gəlirdi. Amma nə?

Nə etməli ki, özünü də bu qansızın girinə verməmək, amma fəqir qocanı bu ilanın əlindən alıb buraxmaq mümkün olsun!

Polad çıxılmaz vəziyyətədə qalmışdı: vicdanı övladları üçün oğurluğa əl atmalı olan yaşlı bir insanın rüsvay edilməsini qəbul edə bilmirdi, bir tərəfdən də Əlidən ona dəyəcək mümkün zərər barədə düşünməyə bilməzdi.

Qoşunun qaçmasına şərait yaratmaqla Əlinin qəzəbinə tuş gəlmək - bunu edərsə oğurluğa şərik olmuş olur.

Oğurluq və ya ona şərik omaq eyni məsuliyyəti doğurur, cəzası da eynidir, hesabdar bunu yaxşı anlayırdı.

Atacağı addım Qoşunun yerində onun olması, tüfəng önündə yarqılanmağa onun aparılması demək idi, buna şübhə ola bilməzdi.

Amma indi bir şey etməsə demək qocanın rusvay edilməsinə şərik olur, ən azı susmasıyla.

Bostanın çəpərindən çıxıb dəyirmanın keçidindən keçdikdən sonra yola düzələn qəribə "dəstə"nin, bir xeyli getdikdən sonra Əlinin Qoşunun boynuna tüfəngin lüləsini toxundurub onu sağa döndərməsiylə haraya istiqamət götürdüyü artıq Polada bəlli oldu – kolxozun idarəsinə tərəf. "Gecənin bu vaxtında idarə bağlı, kimsə yox, bu nə etmək fikrindədir? Bəlkə onu anbara salıb qapısını kilidləyəcək? Elə etsə, yaxşı olar, bəlkə o çıxıb gedəndən sonra gəlib qapını açıb onu buraxa bildim.

Bəs birdən özü də oturub qarovul çəkdi, onda necə olsun?

Bundan nə desən gözləmək olar" fikri Poladın beynindən keçdi.

Bir az da getmiş yenidən dilləndi:

- Ə, neynəmək fikrindəsən? Bu kişini hara aparırsan?

- Aparıram bunu idarənin qabağındakı ağaca bağlayam, sabah hamını yığacam, qoy camaat nəhlət oxuyub üzünə tüpürsün. Sonra da basdıracam dama. Bunu hamıya görk eləyəm gərək!

Demək, Əli bayaqdan yol boyu susmaqla beynində belə bir plan qurubmuş.

Dedisə, demək fikrində tutduğunu edəcək. Artıq vaxt itirmədən nesə etmək lazımdır.

Polad bunu fikrləşib ani bir sıçrayışla Qoşunun boynunun ardına dirənmiş tüfəngin lüləsindən yapışıb yana çevirdi və eyni anda "ə, Qoşun, qaç aradan çix!" dedi.

Bir anlıq donuq vəziyyətdə qalan və artıq süpürləşən Əliylə Polada baxan Qoşun bayaqki süstlüyünə qalıb gəlib yerindən götürüldü.

Deyəsən, o da sədrin belə bir işə qol qoyacağını ağlına gətirməmişdi, ona sadəcə bir-iki yaman deyib buraxacağını düşünmüşdü.

Yanıldığını gördüyündən indi fürsət varkən canını qurtarmaq üçün yaşına uyğun olmayan bir cəldliklə yolun kənarına çəkilmiş qaratikan çəpərin üstündən sıçrayıb adladı.

Bu an gullə açıldı. Ancaq tüfəngin lüləsini əlindən buraxmayan Poladın sayəsində güllə havaya atılmışdı.

Əlini yerə yıxıb dizi ilə sinəsinə sıxan Polad Qoşun gözdən itdikdən sonra onu buraxdı.

Təngnəfəs ayağa qalxan Əli qışqıraraq hədələməyə başladı ;

- Həə, demək belə?! Mən elə belə də bilirdim! Demək, sözləşib onu oğurluğa yollamısan, indi də tutulmağa qoymadın ki, səni də ələ verər? Yaxşı, mən indi sənin başına bir oyun açım, sən də gör!

Bunu deyib tüfəngini çiyninə saldı və üst-başını təmizləyə-təmizləyə evinə tərəf üz tutdu.

Bu hadisədən bir xeyli vaxt keçməsinə baxmayaraq, hələ bir səs-soraq yox idi.

Əli "yuxarı"ya xəbər vermişdisə də, ara sakitlik idi, bu barədə Polada bir şey məlum deyildi.

Qışın ilk ayı idi. Bu yerlərə xas olan şaxtalı bir qış gecəsi işdən gec qayıdan Polad daxmalardan birinin yanından keçərkən səs eşidib dayandı.

Yeraltı qazmadan boğuq qadın səsi eşidilirdi.

Gec saatda hər kəs yatmalı olduğu vaxtda bu səs-küyə bir səbəb olmalıdır.

Qadın sanki kiminləsə süpürləşir, nəyəsə müqavimət göstərirmiş kimi kəsik-kəsik qışqırır, arabir boğuq səslə sanki gücü yetməyən bir yükü qaldırırmış kimi gücənir, nədənsə və ya kimdənsə xilas olmağa can atırdı.

Qeyri-ixtiyari atını saxlayan Polad qəfil yaranmış sakitlikdə kişi səsi də eşidib atdan endi.

Evin sahibəsi əri müharibəyə çağırılmış gənc bir qadın idi.

Anidən eşidilən qışqırtı və ona qoşulan kişi səsi Poladda maraq doğurmaya bilməzdi. Bunu aydınlaşdırmaq lazım gəlirdi.

Atı yaxınlıqdakı çəpərin dirəyinə bağlayan Polad astaca yeraltı damın bacasına yaxınlaşdı.

Daxmanın içərisi zəif çıraq işığında güclə sezilirdi. Yarımqaranlıq daxmada, həqiqətən gənc qadın ona hücum çəkən, zorla özünə tərəf çəkən kişidən xilas olmağa çalışır eyni zamanda yalvarırdı.

- ”Əli, səni and verirəm allaha, qibləyə mənə toxunma“. Qadının tez-tez qeyri-ixtiyari təkrarladığı bu yalvarış içəridə olanın kimliyini bəlli edirdi – bu Əli idi.

Polad gecikmədən damın qapısına yaxınlaşdı, açıb içəri girmək istədi, ancaq qapı arxadan bağlı idi.

Qapiya bayırdan kiminsə yaxınlaşdığı və itələndiyi eşidilməyə bilməzdi.

Odur ki, içəridən gələn səs dərhal kəsildi.

Artıq məlumdur ki, Əli də, qadın da qapının önündə kiminsə olduğundan xəbər tutdular.

Əlindəki qamçının dəstəyilə qapının taxtasını döylcləyən Polad içəri səsləndi: ”ə gəl qapını aç!“.

Əlidən cavab gəlmədi. Qapının arxasında olan şəxsi səsindən tanıyan qadın aramsız yalvarmağa başladı.

- Polad qağa, sən o o qiblədə yatan alagözlü Həzrətabbas məni bunun əlinnən al. Gələn ayaqlarına qurban olum, məni öldür amma burda qoyub getmə.

Bunu deyərkən qadının səsi yenə də sanki boğularaq və gücənərək eşidilməyə başladı.

Hiss olunurdu ki, o qapını açmağa çalışır, Əli isə ona mane olur.

Qapının açılmadığını gorən Polad bu dəfə bir az da ucadan və hirslə səsləndi. „Ə, sənə demirəm, gəl qapını aç! Əli, karsan, eşitmirsən nə deyirəm?“

Bu dəfı də Əlidən səs çıxmadı, əvəzinə qadının yalvarışları, rabitəsiz andvermələri və qapıya hücum çəkərkən ona mane olmağa çalışan Əlinin hıqqıltıları eşidilirdi.

Qapını açmayacağını görən Polad ”Yaxşı, açmırsan, vallah, od vurub damı, da sizi də yandıracam“ deyib, yaxınlıqdakı çəkərdən bir az qaratikan çöpləri gətirib damın qapısının arxasına tökdü.

Bu dəfə qadın içəridən ”Hə, yandır. Sən allah, yandır məni bu rüsvayçılıqdan qurtar, mən razıyam. Od vur, yandır!“ səsi eşidildi.

Qapının önünə nəyinsə qoyulduğunu, şaqqıltı səsini eşidən Əli nəhayət ki, qapıya yaxınlaşıb içəridən dilləndi.

- Ə, Polad nağayrırsan, dəlisən?

- Dəli niyə oluram? Bayaqdan sənə qapını aç deyirəm, özünü eşitməməzliyə vurmusan, qapını yandıracam ki, açıb içəri girib xirtdəyini üzüm. Elə bilirdin, sənin kimi binamusu burda qoyub gedəcəm?

Bu zaman damın qapısı astaca aralandı, Əli bayıra çixmağa macal tapmamış özünü bayıra atan qadın qapının önündə durmuş Poladın ayaqlarina yıxıldı.

- Sənə qurban olum, Polad qağa, nə yaxşı gəldin? Gələn ayaqlarına qurban olum...

Qadına qalxmasını, yığışıb onlara getməsini deyən Polad damın qapısı önündə yazıq görkəm alıb dayanmış Əliyə ”düş qabağıma“ əmri verdi.

Əli bu deyiləni etməyə bilməzdi.

Həm fiziki gücü Poladın əlindən yaxa qurtarmağa imkan vermirdi, həm də elə bir iş üstə yaxalanmışdı ki, qışqır-bağır salmağa cürət etmirdi.

Həmişə amiranə, hərbə-zorba ilə danışan, qəddar və zalım Əlidən əsər-əlamət qalmamışdı, büzüşüb yumağa dönmüşdü.

Deyilənə tabe olmaqdan başqa çarəsi qalmadığını görən Əli başını aşağı salıb Poladın önünə düşdü.

Həmişə kimisə tənbeh olunmağa aparan Əli bu dəfə özü həmin duruma düşmüşdü.

Onlar bir neçə ay öncə Qoşun kişini apardıqları yola buruldular.

Bu dəfə həmin yolu müqəssir kimi Qoşun kişi deyil, Əli gedirdi.

Özü də başını dik tutmuş, məğrur deyil, başı sinəsində məyusluqla...

Əli Qoşun kişiyə güllə sıxdığı həmin yerə çatanda sanki birdən ayılmış kimi geriyə dönüb ”Polad, məni hara aparırsan“ soruşdu.

- Düş qabağıma! Səni aparıram Qoşun kişini bağlamaq istədiyin həmin lənət ağacına bağlamağa. Sabah da camaatı yığacam, qoy hamı üzünə tüpürsün...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG