Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:00

Xalqın siyasətçisi


Viktor Çernomırdin
Viktor Çernomırdin
Rusiyanın sabiq baş naziri Viktor Çernomırdin uzun müddətli xəstəlikdən sonra noyabrın 3-ü səhər 73 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmır.

Çernomırdin qədər keçmiş Sovet Rusiyasında baş nazir postunu tutan ikinci siyasətçi olmayıb. O, Sovet İttifaqı dağılandan sonra ölkəsini çətin dövrdə idarə etməyə kömək edənlərdəndir.

Keçmiş mexanik tarixə dünyanın ən böyük qaz şirkəti - Rusiyanın enerji nəhəngi “Qazprom”un yaradıcısı kimi də düşüb.

Prezident Dmitri Medvedev və Baş nazir Vladimir Putin Çernomırdinin ölümü ilə bağlı bu gün ailəsi və dostlarına başsağlığı verib. Digər siyasətçilər - Çernomırdinin həm dostları, həm də rəqibləri Kremlə toplaşaraq, kommunizmin qoyduğu mirasdan qurtulmaq və bazar iqtisadiyyatını inkişaf etdirməyə yardım edən mərhumla vidalaşıblar.

XALQIN SİYASƏTÇİSİ

Baş nazirin keçmiş müavini Anatoli Çubays Çernomırdin hökumətində işləyənlərdən olub və Rusiyanın ziddiyyətli özəlləşdirmə proqramına rəhbərlik edib:

“O, xalqın siyasətçisi idi. Onsuz bizim xalqımız bu gün o biri dünyada olardı”.

Parlamentin yuxarı palatası - Federasiya Şurasının spikeri Sergey Mironov Rusiyanın “müdrik siyasətçisini” itirdiyini, onun hər zaman “konstruktiv siyasi dialoq” aparmağa hazır olduğunu deyib.

Siyasətçi Vladimir Rıjkov 1990-cı illərdə Çernomırdinlə birgə “Bizim Evimiz Rusiyadır” partiyasında çalışdığı illəri xatırlayır:

“O, qeyri-adi alicənab, həddən artıq məsuliyyətli, xeyirxah, heç bir zaman səsini ucaltmayan bir şəxs idi”.

AFORİZM HƏVƏSKARI


Boris Yeltsin və Viktor Çernomırdin
Darıxdırıcı, sovet sayağı məmur kimi görünən Çernomırdin tez-tez özünün birbaşa və dolaşıq aforizmləri ilə insanları əyləndirirdi. Onun 1990-ci illərin maliyyə islahatları ilə bağlı dediyi ən populyar sözlər - “Biz istəyirdik daha yaxşı olsun, ancaq hər şey əvvəlki kimi alındı” ifadəsidir.

Hakimiyyətdə olduğu dövrdə 1992-ci ilin dekabrından 1998-ci ilin martınadək Çernomırdin keçmiş prezident Boris Yeltsİnin sadiq müşaviri idi.

O, hətta Yeltsin ürəyindən əməliyyat olunan zaman 23 saat ərzində prezidentlik də edib - 1996-cı ilin noyabrında.

1995-ci ildə Yeltsin ABŞ-da səfərdə olanda çeçen yaraqlıları Rusiyanın cənubi Budyonnovsk şəhərində yüzlərlə adamı girov götürmüşdü, həmin vaxt Çernomırdin bütün məsələlərə nəzarəti öz əlinə aldı. O, 5 gün ərzində girovluqda saxlanan 1000-dən artıq adamın azadlığa buraxılması üçün danışıqlar aparıb.

Girovların buraxılmasının qarşılığında Çeçenistanda atəşkəs vəd verib və hücum edənlərin qeyri-sabit respublikaya qayıtmasına şərait yaradıb. Bu addım adi Rusiya vətəndaşları arasında ona hörmət qazandırsa da, Kremlin qəzəbinə səbəb olmuşdu.

Politoloq Rasim Musabəyov isə Çernomırdinin Azərbaycanla bağlı siyasətini yüksək qiymətləndirir. Onun elmi rəhbərinin azərbaycanlı olduğunu deyən politoloq keçmiş baş nazirin Azərbaycanla bağlı insan olduğunu düşünür:

AZƏRBAYCANA BAĞLI İNSAN

Rasim Musabəyov
- O, baş nazir olduğu dövrdə Yeltsin və ətrafı xüsusilə ermənipərəst və ədalətsiz mövqe tuturdular Azərbaycana qarşı. Həmin mövqeni yumşaldan, praqmatik mövqeyə keçirən adam o dövrdə baş nazir olan Viktor Çernomırdin olub. Ələlxüsus neft müqavilələri imzalanan zaman. Rusiyanın XİN-yi sərt bəyanatla çıxış etmişdi ki, bu müqaviləni tanımır, tanımaq niyyətində deyil. Bu mövqeni yumşaldan, müqavilələrə yol açan Viktor Çernomırdin olub. Ona görə o adamı Rusiyanın Azərbaycana yönəlmiş siyasətində müsbət qiymətləndirirəm.

Viktor Çernomırdin 1998-ci ilin martında baş nazirlikdən çıxarılıb. Bir müddət Dövlət Dumasında deputat olandan sonra Çernomırdin 2001-ci ildən 2009-cu ilədək Rusiyanın Ukraynadakı səfiri işləyib. Daha sonra Rusiya prezidentinin MDB ölkələri ilə iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.

Çernomırdinin 2 oğlu və 4 nəvəsi var. Həyat yoldaşı bu ilin əvvəlində vəfat edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG